Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

32 milyard dollarlıq saxtakarlıq

32 milyard dollarlıq saxtakarlıq

Saxta dərmanlar hər il dünyada 1 milyondan artıq adamın ölümünə səbəb olur

 

Hər 4 gündə Avropada gömrük işçiləri tərəfindən 1 milyondan artıq saxta mal müsadirə olunur. Bu, gün ərzində təxminən 300 min, saatda 12 min, dəqiqədə 200, saniyədə isə 4 müsadirə deməkdir. Bu faktlar fevralın 8-9-da Bakıda keçirilən «Saxta dərmanlara qarşı mübarizə üzrə beynəlxalq konfrans»da Ümumdünya Gömrük Təşkilatının (ÜGT) nümayəndəsi Kristof Zimmermannın çıxışında səsləndi. «Saxta dərmanlar ölümə aparır» şüarı altında keçən konfransın işində 10 beynəlxalq təşkilatın, o cümlədən ÜGT-nin, İqtisadi Əməkdaşlıq Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının, Ümumdünya Əqli Mülkiyyət Hüququnun Qorunması Təşkilatının, İnterpolun və 21 ölkənin gömrük xidmətinin nümayəndələri iştirak edirdi. Azərbaycan tərəfini toplantıda Gömrük Komitəsi, Səhiyyə Nazirliyi və digər rəsmi orqanların və ictimai təşkilatların nümayəndələri təmsil edirdi.

 

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev saxta dərmanlarla mübarizədə gömrük orqanlarının rolunu xüsusi qeyd edərək, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğuladı.

 

ÜGT-nin baş katibi Mişel Dane öz çıxışında forumun aktuallığını qeyd edərək, saxta dərmanlara qarşı mübarizədə birgə səylərin sonda real nəticələr verəcəyinə əminliyini bildirdi: «Toplantı MDB ölkələri üçün həyati əhəmiyyət daşıyır, çünki yalançı dərmanların əsas hissəsi məhz bu dövlətlərin ərazisində yayılır. Hərçənd, onların bəzilərində saxta dərmanlarla mübarizə, məsələn, pirat filmlərə qarşı tədbirlərdən daha zəif təşkil edilib. Saxta dərmanların törətdiyi təhlükə bəlkə də ilk baxışdan görünmür. Bu ona bənzəyir ki, binanı tikinti üçün yaramayan materiallardan tikəsən. Bəlkə də bina bir müddət yerində dayanar, amma günün birində qəflətən çökər. Eləcə də saxta dərmanlar insan orqanizmini daxilən dağıdır».

 

ÜGT-nin nümayəndəsi Kristoff Zimmermann «Üzləşdiyimiz təhlükələrə uyğun qlobal gömrük cavabı: ÜGT-nin yeni təşəbbüsləri» mövzusunda məruzəsində məlumat verdi ki, «Gömrük işçiləri dünyada mövcud olan 400 milyon konteyneri seçməkdə və araşdırmaqda böyük çətinlik çəkir. Çünki saxta məhsullar istehsal edən şirkətlər və ya şəxslər tətbiq etdiyi üsulları, metodikaları mütəmadi olaraq inkişaf etdirir. Mövcud vəziyyətə qarşı biz də öz risk analizimizi, taktikamızı dəyişməliyik. Bunun üçün bütün iri limanlarda həqiqi mütəxəssislər, ixtisaslaşdırılmış gömrük əməkdaşları olmalıdır. ÜGT-yə üzv ölkələrin hər biri bu işi həyata keçirə bilər. Xüsusi risk analizi qrupları olan ölkələrdə saxtakarlığa qarşı mübarizənin nəticələri həmişə müsbət olur.

 

Hazırda saxta dərman istehsalçılarının gizlətmə metodları da genişlənib. İş o yerə çatıb ki, «Viaqra» həbləri adi kukla və oyuncaq ayıların içərisində tapılıb. On il öncə bu üsulla narkotikləri sərhəddən keçirirdilər, indi isə «Viaqra» həblərini gizlədirlər».

