Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Nazirliyin əsas hüquqları

Səhiyyə Nazirliyinin əsas hüquqları

 

Səhiyyə Nazirliyi onun funksiyasından irəli gələn aşağıdakı hüquqlara malikdir:

 

1. Azərbaycan Respublikası əhalisinin sağlamlıq vəziyyətini öyrənmək və bununla əlaqədar respublikada səhiyyənin əsas inkişaf istiqamətlərini müəyyənləşdirmək, xəstəliklərin qarşısını almaq, xəstələnmə, əlillik, və ölüm hallarının azalması, insanların uzunömürlülüyünün təmin olunması ilə bağlı tədbirlər həyata keçirmək;

 

2. Analığın və uşaqların mühafizəsi, ailənin planlaşdırılması üzrə tədbirlər işləyib hazırlamaq, ana və uşaqlara müalicə- profilaktika yardımını təşkil etmək, əlaqədar nazirlik, baş idarə və təşkilatlarla birlikdə qadın və yeniyetmələrin əməyinin mühafizəsi, uşaqların səhhəti, fiziki, gigiyena tərbiyəsi üzrə tədbirlər keçirmək, tabeliyindən asılı olmayaraq məktəbəqədər uşaq müəssisələrində uşaqların səhhətinə nəzarət etmək, uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq;

 

3. Azərbaycan Respublikasının kurort ehtiyatlarını öyrənmək, kurortların, sağlamlıq zonalarının inkişafı üzrə tədbirlərin hazırlanmasında iştirak etmək, kurort amillərindən hərtərəfli istifadə ilə bağlı daha səmərəli metodlar hazırlamaq;

 

4. Məhkəmə təbabəti, məhkəmə – psixiatriya və məhkəmə-narkoloji ekspertizalarının qoyuluşuna rəhbərlik etmək və onların fəaliyyətini təşkil etmək;

 

5. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində tədbirləri təşkil etmək və aparmaq, tibb sahəsində təşviqat və maarifləndirmə fəaliyyətini təşkil etmək;

 

6. Azərbaycan Respublikası ərazisinin karantin infeksiyaları gətirilməsindən və yayılmasından, sağlamlıq üçün təhlükəli ərzaq məhsulları və istehlak malları idxalından sanitariya mühafizəsini təmin etmək;

 

7. Məhsulların məişətdə, xalq təsərrüfatında istehsalı və istifadəsi nəticəsində insan sağlamlığı üçün potensial təhlükə yarada biləcək faktorların qarşısının alınması sahəsində gigiyenik sertifikasiya işini aparmaq;

 

8. Qabaqcıl təcrübənin, tibb elmi və texnikasının nailiyyətlərinin Azərbaycan Respublikasının səhiyyə praktikasına tətbiqini təmin etmək, Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi və Elmlər Akademiyası ilə birlikdə tibb və əczaçılıq sahəsində elmi tədqiqatların aparılmasını istiqamətləndirmək;

 

9. Ali və orta tibb əczaçılıq təhsili mütəxəssislərə olan ehtiyacın qeydiyyatını aparmaq, bu mütəxəssislərin tədris müəssisələrində yetişdirilməsini, eləcə də tibb sahəsində elmi-pedaqoji və elmi kadrların hazırlanmasını təşkil etmək. Səhiyyə müəssisələrini tələbata uyğun ixtisaslı tibbi kadrlarla təmin etmək, həkimlərin, əczaçıların və digər səhiyyə işçilərinin peşəkarlığının yüksəldilməsi üzrə tədbirləri həyata keçirmək;

 

10. Səhiyyə müəssisələrinin və Azərbaycan Respublikası əhalisinin tibb təyinatlı məlumatlara, sanitar avtomobilləri və tibb texnikasına tələbatını öyrənmək və onları təmin etmək;

 

11. Nazirlik sistemində planla görülən işin vəziyyətinə nəzarəti təşkil etmək; Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının şəhər və rayonları və ümumiyyətlə Respublika səhiyyə sistemi üzrə idarə və müəssisələrin perspektiv inkişaf planlarını, ali və orta tibb və əczaçı kadrların yetişdirilməsi, ixtisaslaşdırılması və təkmilləşdirilməsi planını işləyib hazırlamaq;

 

12. Azərbaycan Respublikasının səhiyyə obyektlərinin cari əsaslı tikinti planlarını işləyib hAzıRlamaq və onların razılaşması və təsdiq edilməsi üçün təkliflər vermək;

 

13. Nazirlik sistemində nəzarət-təftiş işini, ilkin qeydiyyat və hesabatı təşkil etmək, tabeliyində olan idarə və müəssisələrin hesabat balanslarını müzakirə və təsdiq etmək, mühasibatlıq işində qeydiyyatının və hesabatın düzgün aparılmasına nəzarəti həyata keçirmək, eləcə də qənaət, dövlət əmlakının qorunması rejiminə riayət və vurulmuş maddi zərərin vaxtında ödənilməsini təmin etmək;

 

14. Dövlət hesabat məlumatlarının toplanması, ümumiləşdirilməsi, dəqiqləşdirilməsi və statistika orqanlarına vaxtında çatdırılmasını təşkil etmək;

 

15. Azərbaycan Respublikasının səhiyyə sistemində ixtiraçılığın və səmərələşdiriciliyin inkişafı işinə rəhbərlik etmək, kəşf, ixtira və səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək;

 

16. Ümumdünya Səhiyyə Təşkilatı, YUNİSEF və digər Beynəlxalq Dövlət və qeyri-dövlət təşkilatları ilə səhiyyənin vacib istiqamətlərində əməkdaşlıq etmək;

 

17. Qabaqcıl tibb və əczaçılıq işçilərini, eləcə də səhiyyənin təşkili işində fəal iştirak edən şəxsləri fəxri fərmanlar və digər həvəsləndirici vasitələrlə müəyyənləşdirilmiş qaydada təltif etmək;

 

18. Qəbul olunmuş qaydada səhiyyə müəssisələrinə aid Respublika Tibbi Konfrans və Qurultaylarının keçirilməsini təşkil etmək;

 

19. Səhiyyəyə tibb elminə aid dövri mətbuat vasitələrinin nəşrini təşkil etmək;

 

20. Öz səlahiyyətləri çərçivəsində və qüvvədə olan qanunvericilik əsasında normativ hüquqi aktlar qəbul etmək;

 

21. Tabeliyində olan idarə və müəssisələrin əmr və sərəncamlarını ləğv etmək, tabeliyində olmayan təşkilatların və eləcə də yerli hakimiyyət orqanlarının Səhiyyə Nazirliyinin əsasnaməsinə uyğun gəlməyən, həmçinin əhalinin sağlamlığına zidd təsir göstərən qərarlarının icrasının dayandırılması və ləğv edilməsi haqqında müvafiq orqanlar qarşısında vəsatət qaldırmaq.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013