Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İnsanı parazitlər içindən yeyir

Protozoozların diaqnostikası və müalicəsi təkmilləşdirilməlidir

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hazırda 100 milyonlarla insan malyariya, tripanosomozlar, toksoplazmoz və digər protozoozlarla xəstədir. Azərbaycan öz iqlim şəraitinə görə əsrlər boyu parazitar xəstəliklərin endemik regionlarından olub. Burada malyariya, leyşmanioz, toksoplazmoz və s. kimi xəstəliklər çox geniş yayılıb. Məsələn, keçən əsrin əvvəllərində rus alimi Toropov çar dövlətindən ölkəmizə göndərilən əsgərlərin 3 ildən sonra hər 300-dən yalnız 50-sinin qayıtdığını yazırdı. Qalan 250 nəfər isə malyariya və digər parazitar xəstəliklərdən tələf olurdu.

 

Hazırda respublikada parazitar xəstəliklərlə bağlı vəziyyət ötən əsrin əvvəlindəki kimi olmasa da, problemlər hələ də mövcuddur. Parazitar xəstəliklər, onların xarakteri və bu sahədə mövcud problemlər barədə Azərbaycan Dövlət Tibb Universiteti sosial gigiyena və səhiyyə təşkilatı kafedrasının müdiri Rafiq Çobanovla söhbət etdik.

 

– Parazitar xəstəliklərin geniş yayılmasına səbəb olan əsas amillər və ortaya çıxan problemlər hansılardır?

 

– Qeyd edim ki, kütləvi işlədilən antiparazitar preparatlara qarşı törədicilərin rezistentliyinin proqressiv surətdə artması bu xəstəliklərlə bağlı vəziyyəti mürəkkəbləşdirir. Miqrasiya proseslərinin intensivləşməsi, beynəlxalq ticarətin və turizmin inkişafı, hiperurbanizasiya, xalqlararası müharibələr və s. qlobal problemlər protozoozların arealının genişlənməsinə, onların bir regiondan digərinə daşınmasına səbəb olur. Bu, xeyli dərəcədə diaqnostik və terapevtik çətinliklər yaradır, həmçinin bir sıra protozoozların, məsələn, malyariyanın əvvəllər ləğv edildiyi yerlərdə baş qaldırmasına gətirib çıxarır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, parazitar xəstəliklərin artmasının əsas səbəblərindən biri də əhalinin kasıb təbəqəsinin çoxalmasıdır. Çünki kasıb əhalinin immunoloji statusu da zəifləyir. Azərbaycanda 90-cı illərin əvvəlində bu cür vəziyyət yaranmışdı. Hazırda isə bir çox ölkələri, xüsusən də Afrika ölkələrini inkişafdan saxlayan məhz protozooz xəstəliklərdir.

 

– İlk dəfə insan protozoozları ilə bağlı kitab ötən il sizin müəllifliyinizlə nəşr olundu...

 

– Bakterial, rikketsioz və virus infeksiyaları ilə mübarizədə müasir təbabətdə böyük uğur qazanılmasına baxmayaraq, tibbi protozoologiya sahəsində bir çox problemlər hələ də həll edilməyib. Məsələn, protozoozların profilaktikası üçün səmərəli vaksinlərin hazırlanması, ibtidailərin mürəkkəb ekologiyası və yayılma xüsusiyyətlərinin tədqiqi, diaqnostika və müalicə vasitələrinin kifayət qədər olmaması həllini gözləyən çox vacib məsələlərdir.

 

Bütün bunlar tibb işçilərinin protozoozlara münasibətdə sayıqlığının artırılmasını və onların biliklərinin zənginləşdirilməsini tələb edir. «İnsanın protozoozları» kitabı da məhz müasir dövrdə protozoozlar probleminin aktuallığını nəzərə alaraq yazılıb.

 

Bu sahədə həkimlərin müasir tədris vəsaiti olmadığından, onlar hələ də sovet dövrü ədəbiyyatlarından istifadə edirdilər. Bir neçə il əvvəl «İnsanın helmintozları» kitabını nəşr etdirsəm də, parazitologiyanın ən böyük hissəsi olan insan protozoozları heç vaxt araşdırılaraq vahid kitab kimi çap olunmamışdı.

 

Kitabda əldə olunan məlumatların hərtərəfli təhlili aparılıb, kökü kəsilən anlayışlar, konsepsiyalar, köhnələn diaqnostika, müalicə və profilaktika metodları aradan götürülüb və müasir tədqiqatlarla zənginləşdirilib. Məqsəd səhiyyə təşkilatçılarını, tibb və digər müəssisələrin işçilərini protozoozlarla bağlı problemlərin səmərəli həlli üçün vacib olan nəzəri və praktik məlumatla təmin etməkdir.

