Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

10.08.2012

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 180

Bakı şəhəri, 10 avqust 2012-ci il

“Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublika-sının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 313-IVQD nömrəli Qanununun tətbiqi və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanında dəyişikliklər edil-məsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 aprel tarixli 614 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

1. “Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 10 avqust

tarixli 180 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi

 

QAYDASI

 

1. Ümumi müddəa

 

1.1. Bu Qayda “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 313-IVQD nömrəli Qanununun tətbiqi və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 aprel tarixli 614 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrası məqsədi ilə hazırlanmışdır və narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi qaydasını müəyyən edir.

 

2. Dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən narkoloji yardımlar

 

2.1. Dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən narkoloji yardımlar aşağıdakılardan ibarətdir:

2.1.1. insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin səhhətinin qiymətləndirilməsi və ehtiyac olduqda onlara ixtisaslaşdırılmış narkoloji yardımın göstərilməsi;

2.1.2. narkoloji xəstələrin səhhətinin və psixoloji vəziyyətinin qiymətləndirilməsi, narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi (tibbi yoxlama);

2.1.3. narkoloji xəstələrin müalicəsi;

2.1.4. əvəzedici müalicənin tətbiq edilməsi;

2.1.5. narkoloji xəstələr üzərində sonrakı müşahidənin həyata keçirilməsi;

2.1.6. narkoloji xəstələr barədə sosial-psixoloji reabilitasiya tədbirlərinin həyata keçirilməsi.

2.2. Narkoloji yardım alkoqolizm, narkomanlıq və ya toksikomanlıq, abstinent sindromu vəziyyətində olan şəxslərə göstərilir.

2.3. Respublika ərazisində narkoloji yardım Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həkim-narkoloqlar tərəfindən göstərilir.

2.4. Narkoloji yardım göstərilmiş hər bir şəxs barədə müvafiq qeydiyyat aparılır.

 

3. Dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən narkoloji yardımın maliyyələşdirilməsi

 

3.1. Narkoloji yardım xidmətinin təkmilləşdirilməsi və narkoloji yardımın göstərilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

3.2. Dövlət büdcəsinin vəsaiti hesabına narkoloji xəstəliklərin müalicəsini həyata keçirən narkoloji tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

3.3. Dövlət büdcəsinin vəsaiti hesabına narkoloji xəstəliklərin pulsuz müalicəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və onun yerli orqanları tərəfindən həyata keçirilir.

3.4. Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranziti və istehsalı ilə əlaqədar cinayət-hüquq tədbirlərinin tətbiq edilməsi nəticəsində müsadirə olunmuş və dövlət hesabına yönəldilmiş əmlak yalnız narkomanlığın profilaktikasına və narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsinə və sosial reabilitasiyasına sərf edilir.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013