4. Dövlət qulluqçusu şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə əmək və icra intizamına ciddi riayət edərək vəzifə funksiyalarını vicdanla, qərəzsiz və keyfiyyətlə yerinə yetirməyə və iş vaxtından səmərəli istifadə etməyə borcludur.
Səhiyyə orqanında qulluqda olan dövlət qulluqçuları bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
5. Dövlət qulluqçusu özünə qarşı tələbkar olmalı, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində, peşəkarlıq səviyyəsində yerinə yetirməli, səhiyyə orqanına daxil olan müraciətlərə və sorğulara qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə baxmalı, məsələləri qanunvericiliyə müvafiq olaraq araşdırmalıdır.
Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə səhiyyə orqanına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.
Dövlət qulluqçusu öz hərəkətləri ilə və qəbul etdiyi qərarlar ilə insanların haqlı tənqidinə şərait yaratmamalı, tənqidə dözümlə, səbirlə yanaşmalı, haqlı tənqiddən fəaliyyətinin təkmilləşdirməsində və çatışmazlıqların aradan qaldırılmasında səmərəli istifadə etməlidir.
6. Dövlət qulluqçusunun xidməti vəzifəsinə aid olmadığı halda səhiyyə orqanının və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.
Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə səhiyyə orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Dövlət qulluqçusu tərəfindən müzakirələr etik davranış qaydalarına riayət edilərək, dövlət qulluğunun nüfuzuna xələl gətirmədən aparılmalıdır.
Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.
7. Dövlət qulluqçusu bütün fəaliyyət dövründə şəxsin, cəmiyyətin və dövlətin qarşısında dövlət qulluqçusu andına sadiq olmalı və vəzifə funksiyalarını həyata keçirərkən bu anda uyğun olan davranış nümayiş etdirməlidir.
Dövlət qulluqçusu Azərbaycan Respublikasının, səhiyyə orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, dövlət qulluğu ilə bağlı dövlət orqanlarının səmərəli fəaliyyətinə mane olan hərəkətlərin qarşısını almağa, öz adını və şərəfini uca tutmağa borcludur.
Dövlət qulluqçusu işə münasibətində şəxsi keyfiyyətləri, davranışı ilə kollektivdə xoş və qarşılıqlı işgüzar münasibətlərin qurulmasına köməklik göstərməlidir.
Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.
Dövlət qulluqçusu səhiyyə orqanının vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.
8. Dövlət qulluqçusunun fəaliyyəti insanların irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına, qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir.
Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Dövlət qulluqçusu təqdim olunmuş müraciətlərin baxılması zamanı süründürməçiliyə yol verməməlidir.
Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
9. Dövlət qulluqçusu bütün şəxslərə, о cümlədən birbaşa və yuxarı rəhbərliyi ilə vəya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli, səbirli olmalı, digər dövlət qulluqçularına qarşı əsassız ittihamlar irəli sürməməli, kobudluq və sərtlik hallarına yol verməməlidir.
Dövlət qulluqçusu xidmət zamanı işgüzar (rəsmi) üslubda geyinməyə üstünlük verməlidir.
10.Birbaşa və ya yuxarı rəhbərinin tabeliyində olan dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun olaraq, üzərinə düşən məqsəd və funksiyalarının həcmini dəqiq və dürüst müəyyən etməli, habelə ona qanunsuz, etik davranış qaydalarına zidd olan, icrası mümkün olmayan tapşırıqları verməməli və onlardan xidməti vəzifələrindən kənara çıxan tapşırıqların yerinə yetirməsini tələb etməməlidir.
Dövlət qulluqçusu birbaşa və yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.
Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqla davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.
Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
11. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməli və bu zaman siyasibitərəfliyə əməl etməlidir. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.
12. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət göstərən dövlət qulluqçusu həmin xidmətə görə hər hansı haqq tələb edə bilməz. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət göstərən dövlət qulluqçusu həmin xidmətə görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.
13. Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, о bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər səhiyyə orqanına akt üzrə təhvil verilməlidir.
14. Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qanunvericiliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məbləğdən (dəyəri şərti maliyyə vahidinin əlli mislindən) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə bir başa rəhbərinin rəyini öyrənməlidir.
15. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Dövlət qulluqçusu vətəndaşlar və digər dövlət orqanları tərəfindən daxil olmuş müraciətlərə baxılmasından və ya qərar qəbul edilməsindən, habelə ona həvalə edilmiş digər səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, о, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.
Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə dövlət qulluğu, etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınmasına dair normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə bir başa və ya yuxarı rəhbərinə müraciət etməlidir.
16. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlardan qənaətlə və səmərəli istifadə etməlidir.
Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.
17. Dövlət qulluqçusu səhiyyə orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir.
Dövlət qulluqçusu səhiyyə orqanında göstərdiyi fəaliyyət zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.
18. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.
Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.
Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətlərində iştiraka təhrik etməməlidir.
Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının xeyrinə istifadə etmək qadağandır.