Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Pnevmokokk peyvəndinin əhəmiyyəti haqqında!

Pnevmokokk infeksiyası inkişaf etməkdə olan ölkələrdə xəstələnməyə, ölümə və böyük səhiyyə məsrəflərinə səbəb olan əsas problemlərdən biridir. Erkən yaşlı uşaqlarda (3 yaşa qədər) bu mikroorqanizmlər orta qulağın kəskin otiti, pnevmoniya, pnevmokokk sepsisi və meningit kimi ağır xəstəliklər törədirlər. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə dünyada təkcə pnevmoniya xəstəliyindən 2 milyon nəfər 5 yaşına çatmamış uşaq tələf olur. Digər tərəfdən, hazırda pnevmokokk çöplərinin pensillinə davamlı (rezistent) ştammlarının qlobal şəkildə çoxalması müşahidə edilməkdədir.

 

Belə şəraitdə xəstəliklərinin qarşısının alınması, xüsusən də uşaq yaşlarında böyük aktuallıq kəsb edir. Son 15 il ərzində dünyanın inkişaf etmiş ölkələrində pnevmokokklara qarşı peyvənd tətbiq olunmağa başlanmışdır. Alimlərin hesablamalarına görə məhz peyvənd yolu ilə pnevmokokkların törətdiyi xəstəliklərin sayını 85% azaltmaq mümkündür.

 

Respublikamızda da erkən yaşlı uşaqlar arasında rast gələn xəstələnmə və ölüm hallarının yarıdan çoxu tənəffüs üzvləri xəstəliklərinin, o cümlədən də pnevmoniyanın hesabına baş verir. Ona görə də, pnevmokokk peyvəndinin ölkəmizdə tətbiq olunmasına böyük ehtiyac vardır. Bu peyvəndin baha olmasına baxmayaraq Azərbaycan Dövləti və Səhiyyə Nazirliyi 2013-cü ildən başlayaraq 2 yaşa qədər uşaqların pnevmokokklara qarşı dövlət hesabına peyvənd olunması haqqında qərar qəbul etmişdir. Keçən iki il ərzində bununla bağlı müvafiq araşdırma, hazırlıq işləri həyata keçirilmiş və respublikamızda 10 valentli konyuqə olunmuş pnevmakokk peyvəndinin tətbiq olunması məqsədəuyğun hesab edilmişdir. Konyuqə olunmuş pnevmokokk peyvəndi (KPP) yüksək immunogenliyi, effektliyi və təhlükəsizliyi ilə xarakterizə olunur. Peyvənd pnevmokokklarının daha çox yayılmış 10 serotipinə qarşı (1,4,5,6B,7F, 9V,14,18C,19F və 23F) tətbiq olunur. KPP digər peyvəndlərlə asan kombinə olunur.

 

Peyvənd təqviminə uyğun olaraq körpə uşaqlar 2, 4 və 6 aylığında üç dəfə peyvənd olunurlar.

 

K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013