Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında

Azərbaycan Respublikasi Prezidentinin Fərmani

 

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı məqsədilə son illər xüsusi dövlət proqramları və sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilmiş və digər tədbirlər həyata keçirilmişdir. Onların arasında Azərbaycan Respublikası Prezidentinin "İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 1996-cı il 17 iyun tarixli 463 nömrəli və "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli 69 nömrəli fərmanları, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 610 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)" xüsusi yer tutur. Bu tədbirlərin və eləcə də həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq hazırda ölkədə ümumi daxili məhsul istehsalının 71 faizi, o cümlədən sənayedə 50 faizi, kənd təsərrüfatında və ticarətdə 99 faizi özəl bölmənin payına düşür.

 

Eyni zamanda qeyd etmək lazımdır ki, sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə baxmayaraq, bu sahədə bir sıra problemlər hələ də tam aradan qaldırılmamışdır. Bu gün sahibkarlığın dövlət tənzimlənməsini həyata keçirən bir sıra mərkəzi, şəhər və rayon icra hakimiyyəti orqanlarının işi qənaətbəxş sayıla bilməz. Belə ki, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları, o cümlədən vergi, gömrük, hüquq-mühafizə və sanitar-epidemioloji xidmət orqanları tərəfindən sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələr edilir, müxtəlif yoxlamalar aparmaqla onların işinə maneçilik törədilir. Məhkəmələr tərəfindən iqtisadi mübahisələrin həllində süründürməçilik və qeyri-obyektiv qərarların qəbul olunması hallarına rast gəlinir. Bütün bunlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan adamların haqlı narazılığına səbəb olur, onların sahibkarlıq təşəbbüsünün reallaşmasına və daxili potensialdan daha dolğun istifadə edilməsinə imkan vermir.

 

Ölkədə sahibkarlığın inkişafını daha da sürətləndirmək və ona mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədilə qərara alıram:

 

 

 

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi gömrük orqanları tərəfindən sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə hallarına son qoyulmasını təmin etsin, onların işini təkmilləşdirsin, qaçaqmalçılığa qarşı nəzarəti gücləndirsin və görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

4. Azərbaycan Respublikası Rabitə Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırılsın ki, həmin orqanlar və onların qurumları tərəfindən aparılan qanunsuz yoxlamaları və sahibkarlara törədilən maneələri aradan qaldırsınlar, gələcəkdə sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilə hallarına yol verilməməsi üçün zəruri tədbirlər görsünlər.

 

5. Şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki, həmin orqanların nəzarət və yoxlama funksiyalarını yerinə yetirən müxtəlif qurumlarını (departament, idarə, mərkəz, büro və s.) on gün müddətində ləğv etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

 

6. Müəyyən edilsin ki, dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində yoxlamalar qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, yalnız Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər.

 

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Dövlət Yol Polisinin nəqliyyat vasitələrinin işinə yersiz müdaxilələrinin qarşısını alsın, onun işini təkmilləşdirsin, şəxsi heyətini 15 faiz ixtisar etsin. Yolların müvafiq texniki vasitələrlə təminatının yaxşılaşdırılmasına və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

 

9. Sahibkarların hüquqlarının müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinə təklif edilsin ki, hakimlərin ədalətsiz və bir çox hallarda mövcud qanunları təhrif edən qərarlarını araşdırıb Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyasında baxılmasını təmin etsin və altı ay müddətində barələrində intizam məsuliyyəti tətbiq edilmiş hakimlər haqqında Azərbaycan Respublikasının Prezidentinə müvafiq məlumat təqdim etsin.

 

 

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi sahibkarların fəaliyyətinə qanunvericiliklə nəzərdə tutulmayan müdaxilə hallarına yol verən ictimai təşkilatlar barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görsün.

 

13. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 №-li fərmanına aşağıdakı redaksiyada "4" bəndi əlavə edilsin:

 

"4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq) və 213-cü (Vergi ödəməkdən yayınma) maddələri üzrə cinayət işləri Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən başlandıqda, həmin cinayətlərin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 179-cu (Mənimsəmə və ya israf etmə), 184-cü (Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyan vurma), 195-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma), 197-ci (Əmtəə nişanlarından qanunsuz istifadə etmə), 198-ci (Bilə-bilə yalan reklam etmə), 199-cu (İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma), 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), 201-ci (Əqdin bağlanmasına və ya onun bağlanılmasından imtinaya məcbur etmə), 202-ci (Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma), 203-cü (Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma), 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma), 205-ci (Saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama və ya satma), 208-ci (Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama), 210-cu (Müflisləşmə zamanı qanunsuz hərəkətlər), 211-ci (Qəsdən müflisləşmə), 212-ci (Saxta müflisləşmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (Vəzifə səlahiyyətlərini aşma), 311-ci (Rüşvət alma), 312-ci (Rüşvət vermə), 313-cü (Vəzifə saxtakarlığı), 314-cü (Səhlənkarlıq), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 326-cı (Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddələrində göstərilən cinayətlərin əlamətləri aşkar olunduqda göstərilən işlər üzrə ibtidai istintaq Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən aparılır".

 

14. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 sentyabr 2002-ci il

№ 790

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013