Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411, № 8, maddə 680; 2007, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008, № 7, maddə 612, № 11, maddələr 967, 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 688, № 9, maddə 855) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

 

1. 9.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.11. tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti təmin etmək;”.

 

2. Aşağıdakı məzmunda 9.11-1-ci yarımbənd əlavə edilsin:

“9.11-1. tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarəti təmin etmək məqsədi ilə insanların həyat və (və ya) sağlamlığına əhəmiyyətli zərərin vurulması və ya belə təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, həmin müəssisə və təşkilatlarda yoxlama aparmaq;”.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

3.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının 1997-ci il 26 iyun tarixli 360-İQ nömrəli Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş pullu ixtisaslaşdırılmış tibbi yardımın növlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.2. dərman vasitələrinin qiymətləri və onların ekspertizasının tarifləri ilə bağlı yeni tənzimləmə mexanizminə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 fevral 2013-cü il.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013