Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə tariximizə muzeydən baxış

30 iyun 2008

Ü.FAZİLQIZI

 

Azərbaycan Səhiyyə Nazirliyinin 90 illik yubileyi ərəfəsində yolumu Azərbaycan təbabəti muzeyindən (Tibb və səhiyyə tarixi muzeyi) saldım. Məlumat üçün qeyd edim ki, muzey 1986-cı ilin yanvar ayında açılıb və 1889-cu ildə tikilmiş, memarlıq abidəsi sayılan Qaraşəhər müalicəxanasının binasında yerləşir. Burada 1914-1917-ci illərdə görkəmli tibb və dövlət xadimi Nəriman Nərimanov həkim kimi fəaliyyət göstərib.

 

Muzey xalqımızın mədəni irsinin mühüm hissəsini, səhiyyəmizin qədim dövrlərdən bu günə qədər keçdiyi inkişaf yolunu, həmçinin Azərbaycan tibb alimlərinin qazandıqları uğurları işıqlandırmaq məqsədi ilə təşkil olunub. Ancaq burada tək Azərbaycana aid nümunələr yer almayıb.

 

Ekspozisiya Asklep (qədim yunan mifologiyasında sağlamlıq allahı) və onun qızlarının – Gigiyeya və Panakeyanın təsviri olan barelyeflə başlayır. İlk zalda Hippokratın, Əbu Əli ibn Sinanın büstləri və Hippokrat andından bir parça verilib. Burada İbn Sinanın «Həkim elminin qanunu» adlı əsərinin 1143-cü ilə aid olan əlyazmasının fotosurəti nümayiş etdirilir. Onun əsli Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. Ekspozisiyada həmçinin qədim yunan və Roma təbabətinin ayrı-ayrı elementləri, orta əsrlər Şərq və Qərbi Avropa dövrünə aid şəkillər nümayiş olunur.

 

Digər zalda xalq təbabəti metodlarından biri olan küp qoyma təsvir edilib. Burada həmçinin xalq rəssamı Əzim Əzimzadənin çəkdiyi karikaturalar da yer alıb. Rəsmlərdə ara həkimləri, din xadimləri və s. tərəfindən tətbiq edilən və insanların sağlamlığına ziyan verən müalicə üsulları və vasitələri tənqid edilir.

 

Muzeydə nəzəri cəlb edən digər maraqlı eksponatlar orta əsr cərrahlarının əməliyyat alətləri, onların müalicə məqsədi üçün istifadə etdikləri şəxsi əşyalar və əsli Əlyazmalar İnstitutunun fondunda saxlanan XIII-XIX əsrlərə aid traktatların surətləridir.

 

İnqilaba qədərki dövrdə Bakı neft mədənlərində işləyən fəhlələrin ağır həyat şəraiti, onların müxtəlif infeksion xəstəliklərdən ölməsi və sairlə bağlı sənədli materillar isə insanın gözü önündə həmin şəraiti canlandırır.

 

Muzeydə tibbi avadanlıqlarla təchiz olunmuş ilk Azərbaycan tibb müəssisələrinin təşkilinə həsr edilən eksponatları, XX əsrin əvvəllərində Azərbaycan həkimlərinin işlətdikləri tibb alətlərini də görmək olar. 1914-cü ildə vəba xəstəliyi dövründə tikilmiş lazaretin maketi, yoluxucu xəstəliyə tutulmuş xəstənin yerləşdirilməsini əks etdirən diaram həmin dövrü bu günə daşıyır. Burada Mixaylov xəstəxanasının və 1925-ci ildə onun nəzdində yaradılmış ilk təcili yardım stansiyasının fotoşəkilləri də nümayiş etdirilir.

 

Böyük Vətən müharibəsi dövründə ön və arxa cəbhədə vətəndaşlıq borcunu yerinə yetirən tibb işçiləri haqqında onlarla maraqlı eksponatlar, Bakı vağzalına sanitar qatarı ilə yaralıların gətirilməsini, Topçubaşovu əməliyyat zamanı əks etdirən sənədli materiallar muzeyə canlılıq gətirir.

 

Muzeydə Bakıda tikiləcək elmi mərkəzlərin maketləri də nümayiş etdirilir.

 

Hazırda Azərbaycan təbabəti muzeyində əsaslı təmir işləri aparıldığından, burada olan eksponatların hamısı ilə tanış ola bilməsəm də, bələdçi xanım qədim dövrlərdən indiyədək səhiyyə tarixinin bütün mərhələlərinin stendlərdə, sənədli materiallarda və s. öz əksini tapacağını dedi.

 

Muzeydən ayrılanda “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır” deyiminin nə qədər doğru olduğuna bir daha inandım.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013