Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qida zəhərlənmələrindən özünüzü qorumaq üçün gigiyena qaydalarına əməl edin!

İnsanların qidalanması zamanı istifadə etdikləri qida məhsullarının mikroblarla, yaxud zəhərli maddələrlə çirklənməsi nəticəsində qida zəhərlənmələrinin baş verməsi mümkündür. Bizim ölkəmizdə son illərdə zəhərli maddələrlə çirklənmədən baş verən qida zəhərlənmələri demək olar ki, müşahidə olunmur. Amma eyni sözləri müxtəlif mikroblarla çirklənmiş qida qəbulu nəticəsində baş verən qida zəhərlənmələri barədə demək olmaz.

 

Əhali arasında müşahidə edilən qida zəhərlənmələri çox zaman həmin xəstəliyin baş verməsinə səbəb olan mikrobların ərzaq məhsullarını çirkləndirmə yolları barədə kifayət qədər məlumatın olmaması üzündən baş verir. Yeyinti məhsullarının hazırlanması, xüsusən soyuq qəlyanaltıların, salatların hazırlanması zamanı adi gigiyena qaydalarına əməl edilməməsi, məsələn doğrayıcı bıçaq, doğrayıcı taxta, stol, qabyuyulan yerlər, soyuducu vaxtlı-vaxtında yaxşı təmizlənməzsə, ərzaqların saxlanması qaydaları pozularsa, yaxud şəxsi gigiyena qaydalarına əməl edilməzsə çox asanlıqla qida zəhərlənmələrinin baş verməsi mümkündür. Həmçinin ərzaq məhsullarının düzgün saxlanılmaması nəticəsində onların siçan, siçovul və milçəklərlə də çirklənməsi baş verə bilər. Çiy yumurtanın istifadədən əvvəl yuyucu vasitələr istifadə edilməklə yuyulmaması, çirkli yumurtaya əllə toxunduqdan sonra əllərin sabunla yuyulmadan digər ərzaq məhsullarına toxunulması, göyərtinin yaxşı yuyulmaması da qida zəhərlənmələrinə səbəb ola bilir. Kremli tort və pirojnaların soyuducudan kənar saxlanaraq istifadə edilməsi, qızdırılmış xörəyin 2 saatdan çox saxlanmaqla təkrar yaxşı qızdırılmadan qəbulu da ağır nəticələr verə bilər. Soyuducuda saxlanmalı olan tez xarab olan ət və süd məhsullarının soyuducudan kənarda saxlanmaqla qəbul edilməsi də təhlükəlidir.

 

Bu qaydaları bilməklə Siz həm özünüzü, həm də yaxınlarınızı qida zəhərlənmələrindən qoruya bilərsiniz.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013