Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İmtahana «Sahil» metrosunda hazırlaşırdıq» - Mən gənc olarkən Kaspi qəzeti

Professor Nəsib Quliyev: «Təyinatdan 20 gün keçəndən sonra bizə dedilər ki, səhiyyə naziri sizi qəbul edəcək»

 

Tələbəlik vaxtı maddi baxımdan çox çətinlik çəkib. Hətta otaqlarında qızınmaq üçün soba olmadığından imtahana metro stansiyasında hazırlaşdığı vaxtlar da olub. Amma buna baxmayaraq indiki Azərbaycan Tibb Universitetini adlı təqaüd və fərqlənmə diplomu ilə bitirib. Müsahibimiz Səhiyyə Nazirliyi Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Türk Dünyası Pediatrlar Birliyinin prezidenti, Tibb Universitetinin uşaq xəstəlikləri kafedrasının müdiri, ölkənin baş pediatrı, əməkdar elm xadimi, professor Nəsib Quliyevdir.

 

5 yaşlı əlaçı

 

1951-ci ildə Göyçə mahalında dünyaya göz açan müsahibimiz ailədə 6 uşaq olublar. Kasıb və ziyalı ailəsində böyümələrinə baxmayaraq, bütün bacı və qardaşları ali təhsil alıb. Üç qardaş isə həkim olub. 7 yaşlı həmyaşıdlarından fərqli olaraq yazıb-oxumağı tez öyrəndiyindən 5 yaşında 1-ci sinfə gedib. Amma bir aydan sonra məktəb direktoru sinfə daxil olub 5 yaşlı uşağa yaxınlaşır və yaşı az olduğuna görə məktəbə növbəti il gəlməyini məsləhət görür. Təbii ki, bu, yazıb-oxumaq həvəsində olan balaca Nəsibi kədərləndirir. Amma ibtidai sinif müəllimi Əli Süleymanov onun “dadına çatır”. Direktora deyir ki, “vallah, bu sinifdə Nəsibdən yaxşı oxuyan yoxdur”. Buna əmin olmaq üçün direktor onu lövhənin qarşısına çıxarır. N.Quliyev bütün sualları cavablandıraraq birinci sinifdə oxumağa davam etdir. Hətta rəhbərliyin məktəbdən yarımçıq çıxarmaq istədiyi uşaq orta məktəbi qızıl medalla bitirir.

 

“Müəllim, Allahınız varmı?”

Həkim olmasının tarixçəsindən danışan N.Quliyev 10-11 yaşında anasının ağır xəstəliyə tutulduğunu və bu səbəbdən həkim olmağa qərar verdiyini deyir. Bundan başqa, Göyçə mahalında məşhur Hacı Nağı adlı loğman da onun həkim olmasına təsirsiz ötüşməyib. Hamının Hacı Nağıya hörmət etdiyini görən yeniyetmə özünün də gələcəkdə hörmətli təbib olması istəyilə qərarını daha da qətiləşdirir. Sənədlərini indiki Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə verir. Amma pasportla deyil, yaşı çatmadığına görə universitetə doğum şəhadətnaməsiylə gəldiyinə görə sənədlərini götürmək istəmirlər. Üstəlik, bədən ölçüləri baxımından cılız olması da sənəd götürənlərin şübhəsinə səbəb olur. Atası güclə inandırır ki, oğlu 11-ci sinfi bitirib.

 

Nəhayət sənədlərini Tibb Universitetinə verən 32 medalisti bir otağa yığıb imtahan götürürlər. Onlardan cəmi 4 nəfəri, biri də N.Quliyev olmaqla birinci imtahandan “5” alır. Amma “5”i heç də asanlıqla qazanmır. Bütün suallara cavab versə də, imtahan sədrindən tutmuş üzvlərinə kimi hamı deyir ki, “yaxşı bilirsən, “4” yazaq, çıx get”. Amma müsahibim “daş atıb başını tutur” ki, “4” istəmir: “Uşaq psixologiyası ilə dedim ki, “müəllim, Allahınız varmı, heç olmasa mənə bir neçə sual verin, o sualları bilməyim, ürəyim rahat olsun, sonra 4 yazın”. Bu zaman bəstə boylu, çevik hərəkətli bir insan zala daxil oldu. Hər kəs ayağa qalxdı. Sonradan bildim ki, Tibb Universitetinin o zamankı prorektoru Maqsud Əlizadədir. Mənim bir küncdə oturduğumu görüb kim olduğumu və niyə orada oturduğumu soruşdu. Dedilər ki, bu uşaq bütün suallara cavab verir, qərar verə bilmirik neçə yazaq. Maqsud müəllim məni çağırıb bir az sorğu-sual etdi və dedi ki, “halal olsun sənə”. Komissiya sədrinə də tapşırdı ki, “bu uşağı incitməyin, “5”ni yazın getsin. Bizə belə istedadlı adamlar lazımdır”.

