Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyənin beynəlxalq əlaqələrində yeni mərhələ

Səhiyyənin beynəlxalq əlaqələrində yeni mərhələ

 

Bu və ya başqa sahələrin inkişafında beynəlxalq əlaqələr mühüm rol oynayır. Adətən, bu cür əlaqələr inkişaf etmiş ölkələrlə inteqrasiya olmağa imkan yaradır. Elə buna görə də ayrı-ayrı qurum və təşkilatlarla beynəlxalq əlaqələrə diqqət verilir. 1994-cü ildən başlayaraq Respublika Səhiyyə Nazirliyində xarici əlaqələr üzrə xüsusi əlaqələr yaradılmışdır. Bu şöbə yarandığı vaxtdan öz fəaliyyətini milli səhiyyənin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT Uşaq Fondu (UNİCEF) kimi öncül beynəlxalq strukturlar və ölkədə təmsil olunan bir sıra qeyri-hökumət beynəlxalq humanitar təşkilatlarla fəal əməkdarlığı üzərində qurmuşdur. Xarici əlaqələr şöbəsinin qarşısında, yuxarıda adları çəkilən təşkilatlarla, ilk öncə, ÜST-ün Avropa Bürosu ilə sıx əməkdaşlıq çərçivəsində proqramlar silsiləsini həyata keçirmək vəzifəsi dururdu. Gənc müstəqil dövlət ölkənin başlıca iqtisadi, sosial və digər xarakterli problemləri sırasında milli səhiyyənin də öncül məsələlərini həll etməli idi. Bu məsələlər Azərbaycan Respublikası hökuməti və ÜST Avropa Bürosu kooperasiyasının fəaliyyətini qaydaya salan sənədlərdə öz əksini tapmışdır.

 

Orta müddətli Proqram və ya, Medium Text Program (MTP) adlanan bu əsas sənədin tərtib edilməsində, onun bütün hökumət və beynəlxalq səviyyələrdə rəsmiləşdirilməsində, irəlilədilməsində, eləcə də imzalanma üsulunda xarici əlaqələr şöbəsi olduqca fəal iştirak etmiş və etməkdədir. MTR-nin ölkədə tətbiqi şöbənin gündəlik fəaliyyətində önəmli yer tutur. Bunun üçün həyata keçirilən hər bir proqram üzrə Ümumdünya Səhiyyə Təşkilatının ştatdankənar əlaqələndiricilər institutu fəaliyyət göstərir. Proqramlar çərçivəsində hər bir layihənin fəaliyyəti, yəni milli mütəxəssislər üçün ölkədə keçirilən tədbirlər , beynəlxalq seminar və konfranslarda iştirak və s. şöbə tərəfindən əlaqələndirilir. Səhiyyənin daha bir öncül və şöbənin gündəlik gərgin iş obyekti olan sahəsini də qeyd etmək lazımdır. Bildiyimiz kimi, vərəm DOT proqramının həyata keçirilməsinə 1995-ci ildən başlanmışdır. Bununla əlaqədar olaraq vərəmin profilaktikası, diaqnostikası və müalicəsi üzrə Ümumdünya Səhiyyə Təşkilatının proqramı Azərbaycanın üç bölməsində-Bakıda, Lənkəranda və Xaçmazda uğurla həyata keçirilmişdir. Layihənin müvəffəqiyyətlə həyata keçirilməsindən öncə Səhiyyə Nazirliyinin beynəlxalq şöbəsi profilli tibb müəssisələrinin mütəxəssis və rəhbərliyi ilə çox gərgin və diqqətəlayiq ftiziopulmonoloji iş görmüşdür.

 

Xatırladaq ki, malyariya proqramı (Malaria Control Vamme Pvoq) sahəsində uğurlu addımlar atılmışdır. Onu da qeyd edək ki, 1996-cı ilin göstəriciləri ilə müqayisədə malyariya ilə bağlı vəziyyətin xeyli yaxşılaşması yalnız Ümumdünya Səhiyyə Təşkilatı proqramının təchizinə başlamış Səhiyyə Nazirliyinin böyük səyləri nəticəsində mümkün olmuşdur. Xarici əlaqələr şöbəsi beynəlxalq və donar təşkilatlar, hər şeydən öncə UNİ-CEF, Sərhədsiz həkimlər (Belçika), Qızıl Xaç Federasiyası və İtaliyanın AGIP neft şirkəti ilə əlaqədar çərçivəsində bütün imkan və ehtiyatları malyariya ilə mübarizəyə səfərbər etmişdir. Səhiyyə Nazirliyinin, onun beynəlxalq əlaqələr şöbəsinin ÜST ilə sıx əməkdaşlığı poliomielit ilə xəstələnməni nəzarət altına almağa imkan vermiş və artıq bu gün ÜST Azərbaycanı poliomielitdən azad bölgə elan etmişdir. Vaksinlə aşılama və immunitet yaratma məsələsi də müasir səhiyyənin vacib problemlərindəndir.

 

Artıq Səhiyyə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi UNICEF və ÜST ilə sıx əməkdaşlıq şəraitində vaksin tədarükü və bütünlükdə milli immunitet yaratma siyasəti ilə bağlı durumu xeyli yaxşılaşdırmışdır. Müasir dünyada analıq və uşaqlığın qorunması, reproduktiv sağlamlıq və təhlükəsiz hamiləlik məsələləri səhiyyənin ən mühüm sahələrindən biri olaraq qalır. Beynəlxalq şöbənin əməkdaşları xarici təşkilatları və xarici ölkələrdəki həmkarlarını cəlb edərək, bu problemlərin həllinə çox böyük diqqət yetirmişlər. Şöbənin diabet, QİÇS və cinsi yolla yayılan xəstəliklər, onkoloji xəstəliklər və s. ilə mübarizədə donorların və beynəlxalq təşkilatların ehtiyatlarını səfərbər etmək sahəsində xidmətləri də çox böyükdür. Səhiyyənin statistik və məlumat xidməti bazasının təkmilləşdirilməsi sahəsində aparılan işlərin görülməsində Səhiyyə Nazirliyinə Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin Uşaq və Əhali Fondlarının, eləcə də digər qurumların və bir sıra xarici təşkilatların dəstəyini xüsusi qeyd etmək lazımdır. İnformasiya sistemlərinin müasirləşməsi bu gün dünyanın bütün ölkələri üçün olduqca əhəmiyyətli bir məsələdir.

 

Təsadüfi deyil ki, Azərbaycan Respublikasında Səhiyyə İnformasiya Sisteminin təkmilləşdirilməsi və inkişafı bu gün 3 dövlət proqramında öz əksini tapmışdır. Hesabat və qeydiyyat sisteminin təkmilləşdirilməsi, Xəstəliklərin beynəlxalq təsnifatının Azərbaycan dilinə tərcümə olunması, informasiya sistemi üzrə tibb işçilərinin biliklərinin artırılması məqsədilə rayonlarda genişmiqyaslı treninqlərin keçirilməsi son illərdə görülmüş işlərin yalnız bir hissəsidir. Xatırladaq ki, müstəqil Azərbaycan dirçəldikcə, ölkələrarası sərhədlərdə şəffaflıq yarandıqca Səhiyyə Nazirliyinin beynəlxalq əlaqələri də get-gedə genişlənir. Fikrimizcə, XXI əsrdə belə əlaqələr daha qlobal xarakter alacaqdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013