Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

 

- qüvvədə olan qanunvericilik aktlarının "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

2. Müəyyən edilsin ki:

 

- "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsində, 15-ci maddəsində, 18-ci maddəsinin birinci hissəsinin beşinci abzasında, 30-cu maddəsinin dördüncü hissəsində (hamiləliyin süni surətdə pozulmasına dair sosial göstərişlərin siyahısının müəyyən edilməsi), 35-ci maddəsinin birinci hissəsində, 44-cü maddəsinin üçüncü hissəsində, 46-cı maddəsinin beşinci hissəsində, 56-cı maddəsinin üçüncü və beşinci hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, habelə Qanunun 11-ci maddəsinin birinci hissəsində, 18-ci maddəsinin birinci hissəsinin ikinci abzasında, 24-cü maddəsinin ikinci hissəsində, 30-cu maddəsinin dördüncü hissəsində (hamiləliyin süni surətdə pozulmasına dair tibbi göstərişlərin siyahısının müəyyən edilməsi), 31-ci maddəsinin ikinci hissəsində, 32-ci maddəsinin beşinci hissəsində, 33-cü maddəsinin dördüncü hissəsində, 34-cü maddəsinin ikinci hissəsində, 41-ci maddəsinin birinci hissəsində, 45-ci maddəsinin birinci hissəsində, 46-cı maddəsinin ikinci hissəsində, 48-ci maddəsinin ikinci hissəsində, 49-cu maddəsinin üçüncü hissəsində, 50-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

 

- həmin Qanunun 35-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi maraqlı nazirliklər və idarələrlə birlikdə həyata keçirir;

 

- həmin Qanunun 39-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir;

 

- həmin Qanunun 43-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

 

- "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; həmin Qanuna və bu Fərmanın 2-ci bəndinin ikinci abzasında nəzərdə tutulmuş səlahiyyətlərinə uyğun olaraq: dövlət tibb müəssisələrində göstərilən pullu ixtisaslaşdırılmış tibbi yardımın növlərini; işə qəbul zamanı və iş müddəti ərzində işəgötürənin vəsaiti hesabına yoluxucu və peşə xəstəliklərinin qarşısının alınması məqsədi ilə məcburi dövri tibbi müayinədən keçirilən işçilərin peşə növlərinin siyahısını; yetkinlik yaşına çatmayanların güzəştli şərtlərlə qidalanmaq və tibbi-sosial yardım almaq hüquqlarının təmin edilməsi qaydasını; hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin siyahısını; ictimai təhlükəli xəstəliklərin siyahısını; hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydasını; hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələbləri; xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydasını; təhlükəli və ya zərərli əmək şəraiti ilə əlaqədar əlavə haqq, kompensasiya və ya digər güzəştlər almaq hüququna malik olan tibb və əczaçılıq işçilərinin siyahısını; xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş dövlət səhiyyə müəssisələrinin tibb və əczaçılıq işçilərinin ailələrinə verilən birdəfəlik müavinətin miqdarını müəyyən edən müvafiq normativ-hüquqi aktları qəbul etsin və bu haqda Azərbaycan Respublikası Prezidentinə məlumat versin;

 

- öz səlahiyyəti daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılsın ki, iki ay müddətində:

 

- Nazirlik haqqında yeni Əsasnamə layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

həmin Qanuna və bu Fərmanın 2-ci bəndinin üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş səlahiyyətlərinə uyğun olaraq:

 

dövlət səhiyyə sisteminin uşaq və yeniyetmə tibb xidməti müəssisələrində yetkinlik yaşına çatmayanların pulsuz dispanser nəzarətində olması və müalicəsi qaydasını;

 

hamiləliyin süni surətdə pozulmasına dair tibbi göstərişlərin siyahısını;

 

tibbi sterilizasiyaya dair göstərişləri;

 

ilkin tibbi sanitariya yardımının göstərilməsi qaydasını;

 

təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydasını;

 

ixtisaslaşdırılmış tibbi yardımın növlərini, həcmini, keyfiyyət standartlarını və göstərilməsi qaydasını;

 

tibbi-sosial yardımın növlərini və həcmini; insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarlarını və qaydasını;

 

patoloji-anatomik yarmanın aparılması qaydalarını;

 

ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslərin orta tibb təhsilli işçi vəzifəsində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydasını;

 

səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının dövlət standartlarına, tibb və əczaçılıq peşələrinin nomenklaturasına uyğun olan fəaliyyət üçün vacib olan diaqnostika, müalicə, profilaktika və sağlamlığı möhkəmləndirmə metodlarının məcmusunu müəyyən edən normativ-hüquqi aktları qəbul etsin və bu haqda Azərbaycan Respublikası Prezidentinin icra Aparatına məlumat versin;

 

- öz səlahiyyəti daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 iyul 1997-ci il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013