Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

354 qutu sertifikatsız, 258 qutu vaxtı keçmiş dərman...

3 oktyabr 2008

354 qutu sertifikatsız, 258 qutu vaxtı keçmiş dərman...

 

Qubada fəaliyyət göstərən apteklərdə ciddi qüsurlar aşkarlanıb

 

Q.NURİYEV

 

DVAEM-in əməkdaşları Qubada 3-ü nömrəli, 4-ü lisenziyalı, 1-i isə qanunsuz olmaqla ümumilikdə 8 aptekdə yoxlama aparıblar. Əvvəlcədən qeyd edək ki, sözügedən apteklərin hamısında ciddi qüsurlar aşkarlanıb.

 

Quba şəhəri, Vidadi küçəsi, ev 20-də yerləşən 606 nömrəli aptekdə (müdiri Zeynəddin Hacıkərim oğlu Əlixanov) yoxlama aparılarkən məlum olub ki, kondisioner və sanitariya qovşağı ilə təmin olunmayan bu əczaxanada sanitar normalara riayət olunmur. Soyuducu ola-ola termolabil dərmanların açıq rəflərdə saxlanılmasını məsuliyyətsizlik və qeyri-peşəkarlıq kimi qiymətləndirən inspektorlar buradan 8 adda (54 qutu) sertifikatsız, 9 adda (160 qutu) istifadə müddəti bitmiş dərman müsadirə ediblər. Həmçinin xeyli sayda vərəm əleyhinə preparat aşkarlanaraq satışdan çıxarılıb.

 

Vaqif küçəsi, 28-ci məhəllədə yerləşən 753 nömrəli aptekdə isə (müdiri Nəzakət Ərdəşir qızı Qasımova) vəziyyət bir qədər fərqlidir. Doğrudur, bu əczaxana aptek mebeli, qapalı şkaflar, şüşə ayırıcı, kondisioner, soyuducu, standart ad asılqanı, hətta termometr və hiqrometrlə də təmin edilib. Amma yoxlama zamanı məlum olub ki, burada sanitar normalara riayət olunmur, üstəlik satışda vərəm əleyhinə dərmanlar var. İnspektorlar buradan 14 adda (63 qutu) sertifikatsız, 5 adda (22 qutu) istifadə müddəti bitmiş dərman müsadirə ediblər.

 

Quba şəhəri, 22-ci məhəllədə yerləşən 61 nömrəli aptekdə də (müdiri Füzuli Kamal oğlu Şükürov) vəziyyət yaxşı deyil. Aptek mebeli və qapalı şkaflarla təmin olunmayan bu əczaxanadan 16 adda (151 qutu) sertifikatsız dərman götürülüb.

 

Qubada fəaliyyət göstərən lisenziyalı apteklər də qüsurlardan xali deyil. Konkret faktlara nəzər salaq: Quba şəhəri, Ə.Qarayev küçəsində yerləşən, Bahaddin Məhəmməd oğlu Bahaddinova məxsus (lisenziya 006311) aptek məntəqəsinin əczaçılıq avadanlıqları ilə təminat baxımından yeganə qüsuru aptek mebeli ilə təmin edilməməsidir. Amma reyd zamanı məlum olub ki, burada dərmanların saxlanma qaydalarına düzgün əməl olunmur. İnspektorlar həmin obyektdən 18 adda (31 qutu) sertifikatsız, 6 adda (9 qutu) istifadə müddəti bitmiş dərman müsadirə ediblər.

 

Quba şəhəri, ticarət cərgəsində yerləşən, Elşad Yusif oğlu Şahmuradova məxsus (lisenziya 006315) aptek məntəqəsində isə şərait baxımından cəmisi bir qüsur aşkarlanıb: burada ayrıca sanitariya qovşağı yoxdur. Bu aptekdən 15 adda (17 qutu) sertifikatsız, 2 adda (2 qutu) istifadə müddəti bitmiş dərman götürülüb.

 

Ən çox nöqsan aşkarlanan əczaxanalardan biri də Quba şəhəri, avtovağzalın ərazisində yerləşən, "VİTA-EL" MMC-yə məxsus (lisenziya 014093) aptek məntəqəsidir. Doğrudur, şərait baxımından burada yalnız sanitariya qovşağı yoxdur. Amma yoxlama zamanı məlum olub ki, bu obyektdə sanitar normalara riayət olunmur. Ən acınacaqlısı odur ki, sözügedən əczaxanada dərmanların buraxılışı qeyri-ixtisas sahiblərinə həvalə olunub. Üstəlik, yoxlama zamanı buradan vərəm əleyhinə preparatlar, holoqramlar, həmçinin satışı qadağan edilmiş vaksinlər və kalium permanqanat aşkar olunub. Ən çox istifadə müddəti bitmiş dərman aşkarlanmış əczaxanalardan biri də bu obyektdir: 21 adda (67 qutu) istifadə müddəti bitmiş, 4 adda (5 qutu) sertifikatsız.

 

Quba şəhəri, Fətəli xan küçəsi, 79-da fəaliyyət göstərən "UCAL" MMC-yə məxsus (lisenziya 006255) aptek məntəqəsinin isə əczaçılıq avadanlıqları ilə təminat baxımından yeganə qüsuru hiqrometrin olmamasıdır. Dərmanlara baxış zamanı isə məlum olub ki, yaxşı şərait olmasına baxmayaraq, termolabil dərmanlar soyuducuda saxlanılmır. Bundan əlavə, həmin aptekdən xeyli sayda vərəm əleyhinə preparatlar, həmçinin 15 adda (33 qutu) sertifikatsız dərman müsadirə olunub.

 

Qubada aşkar olunmuş yeganə qanunsuz aptek isə budur: H.Əliyev prospektində Ramazan Abdulməcid oğlu Ramazanova məxsus (lisenziya 006425) aptek köşkü. Bu əczaxananın qanunsuz adlandırılmasına səbəb onun yerdəyişmə haqqında razılıq sənədi olmadan lisenziyada göstərilən ünvanda (Vaqif küçəsi ilə Ə.Qarayev küçəsinin kəsişməsində) fəaliyyət göstərməməsidir.

 

P.S. DVAEM-dən aldığımız məlumata görə, çatışmazlıqlar aşkar edilmiş bütün apteklərin rəhbərlərinə qüsurları aradan qaldırmaq üçün vaxt verilib. Qanunsuz əczaxanaların sahiblərinə isə sözügedən obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi xəbərdarlıq olunub.

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013