Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

 

- qüvvədə olan qanunvericilik aktlarının «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

- «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş özəl tibbi praktika ilə məşğul olmaq üçün zəruri olan tibbi iş stajını və müvafiq sertifikat alınması qaydasını müəyyən etsin;

 

- həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlərini müəyyən etsin;

 

- həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərə dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək hüququ verən müsabiqələrin keçirilmə qaydalarını müəyyən etsin; həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində və üçüncü hissəsində, 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

 

- öz səlahiyyətləri daxilində «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Müəyyən edilsin ki:

 

- «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci və ikinci hissələrində, 8-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 15-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; - həmin Qanunun 4-cü maddəsinin dördüncü və altıncı hissələrində, 9-cu maddəsinin ikinci hissəsində, 16-cı maddəsinin dördüncü abzasında və 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

 

- həmin Qanunun 10-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş dövlət mülkiyyətində olan və dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində istifadə olunmayan əmlakın, habelə səhiyyə üçün nəzərdə tutulan, tam tikilməyən və əsaslı təmirə ehtiyacı olan binaların özəl tibb fəaliyyəti subyektlərinə icarəyə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Əmlak Nazirliyi tərəfindən həyata keçirilir.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2000-ci il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013