Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İki rayonda 15 qanunsuz aptek!

30 iyun 2008

 

İki rayonda 15 qanunsuz aptek!

 

Şəki və Zaqataladakı əczaxanaların vəziyyəti narahatlıq doğurur

 

Q.TƏBİƏTOĞLU

 

«Əczaçılıq xəbərləri»nin ötən sayında Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM) regionlarda fəaliyyət göstərən apteklərdə irimiqyaslı reydlərə başladığı barədə məlumat vermişdik. Qeyd edək ki, rayonların əksəriyyətində yoxlamalar artıq başa çatıb. Görəsən, paytaxtdan xeyli aralıda yerləşən, belə demək mümkünsə, gözdən bir qədər uzaq olan əczaxanalarda vəziyyət necədir? Şəki və Zaqatala apteklərinin timsalında bu suala aydınlıq gətirməyə çalışacağıq.

 

Şəki

DVAEM-in inspektorları Şəkidə 4-ü nömrəli, 7-si lisenziyalı, 8-si isə qanunsuz olmaqla, ümumilikdə 19 aptekə baxış keçiriblər. Əvvəlcədən qeyd edək ki, bu 19 əczaxana arasında elə biri yoxdur ki, orada hər hansı nöqsan aşkar olunmasın. Bu baxımdan dövlət apteklərinin vəziyyəti daha pisdir. Yəqin siz də razılaşarsınız ki, dövlətin tabeliyində olduğu üçün əhali nömrəli apteklərə daha çox etibar edir. Bu məntiqlə yanaşsaq, belə apteklər digərləri ilə müqayisədə daha qayda-qanunlu olmalıdır. Amma Şəkidəki nömrəli apteklərdə vəziyyət heç də belə deyil. Məsələn, götürək Şəki şəhəri, M.Müşfiq küçəsində (bazarın içi) fəaliyyət göstərən 576 nömrəli apteki (müdiri Gülnaz Ağası qızı Sədrəddinova). Bu obyekt müvafiq normativ tələblərə qətiyyən cavab vermir. Reyd zamanı məlum olub ki, öz təmirsizliyi ilə adamda ikrah hissi doğuran həmin əczaxanada aptek mebeli, qapalı şkaflar, şüşə ayırıcı, kondisioner, sanitariya qovşağı, soyuducu və standart ad asılqanından əsər-əlamət yoxdur. Hələ termometr, hiqrometr və bu kimi digər çatışmazlıqları demirik. Problemlər təkcə bunlarla bitmir. Yoxlama zamanı sözügedən aptekdə vərəm əleyhinə dərmanlar, holoqramlar və ölkə ərazisində dövriyyəsinə xüsusi nəzarət olunan preparatlar aşkar edilib. Qeyd edək ki, holoqramlar qeydiyyatdan keçərək sertifikat almış dərmanlara verilir və bu keyfiyyət nişanı dərmanların üzərinə əczaçılıq şirkətləri tərəfindən vurulmalıdır. Lakin bəzi hallarda həmin şirkətlər holoqramları dərmanların üzərinə vurmur, bu işi apteklərin özlərinə həvalə edirlər. Bu isə qanunla qadağandır, çünki heç kim təminat verə bilməz ki, həmin holoqramlar aptekdə hansısa yararsız dərmanın üzərinə yapışdırılmayacaq və bu preparatlar keyfiyyətli dərman adı ilə əhaliyə satılmayacaq. O ki qaldı dövriyyəsinə xüsusi nəzarət olunan dərmanlara, onların hər birinin rəsmi qaiməsi olmalıdır. Lakin haqqında danışdığımız aptekin işçiləri bununla bağlı inspektorlara heç bir sənəd təqdim edə bilməyiblər. Yararsız dərmanlar baxımından isə burada vəziyyət daha pis olub: aptekdən 19 adda (117 qutu) sertifikatsız, 6 adda (8 qutu) isə istifadə müddəti bitmiş preparat müsadirə edilib.

Ümumilikdə götürsək, Şəkidəki lisenziyalı apteklərin də vəziyyəti qənaətbəxş deyil. Problemlər isə ənənəvidir: bu obyektlər əczaçılıq avadanlıqları ilə lazımi səviyyədə təmin olunmayıb, dərmanların saxlanma şəraiti narahatlıq doğurur, satışda sertifikatsız və istifadə müddəti bitmiş preparatlar var və s.