 

“Starosta”nın nə olduğunu bilmədim”

 

O vaxt imtahan cavablarımı eşidən yaşlı bir kişi artıq tələbə adını qazanan N.Quliyevə yaxınlaşıb onun oxuyacağı fakültənin dekanı olduğunu və qayıdıb gələndə onu “starosta” (qrup nümayəndəsi – L.M.) qoyacağını deyir: “Doğrusu, “starosta” sözünün mənasını başa düşmədim. Amma özümü o yerə qoymadım və dedim ki, “necə məsləhətdir”.

 

İctimai-fəal tələbə olan N.Quliyev Tələbə Elmi Cəmiyyətinin və Fakültə Elmi Cəmiyyətinin sədri seçilir. Eyni zamanda, əmisindən öyrəndiyi tar ifaçılığı sayəsində “Şəfa” ansamblına qatılır. Hətta “Çinar” rəqs ansamblı ilə birlikdə SSRİ ölkələrində festivallarda çıxış edir. Tələbə Elmi Cəmiyyətinin xətti ilə də müxtəlif ölkələrdə konfranslara qatılır. Elmi işlərinə görə SSRİ-nin müxtəlif şəhərlərindən institutlarına medallarla qayıdır.

 

“Əlimin dadına görə 2-ci yerdə idim”

 

Tələbəykən 5 il yataqxanada qalan həmsöhbətimiz ən maraqlı günlərinin orada keçdiyini deyir: “Əvvəlcə otaqda 7 nəfər qalırdıq. 3-cü kursdan N.Nərimanov adına təqaüd aldığıma və Tələbə Elmi Cəmiyyətinin sədri olduğuna görə iki nəfərlik otağa köçürdülər. Otaqda 7 nəfər qalanda hər gün tələbələrdən biri yıryığış, bazarlıq edir və yemək işlərinə baxırdı. Hər kəs də çalışırdı ki, bişirdiyi yeməyi otaq yoldaşları bəyənsin. Ən dadlı yeməyi isə otaqda yaşca hamıdan böyük olan İsgəndər İsmayılov bişirirdi. Əlinin dadına görə Nəsib Quliyev ikinci yerdə gəlirdi. Otaqda tez-tez bişirilən xörək isə kartof qızartması və mal əti konservi idi. Üçüncü kursa qədər maddi baxımdan çox çətinliklə qarşılaşdıqlarını deyən N.Quliyev pullarının tez-tez qurtardığını və bu zaman bir-birlərindən təqaüdə qədər borc aldıqlarını bildirdi. Evdən kiməsə pul göndəriləndə isə bütün otaq toy-bayram edərmiş: “Çünki bilirdik ki, həmin adam gedib yaxşı bazarlıq edəcək. Hətta, kartofu da doyunca yeyəcəyik, üstəlik, yanında toyuq əti də olacaq”.

 

“Piyada getdiyimizə görə otaq yoldaşımı don vurdu”

 

N.Quliyev yataqxanada başlarına gələn maraqlı bir əhvalatı da bizimlə bölüşdü: “Səhv etmirəmsə, 1969-cu ilin qışı idi, çox sərt keçirdi. Yataqxanada da şərait ürəkaçan deyildi. Bir gecəni səhərə kimi soyuqdan hamımız ədyala bükülüb oturduq. İmtahan vaxtı idi. Bu vəziyyətdə imtahana hazırlaşa bilməzdik. Qərara gəldik ki, səhər tezdən durub metro stansiyalarından birinə gedək və orada həm canımız qızsın, həm də imtahana hazırlaşaq. Beş nəfər indiki “Sahil” metrosuna getdik və hərəmiz bir skamyada əyləşib əlimizdə kitab imtahana hazırlaşdıq. Oradan qayıdanda artıq gecə 12-yə qalmışdı. Gec olduğundan marşrut da yox idi və keçmiş İnqilab küçəsinə - yataqxanamıza piyada gəldik. Bakıxanov küçəsini keçəndə otaq yoldaşlarımızdan İbrahim donduğundan şikayətləndi. Biz işıq olan yerə yaxınlaşanda gördük ki, həqiqətən də qulağının biri tamamilə ağarıb, don vurub. Bizdən böyük otaq yoldaşımızın məsləhəti ilə İbrahimin qulaqlarını ovxalaya-ovxalaya gəlib yataqxanaya çıxdıq”.