 

K.Zimmermann bir vacib məqama da toxundu: «ÜGT-nin 2007-ci ilin iyul ayında hazırlanacaq fəaliyyət planında çox maraqlı və vacib məsələlər, müəyyən standartlar təklif ediləcək. Biz bütün ölkələrin ən mütərəqqi təcrübələrindən, özünü doğrultmuş praktik üsullardan istifadəni nəzərdə tutmuşuq. Fəaliyyət planını 6 hissəyə bölmüşük. İlk növbədə konvert üsulu üzərində işləyəcəyik. İkincisi, risk amillərinin təhlilini aparacağıq. Üçüncü əsas məsələ statistikadır. Əgər biz bu və ya digər məhsulun mahiyyətini bilmək istəyiriksə, imkan daxilində müəyyən statistik məlumatlar əldə etməliyik. Dördüncü səy təhlükəsiz məlumat şəbəkəsindən istifadədir. Bu sahədə Almaniya tərəfindən təşəbbüs irəli sürülüb. Digər məsələ qanuni istehsalçı ilə daha geniş əməkdaşlıq etməkdir. Planın altıncı hissəsi isə beynəlxalq səviyyədə əməkdaşlığın artırılmasına çalışmaqdır. Saxta məhsulların istehsalı ilə məşğul olan işbazlar əqli mülkiyyətə böyük əhəmiyyət verməyən ölkələri daha çox seçirlər. Gömrük orqanlarına elə mandat verilməlidir ki, əqli mülkiyyəti pozacaq malları daha geniş nəzərdən keçirə bilsin. Digər vacib məsələ isə əqli mülkiyyətə dair hüquqlara və prosedurlara müdaxilə etmək imkanının genişləndirilməsidir. Bizim sazişə əsasən, ÜGT idxalata nəzarət edə bilər. Ancaq biz ÜGT-yə üzv 121 ölkədə patentləri yoxlaya bilmirik. Buna görə də gömrük nişanlarının ixracatını, idxalatını, anbarların patentlərini və hüquqlarını yoxlaya biləcək standartlar təklif edəcəyik. Əgər gömrük orqanlarının hər yerdə yoxlama aparmaq imkanı olsa, sözsüz ki, vəziyyət müsbət istiqamətdə dəyişəcək. Hazırda ÜGT gömrük orqanlarının səlahiyyət dairəsini genişləndirməyə çalışır. Bizim bağladığımız hər bir beynəlxalq sazişdə, ilk növbədə, saxtakarlığa qarşı mübarizəyə dair birgə müddəalar olmalıdır» Dünya üzrə saxta dərmanların illik dövriyyəsi 32 milyard dollar təşkil edir. Bu rəqəmləri açıqlayan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xurşud Ənvərin sözlərinə görə, bir sıra ölkələrdə saxta dərmanlar ümumi dərman dövriyyəsinin 10 %-ni, bəzilərində isə hətta yarısını təşkil edir. «Dərmanların saxtalaşdırılması hər il dünyada 1 milyondan artıq adamın ölümünə səbəb olur. Özü də yalançı dərmanların 60 %-i inkişaf etmiş dövlətlərdə istehsal olunur, amma inkişaf etməkdə olan ölkələrin bazarlarında satılır». Lakin Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumata əsasən, 27 ölkənin statistik rəqəmlərinin təhlili saxta dərmanların 60 %-nin Çindən gətirildiyini göstərib. ÜST nümayəndəsi Çinlə yanaşı Rusiyada, Ukraynada, Türkiyədə, Braziliyada, Çilidə, Nigeriyada, İtaliyada da belə preparatlar istehsal edən müəssisələrin fəaliyyə göstərdiyini bildirdi.

 

 

SAXTA DƏRMAN İSTEHSALINDAN İLDƏ MİLYARDLARLA DOLLAR QAZANIRLAR

 

Ən iri əczaçılıq şirkətlərindən biri olan «Pfizer»in nümayəndəsi David Kuper isə «Yeni saxtakarlıq yolları: Əczaçılıq sənayesindən dəlillər» mövzusunda çıxış etdi.

«Bizi dünyaya tanıdan məşhur məhsullardan biri məhz «Viaqra»dır. Buna həyat tərzini təmin edən dərman deyirlər. Nitqimin əsas məğzi isə mütəşəkkil cinayətkarların həmin dərmanları saxtalaşdıraraq, onların istehsalı və satışından faydalanması problemidir.

 

İşbazlar insanları saxta həblər almağa şirnikləndirmək üçün hər cür vasitəyə əl atırlar. Onların istehsal etdiyi dərmanlar həqiqi həblərdən fərqlənmir. Ağıllı işbazlar dərmanların zahirən orjinaldan fərqlənməməsi üçün onları yüksək professionallıqla saxtalaşdırırlar. Hətta bir çox halda biz də həblərin saxtalığını ancaq laborator analizlər vasitəsilə müəyyən edirik. Belə həblər insanlara ən yaxşı halda heç bir təsir göstərmir, pis halda isə öldürə bilər.