Qeyri-qanuni apteklərin sayına görə də vəziyyət acınacaqlıdır. Yoxlamalar zamanı məlum olub ki, Şəkidə 8 belə obyekt fəaliyyət göstərir. Onların ünvanlarını və sahiblərini təqdim edirik: Şəki şəhəri, S.Rəhman küçəsi, ev 11/5-də Elxan Muxtar oğlu Əhmədova məxsus aptek; M.Rəsulzadə küçəsində Dərya Yaşar oğlu Xəlilova məxsus aptek; M.F.Axundov küçəsi, 6-da Şahin Şahid oğlu Rəşidova məxsus aptek; M.Rəsulzadə küçəsi, 113-də Şərqiyyə Valəddin qızı Səlimovaya məxsus aptek; H.Əliyev prospektində (dairənin yanı) Natella Əliqulu qızı Rəsulovaya məxsus aptek; M.Müşfiq küçəsində təsərrüfat malları mağazasının içərisində Almaz Qəni qızı Məmmədovaya məxsus aptek; M.Rəsulzadə küçəsində Etibar Əhliyar oğlu Səmədova məxsus aptek; Böyük Dəhnə kəndində İslam Məmməd oğlu İsmayılova məxsus aptek.

Bu əczaxanalar barədə ətraflı söhbət açmağa ehtiyac görmürük. Çünki onların bəziləri elə yerindəcə DVAEM-in inspektorları tərəfindən bağlanıb, bəzilərinin işinə isə yaxın günlərdə xitam veriləcək. Amma bununla belə, bir faktı qeyd eləməyə dəyər. Sözügedən apteklərə rəhbərlik edənlərin günahı təkcə qanunsuz əczaçılıq fəaliyyəti ilə məşğul olmaq deyil. Aşkar olunan qüsurlar göstərir ki, onlar həm də əhalinin sağlamlığını ciddi təhlükə qarşısında qoyurlar. Təkcə onu qeyd etmək kifayətdir ki, ilkin hesablamalara görə, bu 8 aptekdə 53 adda (295 qutu) sertifikatsız, 35 adda (70 qutu) istifadə müddəti bitmiş preparat, həmçinin saxlanma şəraitinə düzgün riayət olunmadığı üçün yararsız vəziyyətə düşmüş xeyli dərman aşkar olunub.

 

Zaqatala

 

Zaqatalada 14-ü nömrəli, 6-sı lisenziyalı, 7-si isə qanunsuz olmaqla, 27 aptekdə yoxlama aparılıb. Statistika göstərir ki, Şəki əczaxanaları haqqında dediklərimizi Zaqataladakı apteklərə də aid eləmək olar.

DVAEM-in inspektorları bu rayonda da dövlət apteklərinin vəziyyətindən narazı qalıblar. Reyd zamanı məlum olub ki, nömrəli apteklərin əksəriyyəti müvafiq normativ tələblərə cavab vermir. Hətta onların arasında elələri var ki, dərmanların buraxılışı qeyri-ixtisas sahiblərinə həvalə olunub. Belə əczaxanalara Zaqatala şəhəri, F.Əmirov küçəsindəki ticarət cərgəsində yerləşən 486 nömrəli apteki misal göstərmək olar. Acınacaqlı haldır ki, bu obyektdə işləyən 3 nəfərdən 2-si əczaçı deyil.

Lisenziyalı apteklərdə də ciddi nöqsanlar aşkar olunub. Təbii ki, onların hamısını bir-bir sadalamağa ehtiyac yoxdur. Ona görə ki, problemlər təxminən eynidir: əczaçılıq avadanlıqları ilə təminat lazımi səviyyədə deyil, dərmanların saxlanma şəraitinə düzgün riayət olunmur, əhaliyə sertifikatsız, bəzi hallarda isə istifadə müddəti bitmiş preparatlar satılır və s. Məsələn, götürək F.Əmirov küçəsi, 17 ünvanında fəaliyyət göstərən, Azər Beydulla oğlu Vahidova məxsus (lisenziya 030805) aptek məntəqəsini. Yoxlama zamanı məlum olub ki, burada sanitariya və dərmanların saxlanma qaydalarına düzgün riayət olunmur. Preparatların bir hissəsi yerdə, soyuducuda saxlanması tələb olunan dərmanlar isə adi rəflərdə saxlanılır. Bütün bunlarla yanaşı, sözügedən aptekdə vərəm əleyhinə dərmanlar və holoqramlar aşkar olunub. O da məlum olub ki, işçilərdən 3 nəfəri qeyri-ixtisas sahibidir. İnspektorlar həmin obyektdə 23 adda (28 qutu) sertifikatsız, 4 adda (4 qutu) isə vaxtı keçmiş dərman müsadirə ediblər.

