Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Qərar

 

 № 050

 

18.03.2010-cu il

 

“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında


“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Rezidentura təhsilinin məzmunu və təşkili

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və rezidenturada hazırlığın səviyyəsinə ümumi tələblər qoymaqla, yüksəkixtisaslı həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına təhsilin keyfiyyət səviyyəsinin ümumavropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə respublikanın ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və respublikada verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır.

 

1.2. Bu Qaydalar respublikanın bütün ali tibb təhsili və elmi müəssisələrinə şamil edilməklə, rezidenturada təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir.

 

1.3. Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır və burada təhsil dövlət təhsil standartı və proqramına uyğun hazırlanmış tibb təhsili proqramları əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş həkim-mütəxəssis ixtisasları üzrə aparılır.

 

1.4. Rezidenturada baza ali təhsili olan Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər təhsil ala bilərlər.

 

1.5. Azərbaycan vətəndaşları üçün rezidentura təhsili dövlət hesabına və ya ödənişli əsaslarla aparılır.

 

1.6. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsilin müddəti müvafiq təhsil proqramları ilə müəyyənləşdirilir və 2 ildən 5 ilə qədər təşkil edir.

 

1.7. Rezidenturanı bitirən şəxslərə ixtisası üzrə “həkim- mütəxəssis” ali peşə-ixtisas dərəcəsi verilir.

 

2. Rezidenturada təhsilin məzmununa və təşkilinə qoyulan tələblər

 

2.1. Rezidenturada təhsil əyani formada həyata keçirilir.

 

2.2. Rezidenturada təhsilin məzmunu və ona qoyulan minimum tələblər həkim-mütəxəssis hazırlığı prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris növlərini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Rezidenturada təhsil proqramında auditoriya tədris yükü həftədə 6 saatdan çox olmamalıdır.

 

2.3. Rezidenturada təhsil alanlar nəzəri təlim, həkim hazırlığı, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, sərbəst müalicə- profilaktik işlərinin aparılması və sairə formada öyrənilməsi ilə təmin olunur.

 

2.4. Rezidenturada təhsilalanların nəzəri biliklərinin və müalicə- profilaktik işlərinin həcmi tədris proqramlarına uyğun və dövlət təhsil standartlarına əsasən müəyyənləşdirilir.

 

2.5. Rezidenturada təhsilin tədris planı təhsil proqramları əsasında hazırlanır və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

 

2.6. Rezidenturada həkim-mütəxəssis hazırlığı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən baza kimi müəyyən edilmiş təhsil, elm müəssisələrində və aparıcı klinikalarda aparılır.

 

2.7. Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim- mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

 

2.8. Rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir.

 

2.9. Həkim- mütəxəssislərin hər ixtisas üzrə hazırlığına müəssisənin rəhbərliyi tərəfindən təyin olunmuş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş elmi dərəcəsi, elmi adı olan və ya elmi dərəcəsi, elmi adı olmayan yüksəkixtisaslı mütəxəssis (rəhbər-kurator) cavabdehdir. Hər bir kuratora, iki nəfərdən çox həkimə, eyni zamanda rəhbərlik etməyə icazə verilmir.

 

2.10. Rezidenturada təhsil alan fərdi iş planına müvafiq olaraq təhsil aldığı müəssisənin elmi şurası (tibbi şurası) qarşısında hesabat verir və hər təhsil ilinin sonunda şura tərəfindən attestasiya olunur.

 

2.11. Rezidenturada təhsil alanlar attestasiyadan keçmədikdə, rezidenturadan xaric edilirlər.

 

2.12. Təhsil müddəti başa çatdıqda, rezidenturada təhsil alan həkimlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi attestasiya komissiyası tərəfindən ali təhsil müəssisəsində aparılır. Rezidenturanı müvəffəqiyyətlə bitirənlərə müvafiq dövlət nümunəli diplom verilir.

 

3. Rezidenturaya qəbul

 

Rezidenturaya qəbul qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013