 

Dünya miqyasında saxta məhsulların istehsalı ilə məşğul olan şirkətlər və ya şəxslər siqaretdən ildə 20 milyard, narkotiklərdən 50 milyard dollar pul götürürlər. Təəssüf ki, saxta dərmanlar qazanc mənbəyi kimi daha sərfəlidir. Saxta dərmanlar istehsal edən biznesmenlər narkotik alverçilərindən çox qazanc əldə edirlər. Artıq narkotik, saxta siqaret istehsalı, film və musiqi piratçılığı ilə məşğul olanlar da saxta dərman istehsalına keçib. «Viaqra» istehsalı hazırda cinayətkarlar üçün narkotiklərdən daha sərfəlidir». David Kuper hesab edir ki, bu cür cinayətkar əməllər müqabilində ağır cəza verilsə, nəticə işbazları mütləq düşündürər.

 

İşbazlar hətta kərpic tozundan da saxta həblər hazırlayır, mürəkkəblə rəngləyir, laklayır və insan orqanizmi üçün zərərli digər məhsullardan istifadə edirlər. Saxtalaşdırmanı həyata keçirənlər ağıllı və çox bacarıqlı insanlardır. Təəssüf ki, onlar ağıl və bacarıqlarından bilə-bilə insanları öldürmək üçün istifadə edirlər».

 

RUSİYA SAXTAKARLIQLA MƏŞĞUL OLANLAR ÜÇÜN CƏNNƏTƏ ÇEVRİLİB

 

«Novartis» şirkəti saxta dərman istehsal edən işbazlara qarşı digər əczaçılıq şirkətləri ilə çox sıx əlaqədə fəaliyyət göstərir. Çünki təklikdə müsbət nəticəyə nail olmaq mümkün deyil». Bu fikir «Novartis» şirkətinin nümayəndəsi Andrü Ceksonun «Saxta dərmanların daşınmasında ixtasaslaşan qaçaqmalçılığa qarşı mübarizə üzrə beynəlxalq təşkilatın hesabatı»nda səsləndi. O bildirdi ki, problemin öhdəsindən gəlmək üçün təlimlə məşğul olur, istintaq və müvafiq hakimiyyət orqanları ilə araşdırmalar aparırıq: «Biz saxta həblərin istehsalı ilə məşğul olanları ifşa etmək, onların fəaliyyətinə xitam vermək üçün çalışmalı, hüquq-mühafizə orqanlarının fəaliyyətinə yardım göstərməliyik. Bunun üçün kəşfiyyat qruplarımız, bazara daxil olmaq imkanımız və məlumat şəbəkəmiz var».

«Novartis» şirkətinin on illik fəaliyyəti nəticəsində biz yüzlərlə şübhəli şəxsin həbs olunmasına nail olmuşuq. Dövriyyədən külli miqdarda avadanlıq və saxta dərman çıxarmışıq. 2003-cü ildə apardığımız tədqiqatlara əsasən, Vladivostokda «Novartis» adını daşıyan dərmanların 27%-nin saxta olduğunu aşkarlamışıq.

 

Biz əsasən Hindistan, Çin kimi ölkələri saxta dərman istehsal etdiyi üçün qınayırıq. Rusiyadan gələn təhlükə də həmin ölkələrdən geri qalmır. Hazırda Rusiya saxtakarlıqla məşğul olan işbazlar üçün cənnətə çevrilib. Kolumbiyada 2005-2006-cı illərdə 55 reyd keçirdik. Çində, Hindistanda, Rusiyada keçirilən yoxlamalar nəticəsində 5 min qutu saxta dərman ifşa etməyə nail olduq.

Bu, 18 ayda görülən işin nəticəsi idi. Nəinki bizim şirkətin, rəqiblərimizin də müxtəlif çeşidli dərmanlarının saxtalaşdırılması hallarını ifşa etmişik. Əslində, saxta dərman istehsal edən şirkətlər uzun ömürlü olmur. Bunları yaradırlar, bir gün içərisində müəyyən əməliyyat keçirirlər, sonra isə şirkət ləğv olunur. Beləliklə, bütün izlər itir».

