Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sayı çox, sambalı yox!

3 oktyabr 2008

Sayı çox, sambalı yox!

 

Oğuz rayonundakı 9 aptekdən 7-si qanunsuz fəaliyyət göstərir.

 

Ə.NURİ

 

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM) əməkdaşları Oğuz rayonundakı apteklərdə də yoxlama aparıblar. Məlum olub ki, bu rayonda 1-i lisenziyalı, 1-i nömrəli, 7-si isə qanunsuz olmaqla, 9 əczaxana fəaliyyət göstərir.

 

Sözümüzə müsbət faktlardan başlayaq. Oğuz şəhəri, Əzizbəyov küçəsi, 7-də fəaliyyət göstərən, "SAĞLAMLIQ F" MMC-yə məxsus (lisenziya 025657) aptek məntəqəsini şərait baxımından ən yaxşı əczaxanalardan biri hesab eləmək olar. Yüksək səviyyədə təmir olunmuş bu obyekt vitrin, qapalı şkaflar, şüşə ayırıcı, kondisioner, əczaçılıq soyuducusu, sanitariya qovşağı, standart ad asılqanı ilə təmin edilib.

 

Oğuz şəhəri, Cavanşir küçəsi, 19 ünvanında yerləşən 927 nömrəli əczaxana (müdiri Zakir Allahverdi oğlu Həsənov) isə aptek mebeli, qapalı şkaflar, şüşə ayırıcı, kondisioner və soyuducu ilə təmin edilsə də, reklam lövhəsi standarta uyğun deyil.

 

Oğuzda fəaliyyət göstərən qanunsuz əczaxanalar isə bunlardır: Oğuz şəhəri, Cavanşir küçəsində Fuad Eldar oğlu Şirinova məxsus aptek; yenə həmin küçədə Təranə Qasım qızı Vahabovaya məxsus aptek; yenə də həmin küçədə Polad Vaqif oğlu İdrisova məxsus aptek; Oğuz rayonu, Sincan kəndində Qoşqar Cavanşir oğlu Nəbiyevə məxsus aptek; Oğuz rayonu, Xaçmaz kəndində İsrafil Cəbrayıl oğlu Babayevə məxsus aptek (buradan 6 adda (16 qutu) sertifikatsız, 5 adda (8 qutu) istifadə müddəti bitmiş dərman müsadirə olunub); Padar kəndində Vaqif İdrisova məxsus aptek; Kərimli kəndində 374 nömrəli aptek. Qeyd edək ki, sonuncu əczaxananın qanunsuz kimi qeydə alınmasına səbəb onun icazə verilən ünvanda (Sincan kəndi) yox, başqa kənddə fəaliyyət göstərməsidir. Aptekin rəhbəri yerdəyişmə haqqında sənəd təqdim edə bilmədiyi üçün DVAEM-in inspektorları bu obyektin qanunsuz fəaliyyət göstərməsi haqqında akt tərtib ediblər.

 

P.S. DVAEM-dən aldığımız məlumata görə, reyd zamanı aşkar olunmuş qanunsuz apteklərin hamısı bağlanıb. Onlar yalnız Səhiyyə Nazirliyindən xüsusi razılıq sənədi (lisenziya) aldıqdan sonra öz fəaliyyətlərini davam etdirə biləcəklər.

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013