Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Məzuniyyətdən sonrakı depressiya

30 iyun 2008

 

İşə çox bağlı adamların məzuniyyətdən qayıdarkən adaptasiyası daha çətin keçir

 

Məzuniyyətə ən çox ehtiyacı olanlar elə təzəcə məzuniyyətdən qayıdanlardır”. İlk baxışdan absurd görünən bu fikir əslində boş sözlər deyil. Alimlər bunu onunla izah edirlər ki, istirahətdən, sərbəstlikdən, səyahətdən, yeni təəssüratlardan sonra ciddi iş rejiminin çərçivələrinə sığmaq çox çətin olur. Həkimlər müşahidə ediblər ki, istirahətdən qayıdanların bir çoxu üçqat enerji ilə işə girişməkdənsə, özlərini pis hiss etməkdən şikayətlənirlər. Psixoloqlar isə belə hallarda “Məzuniyyətdən sonrakı depressiya (MSD)” diaqnozu qoyurlar.

 

Simptomlar

 

Düşkün əhval-ruhiyyə, apatiya, fikrin dağınıq olması, yuxululuq, üzgünlük. Bəzi insanlarda isə əks reaksiya müşahidə olunur: onlar durmadan məzuniyyət təəssüratlarını öz iş yoldaşları ilə paylaşır və işə başlamaq məqamını hər vəchlə ləngidirlər. Yəqin ki, bu sətirləri oxuyarkən bir çoxları öz davranışını xatırladı. Təəccüblü deyil, çünki MSD tez-tez rast gəlinən haldır və onun səbəbləri də bəllidir.

 

MSD-nin mümkün səbəbləri

 

Bir sıra hallarda bir rejimdən digərinə keçidin asan və ya çətin olması məzuniyyətin müddətindən asılıdır. Maraqlıdır ki, istirahətin optimal müddəti barədə ekspertlərin fikirləri kəskin fərqlənir. Bəziləri belə hesab edirlər ki, məzuniyyətdən sonra iş rejiminə adaptasiya olunmağa çətinlik çəkənlər yalnız o adamlardır ki, onlar iki həftə və ondan artıq istirahət edirlər və beləliklə də, əmək fəaliyyətləri ilə əlaqəni itirirlər. Bu halda məzuniyyətdən qayıdanı ilk iş günündə özlüyündə çox ciddi stress olan üst-üstə qalaqlanmış işlər gözləyir.

 

Lakin buna əks olan fikir də mövcuddur. Belə ki, bəzi mütəxəssislər MSD-ni yarımçıq istirahətlə əlaqələndirirlər. Çox da uzaq olmayan sovet dövründə məzuniyyəti bir neçə hissəyə bölmək praktikası indiki kimi geniş yayılmamışdı və yalnız müstəsna hallarda rast gəlinirdi. Ardıcıl olaraq bir ay məzuniyyətdə olan əməkdaş həm tam, keyfiyyətli istirahət edirdi, həm də hətta işdən ötrü darıxırdı da. İndi isə birdəfəyə istirahət əksər hallarda iki həftədən uzun çəkmir. Belə qısamüddətli məzuniyyətdən sonra işə başlamağı orqanizm zorakılıq kimi qəbul edir, buna görə də uyğunlaşma mərhələsi tələb olunur. Özü də bir sıra hallarda orqanizm öz istirahət hüququ uğrunda özünəməxsus qaydada – xroniki xəstəliklərin kəskinləşməsi ilə mübarizə aparır.

 

İstirahətdən sonra əmək qabiliyyətinin bərpa olunmasında insanın temperamenti də əhəmiyyətli rol oynayır. Məsələn, enerjili xolerik iş rejimindən istirahətə, istirahətdə işə çox asanlıqla keçir. Tam dincəlmək üçün ona bir həftə də bəsdir, daha uzunmüddətli məzuniyyət onu bezdirir. Buna görə də xolerik temperamentli insanlar məzuniyyətlərini hissə-hissə götürsələr yaxşıdır. Astagəl fleqmatiklər və hissiyyatlı melanxoliklər uzun müddət (məsələn, bir ay) və əsaslı şəkildə dincəlməlidirlər. Onlara məzuniyyəti birdəfəlik götürmək məsləhətdir. Fleqmatik və melanxoliklərin istirahətdən işə qayıtması da çətin olur. Xüsusən, əgər yaxşı dincələ bilməyiblərsə, onlar tam gücü ilə işə başlaya bilmirlər. Bəzi sanqviniklərə isə illik məzuniyyət ümumiyyətlə gərək olmaya bilər. Belələrinə işdən dincəlmək üçün konsertə, yaxud teatra getmək bəs edir.

