Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Günəş şəhəri

23 fevral 2007

 

Günəş şəhəri

 

Gənclər üçün narkomaniyaya həsr olunmuş ilk film çəkilib

 

Narkomaniya və narkobiznes cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan əsas amillərdəndir. Respublika Narkoloji Dispanserinin verdiyi məlumata əsasən, hazırda Azərbaycanda 17714 narkoman var. Müxtəlif ekspertlərin qiymətləndirmələrinə görə, real rəqəm bundan 10-25 dəfə artıqdır.

 

Ən acınacaqlı cəhət isə budur ki, narkomaniya ildən-ilə cavanlaşır, ona qurşananlar arasında yeniyetmələrə və gənclərə daha çox rast gəlinir.

 

Narkomaniya və təhlükəli cinsi davranış həm HİV/AİDS-in, həm də qanla və cinsi yolla yoluxan digər xəstəliklərin yayılmasına səbəb olur. Odur ki, narkomaniya ilə mübarizədə geniş miqyaslı profilaktik üsullardan istifadə etməklə, həyati əhəmiyyətli informasiyanı gənclərə çatdırmaqla bu xəstəliklərin qarşısını ala bilərik, gələcəyimizi ciddi təhlükədən qorumuş olarıq. Artıq 2 ildən çoxdur ki, AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda “HİV/AİDS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi” layihəsini həyata keçirir.

 

Layihədə qabaqlayıcı tədbirlərin əsas icraçılarından biri olan Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə müxtəlif QHT-lər bu işə cəlb olunmuşdur. Bu təşkilatlardan biri - Gənc Film İstehsalçıları Assosiasiyası yaxın günlərdə müasir cəmiyyətin ən ağrılı problemlərindən sayılan narkomaniya mövzusuna həsr edilmiş “Günəş şəhəri” adlı filmin çəkilişlərini başa çatdırıb. Uşaqların, yeniyetmələrin, narkotiklərə qurşanmış insanların həyatından bəhs edən 25 dəqiqəlik sənədli film “Dərviş” prodüser mərkəzi tərəfindən istehsal olunub.

 

“Günəş şəhəri” filmi gəncləri narkomaniya mövzusunda maarifləndirmək məqsədi ilə hazırlanıb. Buna görə də film gənclərin az qala doğma dilinə çevrilmiş hip-hop dilində çəkilib. Hip-hopun qollarından olan rep musiqisi və qrafiki rəsmləri filmin abı-havasını müəyyənləşdirir. Gənclərdən ibarət qrup narkomaniyanın qurbanı olan dostları haqqında rep janrında acılı məzmunda hekayət söyləyirlər. Filmin yaradıcıları inanırlar ki, yeniyetmələri bu yoldan çəkindirmək, sağlam həyat tərzi sürməyə sövq etmək üçün bu film böyük rol oynayacaq.

 

Filmdə gənclər arasında tanınmış reperlər Pərviz İshaqov və Orxan Ağalarov çəkiliblər. Musiqininsə sözlərin müəllifləri də onlardır. “Günəş şəhəri”nin çəkilişləri əsasən Sumqayıtda aparılıb.

Filmin geniş tamaşaçı auditoriyasına təqdimatından öncə onun müxtəlif yaş qrupları arasında nümayişi nəzərdə tutulub.

 

Bu məqsədlə yanvarın 15-də Səbail rayonu 132 saylı orta məktəbdə, fevralın 1-də Xətai rayonu 245 saylı orta məktəbdə və fevralın 8-də 190 saylı orta məktəbdə yuxarı sinif şagirdləri arasında filmin nümayişi təşkil edilib.

 

Film yeniyetmələr tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. Nümayişdən sonra şagirdlər öz fikir və təəssüratlarını bölüşüb və narkomaniya əleyhinə təbliğat kampaniyasının daha geniş - bütün ölkə miqyasında aparılmasını arzu ediblər. Filmi digər məktəblərdə də göstərmək və televiziya ilə nümayiş etdirmək nəzərdə tutulur.

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013