Bir çox hallarda xəstəliklərin klinikası atipik olaraq bir-birinə uyğun olduğundan, həkimlər kliniki simptomatika əsasında diaqnoz qoymaqda çətinlik çəkirlər. Bu kitabda xəstəliklərin dəqiq diaqnozunu qoymağa imkan verən xüsusi spesifik üsullar göstərilib. Eyni zamanda, kitabda bütün dünyada xəstəliklərə qarşı müalicədən daha önəmli sayılan profilaktika üsulları geniş yer tapıb. Profilaktika üçün əlavə vəsait və kadr lazım olmadığından, bunu həyata keçirmək də çətin deyil.

«İnsanın protozoozları» kitabında internet və digər vəsaitlərlə dünyada olan dəqiq, rəngli diaqnostik şəkillər toplanıb. Bunlar mikroskop altında parazitləri tanımaq və xəstəliyə diaqnoz qoymaq üçün köməkçi vasitədir.

 

– İnsan parazitləri arasında ən çox yayılanı hansıdır?

 

– Yayılmasına görə digər çoxsaylı insan parazitləri arasında ağız boşluğunun amöb və trixomonadalarına çatan yoxdur. Praktik olaraq Yer kürəsində elə bir ölkə yoxdur ki, onun əhalisi arasında bu parazitlərə rast gəlinməsin. Bunlar uşaqlara nisbətən böyüklər arasında daha çox aşkar edilir. Bu parazitlərə şəhər əhalisi arasında kənd əhalisinə nisbətən az rast gəlinir.

Ağız boşluğu protozoozları ilə invaziyalaşmada əhalinin davranış xüsusiyyətləri aparıcı rol oynayır. Gigiyena qaydalarına riayət etməyənlərdə bu protozoozlara invaziyalaşma yüksəkdir. Gündə 2 dəfə diş fırçalarından istifadə edən, əlavə olaraq yeməkdən sonra ağızlarını yaxalayanlar arasında yoluxma xeyli aşağıdır. Siqaret çəkən şəxslərdə invaziyalaşmanın aşağı olması səbəbi isə indiyə qədər məlum deyil. Amöb və trixomonadalar stomatoloji alətlərdə, diş fırçalarında, hamam ləvazimatlarında, qapı dəstəklərində, uşaq oyuncaqlarında, dəftərxana əşyalarında aşkar edilib. Müştərək istifadə edilən diş fırçaları bu cəhətdən xüsusən təhlükəlidir. Onu da qeyd edim ki, invaziyalaşma səviyyəsinə iqlim amilləri və ilin mövsümləri təsir göstərmir.

 

TOKSOPLAZMOZLA YOLUXMALARIN SAYI DÜNYADA 1 MİLYARD NƏFƏRDƏN ARTIQDIR

 

– Hazırda geniş yayılan toksoplazmozla yoluxma halları qadınlar üçün çox böyük problemə çevrilib. Bu xəstəliyə qarşı mübarizə yolları haqqında nə deyə bilərsiniz?

 

– Toksoplazmoz heyvan infeksiyası kimi 80 ildən, insan xəstəliyi kimi isə 50 ildən artıqdır ki, məlumdur. Bu zoonoz infeksiya insana 3 yolla – generalizə olunmuş bitki, ət məulları və vertikal – bətndaxili yolla yoluxur.

Bu xəstəliyin diaqnostikası ancaq seroloji, immunoloji üsullarla aparılır. İmmunoloji reaksiyaların nəticələri əsasında belə bir fikir yaranıb ki, toksoplazmozla yoluxma çox geniş yayılıb. Əslində isə analizin müsbət cavabı hələ həmin şəxsin xəstə olması demək deyil. Məlumatlara görə, invaziyalaşanların sayı dünyada 1 milyard nəfərdən artıqdır.

Toksoplazmozla yoluxma halları əhalinin bişirilməmiş və ya natamam bişirilmiş heyvan ətindən istifadə etdiyi ərazilərdə daha çox müşahidə edilir. Bu baxımdan rekord göstəricilər mədəniyyətin mərkəzi olan Parisdə aşkar edilib. Burada hamilə qadınların invaziyalaşması 80%-ə çatır. Qadın invaziyalaşması geniş yayılmış bir adət kimi çəkilmiş çiy ətin dequstasiyası (dadını yoxlama) ilə izah olunur.

