Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Prezident Zirə Müalicə-Diaqnostika Mərkəzini açdı

21 may 2008

 

Prezident Zirə Müalicə-Diaqnostika Mərkəzini açdı

 

İlham Əliyev: «Həkimlərin maaşı artırılacaq»

 

Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində Azərbaycanın müxtəlif şəhər, rayon və kəndlərində yeni tibb müəssisələrinin açılışları oldu. Bütün ölkədə böyük vüsətlə qeyd edilən bu tarixi gün ərəfəsində əhalinin istifadəsinə verilən tibb müəssisəsilərindən biri də Zirə qəsəbəsindəki Müalicə-Diaqnostika Mərkəzi idi.

 

Avropa standartlarına uyğun səviyyədə yenidən qurulan Zirə Müalicə-Diaqnostika Mərkəzini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva açdılar.

 

Dövlət başçısı və onun xanımı səhiyyə ocağı ilə yaxından tanış oldular. Səhiyyə naziri Oqtay Şirəliyev qonaqlara Mərkəzlə bağlı məlumat verdi: «30 il əvvəl tikilən bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub. Hazırda mərkəz ən müasir avadanlıqlarla təchiz edilmiş kompleksə çevrilib. İkimərtəbəli binanın birinci mərtəbəsində uşaqlar və böyüklər üçün nəzərdə tutulan və gün ərzində 50 nəfərə xidmət göstərə biləcək poliklinika yerləşir. Avropadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilən mərkəzdə bütün müvafiq müalicə kabinetləri, terapiya və doğum şöbələri, laboratoriya fəaliyyət göstərir. Mərkəzin ərazisində təcili tibbi yardım stansiyası da yaradılıb».

 

Müalicə-Diaqnostika Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı səhiyyə ocağının kollektivi ilə də söhbət etdi.

 

Tibb işçiləri onlar üçün yaradılan bu cür gözəl şəraitə görə kollektiv adından və bütün qəsəbə sakinləri adından dövlət başçısına və onun xanımına minnətdarlıqlarını bildirdilər.

Prezident İlham Əliyev millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yenidən tikilən Mərkəzin yüksək səviyyədə fəaliyyət göstərəcəyini dedi. Dünyada istehsal olunan ən yeni, müasir tibbi avadanlıqların bu Mərkəzdə olduğunu vurğuladı. Qeyd etdi ki, Zirə qəsəbəsində belə bir Müalicə-Diaqnostika Mərkəzinin tikilməsi təkcə qəsəbə üçün deyil, bütövlükdə Azərbaycan üçün böyük hadisədir.

 

Ölkənin hər bir kəndində, qəsəbəsində bu cür gözəl tibb ocaqlarının tikilməsinin gərəkli olduğunu vurğulayan İlham Əliyev insanların sağlamlığının təmin edilməsini qarşıda dayanan ən başlıca məqsəd və vəzifə kimi dəyərləndirdi.

 

Dövlət başçısı həkimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər görüldüyünü də dedi. Həkimlərin maaşlarının indiyə qədər dörd dəfə artırıldığını, ancaq hələ də artırmaq lazım olduğunu bildirdi: “Maaşları dörd dəfə artırmaq, əlbəttə ki, böyük işdir. Amma o hələ də bizim istədiyimiz səviyyədə deyil. Bu da olacaqdır. İldən-ilə həm maaşlar artırılacaq, həm də lazım olan bütün avadanlıqlar alınacaqdır. Ölkəmiz indi elə inkişaf edir ki, bütün məsələlər öz həllini tapacaqdır”.

 

Sonda Prezident yeni tibb ocağının kollektivinə işlərində uğurlar arzuladı.

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013