Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gəncədə onkoloji xəstələr üçün yeni Şüa Mərkəzi tikilir

16 fevral 2008

 

Gəncədə onkoloji xəstələr üçün yeni Şüa Mərkəzi tikilir

 

X.BABAYEVA

 

Gəncə şəhər Səhiyyə İdarəsinin ənənəvi qəbul günlərindən biridir. Qəbula gələnlərin içərisindən bir nəfər cavan oğlan idarə rəisi Mehman Rzayevə yaxınlaşır və özünü təqdim edir:

- Mən «filankəs»in qohumuyam. Bir dostumun anası bərk xəstədir. Ona kömək etməyinizi xahiş edirəm. Hara lazımdırsa, aparaq. Bircə köməyi olsun.

 

Xəstənin adını, soyadını deyəndən sonra məlum oldu ki, həmin qadın xərçəng xəstəliyindən əziyyət çəkir. İndi isə vəziyyəti daha dözülməz olub. Evə gələn həkimlər, verilən dərmanlar daha kara gəlmir. Ona görə də qohum-qardaş bu işdə həkimləri günahlandırır, deyirlər ki, həkimlər yalandan bir-iki dərman veriblər, nə yol göstərirlər ki, bundan sonra nə edək, nə də düz-əməlli bir müalicə yazırlar. Bəlkə, elə Bakıya aparmaq lazımdır?

 

Elə yerindəcə hadisə ilə bağlı Onkoloji xəstəxananın baş həkimi Zikrət Hüseynov söhbətə müdaxilə edərək bildirdi ki, həmin xəstənin xəstəlik tarixçəsinə yaxşı bələddir. Sadəcə, xəstəlik indi elə mərhələdədir ki, ancaq şiddətli ağrıları azaltmaq, səngitmək üçün güclü ağrıkəsici təyin etməkdən başqa bir yolu yoxdur.

Bu yerdə Səhiyyə İdarəsi rəisinin qəbuluna gələn vətəndaş «ola bilməz ki, bir çarə olmasın» - dedi: «Axı qadın ölmək istəmir. Deyir, “boş oturmayın, əlac edin. Günlər keçir, siz isə günü günə satırsınız. Heç bir müalicə aparmırsınız”. Biz necə edək?»

İlk dəfə idi ki, çarəsiz həkimlərin gözündə qəribə bir ifadə görürdüm. Əlac olmadığını bildikləri üçün sözlə təsəlli də kara gəlmirdi. Daxillərindəki təlatümü təkcə gözləri büruzə verirdi: sanki xəstəlik qarşısında aciz qalmaqlarından utanır, təbabət elminin zəifliyinin günahını özlərində görürdülər.

 

Bu hadisəni xatırlatmaqda fikrim sadəcə bir insan taleyini qələmə almaq deyil. Nə bu kimi xəstəliklərdən insanların əziyyət çəkməsini diqqətə çatdırmaq, nə də bu xəstəliyin törətdiyi acı nəticələrdən danışmaq niyyətində də deyiləm. Burada mənim diqqətimi cəlb edən məsələlərdən biri belə hallarda həkimlərin düşdüyü durumdur, bir də onkoloji xəstəliklərdən əziyyət çəkən insanların ömrünə ömür calamaq üçün görülə biləcək bütün imkanlara əl atmağın vacibliyi…

 

Yenə bir misal çəkmək istəyirəm. Xanımının çəkdiyi əziyyətləri görüb, xəstəliyin mahiyyətini duyub həkimə yalvaran 2 yaşlı uşaq atasının öz həyat yoldaşı haqqında dedikləri: «Nə lazımdırsa, edək! Nə yaşasa, qənimətdir. 5 il, 1 il, 1 ay, 1 gün də artıq yaşasa, razıyam. Bütün var-dövlətimi tökərəm. Sadəcə, quru nəfəsi gəlsin, bəsimdir». Bu sözlər nə bədii bir kitabdan, nə də məhəbbət filmlərindən götürülən sözlər deyil, həyatın acı həqiqətləridir.

 

Hamımız bəzən belə həqiqətlərlə rastlaşırıq. Amma tibb işçiləri, xüsusilə də onkoloji xəstəxanaların həkimləri belə hallarla tez-tez üzləşirlər. Bəlkə ona görədir ki, Gəncə şəhər Onkoloji Xəstəxanasının baş həkimi Zikrət Hüseynov təzə xəbəri bizə böyük həvəslə çatdırır və bu hadisənin önəmini hamıdan daha yaxşı hiss edir: Gəncədə onkoloji xəstələr üçün Şüa Mərkəzi tikilir.