Qeyd edim ki, invaziyalaşmış qadınların yeni doğulan uşaqları heç də həmişə toksoplazmozdan əziyyət çəkmirlər. Hamiləlikdən qabaq yoluxma uşaq üçün təhlükə törətmir. O ki qaldı hamiləlik zamanı yoluxmaya, hesab olunur ki, gələcək analar nə qədər gec yoluxsalar (3 aylıq hamiləlikdən sonra), invaziyanın dölə keçməsi riski də bir o qədər artır. Lakin klinik əlamətlərlə keçən anadangəlmə invaziya hadisələrinin sayı az olur. Hamiləliyin sonuncu 3 ayında yoluxma olursa, yeni doğulmuşlar üçün daha az təhlükəlidir. Klinik nəticəsinə görə hamiləliyin 2-3-cü ayında yoluxma arzuedilməzdir. Toksoplazmozla yoluxmadan sonrakı ikinci hamiləlikdə uşaq heç vaxt zərər çəkmir.

Toksoplazmozun profilaktikası üzrə ən real və iqtisadi cəhətdən əlverişli metod əhali arasında sanitariya maarifinin təbliğ edilməsidir. Əllərin gigiyenasına riayət edilməsi, qida məhsullarının çirklənmədən qorunması və s. kimi tədbirlər insanları toksoplazmozla yoluxmadan qoruyur.

Digər yerlərdə olduğu kimi, Azərbaycanda da toksoplazmoz qadınlar arasında daha geniş yayılıb. Belə ki, onlar təsərrüfat-məişət işləri ilə əlaqədar hər gün bitki və ət məhsulları ilə təmasda olduqları üçün yoluxma riskinə daha artıq məruz qalırlar. Ən yüksək göstərici daim çəkilmiş ətin dadını yoxlayan qadınlar arasında aşkar edilib.

Hər bir immunpozitiv toksoplazmozlu xəstədə mamalıq patologiyasını (vaxtından tez doğuşlar, ölü doğuş, yeni doğulmuş körpənin patologiyası və s.) bu infeksiyanın nəticəsi hesab etmək və uzunmüddətli kompleks terapiya aparmaq ciddi dəlillərə əsaslanmalıdır. Yalnız klinik və epidemioloji anamnezlərin yüksək peşəkarlıqla toplanması, immunoloji reaksiyaların düzgün aparılması, nəticələrin qeydiyyatı toksoplazmoz diaqnozunu qoymağa və spesifik müalicə təyin etməyə imkan verir.

Bir çox həkimlərimiz bunları bilmədiyindən bütün hamilə qadınları hamiləliyin ilk 4, bəzən 7 ayı müddətində müalicə edir, onlara güclü dərmanlar yazırlar. Nəticədə uşaq ölü və ya vaxtından əvvəl doğulur, səbəb kimi isə yenə də toksoplazmoz göstərilir.

 

– Məişətdə istifadə etdiyimiz suyun tərkibi bu xəstəliklərin yayılması üçün əsas amillərdən sayıla bilərmi?

 

– Avropa ölkələrində suyun təmizliyi və istifadəyə yararlılığının bir göstəricisi də tərkibində ləmbliyanın olub-olmaması ilə müəyyənləşdirilir. Xlor qatmaqla bu problemi həll etmək olmaz. Xarici ölkələrdə xlorun orqanizmə zərərini nəzərə alaraq, ondan imtina edirlər. Bakı şəhərində isə suyun tərkibi ilə bağlı problemlər bu gün də qalmaqdadır. Bu da uşaqlar arasında xüsusən ləmbliozun geniş yayılmasına gətirib çıxarır.

 

Suyun tərkibi mütləq nəzarətdə saxlanmalıdır.

Tərəvəzlər də əsas parazit keçiricisidir. Bildiyimiz kimi, onların becərilməsində çox vaxt gübrədən istifadə olunur. Bu parazitdən xilas olmaq üçün isə həmin tərəvəzləri bəzən çox yumaq lazım gəlir, bu da bilavasitə yoluxma yoludur.

 

– Parazitar xəstəliklərə diaqnozun qoyulmasında nöqsanlar varmı?

 

– Bəli. Təəssüf ki, bu sahəni bilmədiklərindən bir çox həkimlər əksər xəstələrə askaridoz və ləmblioz diaqnozu qoyurlar. Yanlış müalicə nəticəsində isə xəstə sağalmır. Bəzən 3 günlük müalicəsi olan xəstəliyin sağalması aylarla uzanır. Orqanizmə gərəksiz dərmanlarla təcavüz olunur. Qurdlara qarşı verilən dərmanlar disbakterioz (normal mikrofloranın dəyişməsi) yaradır. Bu da orqanizmin funksiyasına ciddi təsir edir.