 

Maraqlıdır ki, işə çox bağlı adamların məzuniyyətdən qayıdarkən adaptasiyası daha çətin keçir. Mütəxəssislər bunu onunla izah edirlər ki, güclü məsuliyyət hissi belə insanlara tam boşalmağa, sərbəstləşməyə imkan vermir. Onlar hətta iş yerindən çox uzaqlarda da fikrən işdən tamamilə azad ola bilmirlər. Bunun nəticəsində isə gərginlik və yorğunluq üst-üstə gəlir. Xüsusən də, iş adamlarında və biznes menecerlərində bu hala daha tez-tez rast gəlinir. Bu cəhətdən, müqavilə ilə müvəqqəti işləyənlərin vəziyyəti daha yaxşıdır. Belə çıxır ki, məsuliyyət hissi nə qədər az olsa, insan özünü məzuniyyətdə və məzuniyyətdən sonra bir o qədər yaxşı hiss edir.

 

Məzuniyyətdən sonrakı depressiyanın insanın cinsindən asılı olması artıq təsdiq edilib. Məlumdur ki, qadınlar kişilərə nisbətən daha plastik psixo-emosional sistemə malikdirlər. Buna görə də stresslərdən və psixoloji travmalardan sonra zərif cins nisbətən tez, güclü cins isə daha gec özünə gəlir.

 

Ağır MSD insanın öz işini sevməməsindən də irəli gələ bilər. Maraqlıdır ki, bir çoxları məhz bu zaman işi dəyişməyə çalışır. Begin Group şirkətinin məlumatına görə, işdən çıxmaq haqqında ərizələrin 80%-i məzuniyyətdən sonra yazılır. Sənətinə, işinə bağlı adamlar üçün məzuniyyətdən qayıtmaq daha asan başa gəlir. Bir çoxları hətta bu “məcburi fasilənin” başa çatmasını səbirsizliklə gözləyirlər. Amma işi ürəyincə olmayanlar geri dönüşü ağır keçirirlər. Özü də burada əsas problem iş yeri yox, iş tərzidir. İş yerinin eyni qəbildən olan başqa idarə ilə əvəz edilməsi problemi həll etmir. Stabil gəlirdən imtina edərək, bilinməyən istiqamətdə addım atmağa isə hər kəs ürək eləmir. Burada düşünüb-daşınaraq, şüurlu seçim edilməlidir: əvvəlki həyat tərzinə davam edərək, sevmədiyin işə dözmək, ya da həyatını dəyişmək qərarına gələrək, yeni variantlar axtarmaq.

 

MSD-nin digər səbəbləri

 

MSD-nin bir sıra başqa səbəbləri də ola bilər. Məsələn, məzuniyyətin evdə təmirə sərf edilməsi, dəbdə olan, amma iqlimi konkret insana düşməyən kurortda istirahət, məzuniyyət zamanı işləmək məcburiyyəti (məsələn, kompyuterdə iş, İnternetlə yazışmalar, yaxud telefon məsləhətləşmələri), bioloji ritmlərin dəyişməsi və s.

 

Məzuniyyətdən qayıdan adamın vəziyyəti rəhbərliyin ona münasibətindən də asılıdır. İstirahətdən geri dönən adamı elə ilk gündəcə hədsiz “yükləmək” işçinin depressiv vəziyyətini daha da ağırlaşdırır. Psixoloqlar müəssisə rəhbərlərinə məsləhət görürlər ki, işçinin məzuniyyətdən geri qayıtmaq gününü ya cümə axşamına, ya da cümə gününə salsınlar. Bu halda o, bazar ertəsinədək adoptasiya olunur, növbəti həftəni isə tam gücü ilə çalışır. İşçi məzuniyyətdən bazar ertəsi qayıdanda isə uyğunlaşmaya tam bir həftə sərf olunur.

 

MSD-dən necə qorunmaq olar?

 

 

Mənbə: www.greenmama.ru

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013