Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Əhalinin radiasiya təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıl-sın ki, iki ay müddətində:

 

- qüvvədə olan qanunvericilik aktlarının «Əhalinin radiasiya təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

- Həmin Qanunun 13-cü maddəsinin dördüncü hissəsində nə-zərdə tutulmuş ərazi, müəssisə və təşkilatların radioloji gigiyenik pasportlarının formasını və tərtib edilməsi qaydasını hazırlayıb təsdiq etsin;

 

- Həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət qaydasını müəyyən etsin;

 

- Həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- Öz səlahiyyəti daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin;

 

- Bu Fərmanın 3-cü bəndində sadalanan fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarını hazırlayıb təsdiq etsin.

 

2. Müəyyən edilsin ki:

 

- «Əhalinin radiasiya təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

- həmin Qanunun 7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsinə aid hissədə), 9-cu maddəsinin altıncı hissəsində, 13-cü maddəsinin dördüncü hissəsində, 18-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

 

- həmin Qanunun 7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətinə aid hissədə), 9-cu maddəsinin ikinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin birinci hissəsində, 14-cü maddəsinin onuncu və on birinci abzaslarında, 19-cu maddəsinin dördüncü abzasında və 20-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

 

- həmin Qanunun 7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətinə aid hissədə), 9-cu maddəsinin səkkizinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin birinci hissəsində, 14-cü maddəsinin onuncu və on birinci abzaslarında, 19-cu maddəsinin dördüncü abzasında və 20-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsi-nə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi həyata keçirir;

 

- həmin Qanunun 7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətinə aid hissədə) və 14-cü maddəsinin on birinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublika-sının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi həyata keçirir;

 

- həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında, 19-cu maddəsinin dördüncü abzasında v 20-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər;

 

- həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında, 19-cu maddəsinin dördüncü abzasında və 20-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir.

 

3. Müəyyən edilsin ki, «Əhalinin radiasiya təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddə-sində göstərilən aşağıdakı fəaliyyət növləri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aiddir və onların lisenziyalaşdırılması Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-mədən Nəzarəti Komi-təsi tərəfindən həyata keçirilir:

 

- ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işləri;

 

- ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması;

 

- həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması;

 

- radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 19 avqust 1998-ci il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013