 

Düzdür, əvvəllər də burada şüa müalicəsi aparılıb, amma şüa otağında. Bu barədə məlumat verən baş həkim bildirir ki, əvvəllər şüa otağında “Luç-1” aparatı olub. 1990-cı illərə qədər bu aparatdan istifadə olunub. Lakin onun istismar müddəti başa çatdığından, radiasiya təhlükəsizliyi baxımından son 10 ildə həmin aparatın iştifadəsi dayandırılıb.

 

Halbuki onkoloji xəstələrin kompleks müalicəsi zamanı bir sıra hallarda şüa müalicəsi də təyin edilir və onlar bunun üçün ildə bir neçə dəfə Bakıya getməli olurlar. Bu isə, təbii ki, həm çətinliklər törədir, həm də uzaq səfərə çıxmaq belə insanların səhhətinə o qədər yaxşı təsir etmir. Bəzən şiddətli ağrılar uzaq yola çıxmağa imkan vermir. Ona görə də yeni Şüa Mərkəzinin istifadəyə verilməsi bir sıra problemləri aradan qaldıracaq.

 

Baş həkimin dediyinə görə, xüsusi Şüa Mərkəzinin tikintisi üçün Səhiyyə Nazirliyi tərəfindən 400 min manat vəsait ayrılıb. Z.Hüseynov tikinti işlərinin 40 faizinin artıq yerinə yetirildiyini və obyektin bu ilin ortalarınadək hazır olacağını qeyd etdi.

 

«Onkoloji dispanserin həyətində tikilən Şüa Mərkəzi radiasiya təhlükəsizliyinə tam təminat verən, müasir tələblərə uyğun şəkildə qurulacaq. Xüsusi normativlərə müvafiq olaraq inşa edilən binanın divarlarının qalınlığı 2 metr olacaq. Həmçinin Rusiya və Çexiya istehsalı olan şüa aparatlarının gətirilməsi də nəzərdə tutulur» - Zikrət Hüseynov belə deyir.

 

Baş həkim binanın ətrafında yaşıllıq sahəsinin salınacağını da söylədi. Qeyd edək ki, artıq Bakıda və Naxçıvanda analoji tibb müəssisələri mövcuddur. Gəncədə də Şüa Mərkəzinin fəaliyyətə başlaması ilə tək bu şəhərdən deyil, ölkənin bütün qərb bölgəsindən olan xəstələrin tələbatı ödəniləcək. Bütün onkoloji tibb müəssisələrində olduğu kimi, bu Mərkəzdə də müalicə ödənişsiz həyata keçiriləcək.

Məlumat üçün onu da əlavə edək ki, son 5 ildə onkoloji xəstəliklərin artımı müşahidə olunur. 2006-cı ildə dispanserə 7600, 2007-ci ildə 10 minə yaxın vətəndaş müraciət edib. Ötən il müraciət edənlərdən 600-də onkoloji xəstəlik aşkar olunub. Baş həkimin dediyinə görə, Mərkəz tikiləndən sonra burada 1500 xəstəni müalicə etmək mümkün olacaq. Gəncə və ətraf rayonlardan olan vətəndaşların artıq hər dəfə bu səbəbdən Bakıya getməsi lazım olmayacaq.

 

Səhiyyə İdarəsinin rəisi Mehman Rzayevin verdiyi məlumata görə, Şüa Mərkəzi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən onkoloji xidmətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illəri əhatə edən tədbirlər planına uyğun olaraq tikilir. Tədbirlər planına görə həm maddi-texniki bazanın yaxşılaşdırılması, yeni avadanlıqlarla təchizat, şiş əleyhinə dərman preparatları ilə tam həcmdə pulsuz təminat, onkoloji xəstələrin qeydiyyata alınmasının təkmilləşdirilməsi, sırf onkologiya üzrə mütəxəssis olan kadrların hazırlanması və s. nəzərdə tutulur.

 

Gəncə şəhər Səhiyyə İdarəsinin Mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildirir ki, Şüa Mərkəzinin tikintisi ilə yanaşı Gəncə şəhərinə mammoqrafiya aparatının gətirilməsi də nəzərdə tutulur.

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013