Zaqataladakı qanunsuz apteklər isə bunlardır: F.Əmirov küçəsi, «Ağ Saray»ın içərisində Abdulrəhman Cəfər oğlu Dərvişova məxsus aptek; İmam Şamil küçəsində 549 nömrəli aptek (müdiri Heydər Mürsəl oğlu Balayev. Aptekin ünvandəyişmə haqqında sənədi yoxdur); Vidadi küçəsi, 1-də Süleyman Xizri oğlu Süleymanova məxsus aptek; İmam Şamil küçəsində Qüdrət Əli oğlu Həsənova məxsus aptek; Əliabad qəsəbəsində Pəribikə Abdürrəhman qızı Hacıyevaya məxsus aptek; Əli Bayramlı kəndində Səfa Nadir qızı Rəhimovaya məxsus aptek; Muxax kəndində Damada Şaban oğlu Mahmudova məxsus aptek.

Əlbəttə, Şəkidə olduğu kimi, Zaqataladakı qanunsuz apteklərin də bəziləri reyd zamanı bağlanıb, qalanlarının fəaliyyəti isə yaxın günlərdə dayandırılacaq. Ona görə də yalnız onların ünvanlarını və sahiblərini təqdim etməklə kifayətləndik. Amma bir fakta diqqət yetirməyə dəyər: Səfa Nadir qızı Rəhimovaya məxsus qanunsuz aptek Əli Bayramlı Kənd Sahə Xəstəxanasının ərazisində yerləşir. Halbuki Səhiyyə Nazirliyi nəinki qeyri-qanuni, hətta qanuni apteklərin də hər hansı dövlət tibb müəssisəsinin ərazisində fəaliyyətinə qadağa qoyub. Onu da qeyd edək ki, sözügedən aptek qanunsuz olması ilə yanaşı, ciddi qüsurlarla da “zəngindir”. Yoxlama zamanı məlum olub ki, burada aptek mebeli, qapalı şkaflar, şüşə ayırıcı, kondisioner, sanitariya qovşağı, soyuducu, standart ad asılqanı yoxdur. Dərmanların buraxılışında qeyri-ixtisas sahibi iştirak edir. Bütün bunları nəzərə alan DVAEM-in inspektorları yoxlama başa çatan kimi həmin aptekin fəaliyyətini dayandırıblar.

Sonda onu da qeyd edək ki, həm Şəkidə, həm də Zaqatalada fəaliyyət göstərən apteklərin rəhbərlərinə aşkar olunmuş qüsurları aradan qaldırmaq üçün vaxt verilib. Qanunsuz əczaxanaların sahiblərinə isə rəsmi xəbərdarlaq olunub. Xəbərdarlıqda xüsusi razılıq sənədi (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olanların nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.4-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb etmə heç kimi xüsusi razılıq sənədi (lisenziya) almaq öhdəliyindən azad etmir: «Qanunun bu tələbini əldə rəhbər tutaraq, sizdən qeyri-qanuni fəaliyyətinizi dərhal dayandırmaq və əczaçılıq fəaliyyəti üçün müvafiq xüsusi razılıq sənədi (lisenziya) almaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etməyiniz tələb olunur».

Xəbərdarlıqda o da qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq sənədi (lisenziya) tələb olunduğu halda onu almadan, həmçinin lisenziyalaşdırma şərtlərinin pozulması ilə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma cinayət məsuliyyətinə səbəb ola bilər.

Əldə etdiyimiz məlumata görə, bu xəbərdarlığa məhəl qoymadan yenidən qeyri-qanuni əczaçılıq fəaliyyəti ilə məşğul olan aptek rəhbərləri haqqında ciddi ölçü götürüləcək.

 

P.S. «Əczaçılıq xəbərləri»nin növbəti saylarında oxucularımıza digər rayonlarda keçirilmiş reydlərin nəticələri barədə də məlumat verəcəyik.

 

Əczaçılıq xəbərləri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013