 

5 IL ƏRZINDƏ GÖMRÜK ORQANLARI TƏRƏFINDƏN 119 ADDA SAXTA DƏRMAN SAXLANILIB

 

«Saxta dərman preparatı dövriyyəsinin qarşısını almaq məqsədi ilə xeyli tədbir həyata keçirilsə də, bu sahədə hələ də qanun pozuntuları qalmaqdadır. Odur ki, Çin və Hindistandan saxta dərmanların gətirilməsinin qarşısını almaq üçün Dövlət Gömrük Komitəsi (DGK) həmin ölkələrlə danışıqlar aparmaq qərarına gəlib». Bu barədə «Saxta dərmanlara qarşı mübarizə üzrə beynəlxalq konfransın» ikinci iş günündə DGK-nın sədri Aydın Əliyev məlumat verdi.

 

O, bildirdi ki, bu sahədə gömrük işçiləri ilə yanaşı, istehsalçı və istehlakçılar da səylərini artırmalıdırlar: «Ötən 5 il ərzində ölkəyə gətirilən 119 adda saxta dərman preparatı, o cümlədən 6 milyondan artıq ampula gömrük orqanları tərəfindən saxlanılıb. Saxta dərman preparatları idxalının qarşısını almaq məqsədi ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və digər beynəlxalq təşkilatlarla danışıqların aparılması nəzərdə tutulub. Bununla bağlı saxta dərmanların gətirildiyi ölkələrin səfirliklərinin də köməyindən istifadə ediləcək. Artıq həmin səfirliklərin bəziləri ilə əməkdaşlığa başlamışıq».

 

ÜGT-nin baş katibi Mişel Dane konfransda saxta dərmanlarla mübarizə üsulları ilə bağlı bir neçə təklif paketinin hazırlandığını qeyd etdi. Həmin təkliflər saxta dərmanlara qarşı ölkələr arasında ciddi tədbirlərin görülməsi və bu üsulların tətbiqi üçün elektron təlimlərin keçirilməsi ilə əlaqədardır. Bu sahəyə özəl sektorun maraq göstərdiyini deyən M.Dane qeyd etdi ki, özəl şirkətlər bu təlim modullarının tətbiqini dəstəkləyir. ÜGT-nin hazırda 24 özəl şirkətlə təlim kursları keçirir. Təşkilat bu məsələnin genişləndirilməsi məqsədi ilə yenidən daxili müzakirələrə başlayacaq və təkliflərə baxacaq. Onun sözlərinə görə, saxta dərmanlara qarşı effektiv mübarizə üçün heç bir ölkədə istehlakçı, istehsalçı, hüquq-mühafizə orqanları və gömrük xidmətləri arasında informasiya mübadiləsi aparılmır. Halbuki, bu, prosesin normal getməsi üçün çox önəmlidir.

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirdi ki, saxta malların ölkədə yayılması istehlakçıların bu sahəyə diqqət yetirməməsindən irəli gəlir: «Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi zəif olduğundan, belə mallar bazarda yayılır. Bunun qarşısını almaq üçün ölkədə istehlakçının müdafiəsi siyasəti yenilənməli, bu sahədə qanunvericiliyin tətbiqinə nəzarət artırılmalıdır. AİB bu vaxta kimi 20 minə qədər saxta malın antireklam yolu ilə bazardan çıxarılmasına nail olub».

 

Səhiyyə Nazirliyinə 30 min dollarlıq dərman hədiyyə edildi

 

Tədbirin Bakıda keçirilməsini yüksək qiymətləndirən DGK-nın sədri Aydın Əliyev gömrük xidmətində əməkdaşlığa görə İqtisadi əməkdaşlıq təşkilatının baş katibi Xurşud Ənvər, Türkiyə Gömrük Təşkilatının əməkdaşı Rza Mehmet Qorkmaz, ÜGT-nin Azərbaycandakı regional tədris mərkəzinin rəhbəri Morde Kundro və əməkdaşı Sinev Bənki gömrük xidməti ilə əməkdaşlığa görə, «Gömrük xidməti» medalı ilə təltif etdi. Tədbirin sonunda Dövlət Gömrük Komitəsi Səhiyyə Nazirliyinə 30 min dollarlıq dərman preparatı hədiyyə etdi. Komitə sədri Aydın Əliyev bildirdi ki, rəhbərlik etdiyi qurum ölkədəki hemofiliyalı xəstələrə də 5 min manat yardım ayırıb.

 

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013