Digər bir problem isə saxta dərmanların çoxluğudur. Bəzən müalicənin nəticə verməməsi bu dərmanların keyfiyyətsizliyindən irəli gəlir. Saxta, aşağı dozalı dərman qəbul etdikdə xəstəliyin rezistentliyi artır.

Həmçinin həkimlər bir-birinə bənzər çoxlu sayda ibtidai parazitlər olduğunu bilmirlər. Mikroskop altında mikrobları ayıra bilmək üçün illərlə çalışmaq lazımdır.

 

– Ancaq xüsusilə uşaqlar arasında ləmbliya parazitinin geniş yayılmasını istisna etmək də olmaz...

 

– Bəli, ləmblioz başqa parazitlər kimi xüsusilə geniş yayılıb. Bütün dünyada bu xəstəlik uşaqların sağlamlığına böyük ziyan vurur. İlk növbədə vitamin çatışmazlığına səbəb olur, onların saçları tökülür, dişləri çürüyür, damağında qanaxma yaranır və s. İshal, qəbizlik, allergiya olur. Bu xəstəlik uşaqları inkişafdan saxlayır, zehni zəiflədir. Ləmblioz ana südü ilə qidalanan südəmər uşaqlarda olmur. Bu günə qədər də ana südündə uşağı ləmbliozdan qoruyan maddənin nə olduğu bilinmir. Süni qida qəbul edən uşaqlarda isə bu xəstəliyə rast gəlinir. Eyni zamanda uşaqlarda infeksion xəstəliklər də olur.

Məsələn, ana yerə düşən əmziyi öz ağzına salaraq təmizləyir və yenidən uşağa verir. Nəticədə, öz ağzında olan mikrobu ona ötürür. Uşaqlarda isə immunitet zəif olduğundan parazitar xəstəliklər yaranmağa başlayır. Ona görə də tibbi mədəniyyəti yüksəltmək, bu sahədə maariflənmə işləri aparmaq lazımdır.

 

– Əvvəllər bunun üçün Parazitologiya İnstitutu fəaliyyət göstərirdi. Bəs indi?

 

– Doğrudur, bütün dünyada məşhur olan həmin Parazitologiya İnstitutunun fəaliyyəti dayandırılıb. Bu institutun mütəxəssisləri isə ABŞ, Rusiya, Kanada, İsrail, Türkiyə və s. xarici ölkələrə gediblər. Qalanlar isə özəl sektorda çalışır. Hesab edirəm ki, parazitlərin geniş yayılmasını və səhhətə ciddi zərər vurmasını nəzərə alaraq, parazitoloji diaqnostikanı gücləndirmək, parazitoloji mərkəz yaratmaq və bu mərkəzə güclü mütəxəssislər cəlb etmək lazımdır.

 

– Bu xəstəliklərə dəqiq diaqnoz qoymaq üçün hansı üsulla analiz götürmək daha məqsədəuyğundur?

 

– Bu barədə mənim «Parazitar xəstəliklərin diaqnostikası» kitabım nəşr olunub. Burada bütün dünyada istifadə olunan analiz üsulları və öz üsullarım yer alıb. İlk növbədə, həkim nəyə diaqnoz qoyduğunu bilməlidir. Məsələn, yaxma üsulu ilə ləmblioza diaqnoz qoymaq, enterobiozu tapmaq olmaz. Bu, ən sadə və aşağı keyfiyyətli üsuldur. Bu üsullardan imtina etmək lazımdır. Bəzən həkimlər yaxmaya baxıb, askaridoz diaqnozu qoyurlar. Əlbəttə ki, bu, mümkün deyil. Ləmblioza nəcis, malyariyaya qan, leyşmaniyalara sümük iliyi və s., yəni müxtəlif xəstəliklərə müxtəlif vasitələrlə diaqnoz qoyulur.

 

– İnsanları içəridən yeyən parazitlərdən danışdıq, bəs insanlar arasında parazitlər haqqında nə deyə bilərsiniz?

 

– Bütün cəmiyyətlərdə olduğu kimi, bizdə də yetərincə parazitlər var. Müəllim, tələbə, həkim, mühəndis, ümumiyyətlə, kim olmasından asılı olmayaraq, hər kəs parazitizm halları ilə rastlaşır. Və ya parazitlik edir.

Ancaq sevindirici hal odur ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də parazitizmlə mübarizə ilbəil gücləndirilir və biz də bunun nəticələrini hiss etməkdəyik. Əlbəttə ki, bu problem bir gündə həll edilə bilməz. İnsan parazitləri kimi, cəmiyyətə zərər verən parazitlərlə mübarizədə də maarifləndirmə mühüm silah olmalıdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013