 

“Hansı vəzifəni deyirsənsə, götürəcəyəm”

 

Maddi sıxıntı çəkdiklərinə görə 3-cü kursu qurtaran kimi N.Quliyev 1 saylı, daha sonra 2 saylı Uşaq Xəstəxanasında işləməyə başlayır və maddi durumunu da yaxşılaşdırır. İşləməsinə baxmayaraq N.Quliyev dərslərindən həmişə əla qiymətlər alır, institutu adlı təqaüd və fərqlənmə diplomu ilə başa vurur. Dövlət imtahanını verəndə isə hər dəfə indiki Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, imtahan komissiyasının sədri Kübra Fərəcovanın məhz onun yanında oturub cavablarını dinləməsi həmsöhbətimizi narahat edir: “Amma bütün imtahanlara əla cavab verərək “5” aldım. Sonra Kübra xanım məni yanına çağırdı. Dedi ki, “yəqin mənə nifrət edirsən. Bütün imtahanlarda başının üstünü qartal kimi kəsmişdim, sən də fikirləşirdin ki, bu, məndən nə istəyir?”. Mən utandığımdan demədim ki, doğurdan da belədir”.

 

Sonra Kübra xanım həmsöhbətimizə imtahanlarda şəxsən oturmağının səbəbini açıqlayıb. O, dekandan institutda “təbii əlaçı” olub olmadığını soruşub. N.Quliyevin adını veriblər. Kübra xanım da buna şəxsən şahid olmaq istəyib: “Kübra xanım dedi ki, “hər şeyə əmin oldum və sənə təklif edirəm ki, bizim instituta gəl, hansı vəzifəni deyirsənsə, qanuni də, qanunsuz da olsa, səni götürəcəyəm”. Çox sevindim, amma dekanlıqdan mənə dərs keçən müəllimlərdən biri dedi ki, qətiyyən ora getməyim. Çünki orada işləyənlərin hamısı xanımlardır, rayona getməyə kişi xeylağı tapmırlar. Müəllim dedi ki, mən ora gedən günün sabahı rayona göndərəcəklər. Bu, məni qorxutdu və oraya getmək fikrindən daşındım”.

 

“Gözüm qorxduğundan səsimi çıxarmadım”

 

İnstitutu bitirəndə rektor və dekan Səhiyyə Nazirliyinin Kadrlar İdarəsinin rəhbəri Sürəyya Kazımovaya institutu adlı təqaüdlə bitirdiyinə görə N.Quliyevi Bakıda saxlamaq istədiklərini deyiblər: “Sürəyya xanım isə etirazını bildirdi ki, istedadı varsa, qoy gedib ucqar rayonda işləsin. Məni Quba rayonuna yazdılar. O vaxt hər il tibb institutunu 1300 nəfər bitirirdi. Onların içərisində cəmi 5 nəfər adlı təqaüd alırdı. Təyinatdan 20 gün keçəndən sonra bizə dedilər ki, səhiyyə naziri 5 nəfər adlı təqaüd alanı qəbul edəcək. Onun qəbulunda olduq və bizə bildirdi ki, “siz bizim qızıl fondumuzsunuz, hara istəyirsiniz, ora da təyinat verəcəyik. Mən Elmi Tədqiqat Pediatriya İnstitutuna, Kübra xanımın yanına getmək istədiyimi deyə bilərdim, amma gözüm qorxduğundan səsimi çıxarmadım və təyinatımı indiki Elmi Cərrahlıq Mərkəzinə verdilər. O zaman mən uşaq reanimotoloqu kimi fəaliyyətə başladım”.

 

Təyinatını alandan sonra Kübra xanım N.Quliyevi çağırıb incikliyini bildirir. Amma tale elə gətirir ki, 11 illik Moskva həyatından sonra 1993-cü ilin sonlarında N.Quliyev Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutuna gəlməli olur və 1994-cü ildən bu günə kimi orada direktor vəzifəsində çalışır: “Allaha çox şükür ki, o vaxtkı böhran vəziyyətindən fərqli olaraq bu gün ölkə rəhbəri və səhiyyə nazirinin böyük dəstəyi ilə institutumuzda hər şey yeniləşdirilərək ən müasir tələblər səviyyəsində tamamlanmaq üzrədir”.

 

Lalə MUSAQIZI

30/04/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013