Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb elmi islahatlar tələb edir

30 oktyabr 2007

 

«Əhalinin sağlamlıq durumunun pisləşməsi, xəstəliklərin artması, tibbi yardım və dərman təchizatının kəmiyyət və keyfiyyət baxımından azalması kimi problemlərin həlli çox vacibdir. Ancaq təşkilatlanma və tibbi texnologiyaların tətbiqi, sağlamlığın qorunması sahəsində əsas problemlərə dair hərtərəfli elmi proqramların hazırlanması və həyata keçirilməsi də önəmlidir. Bu həm də iqtisadi baxımdan əlverişlidir. Digər mühüm vəzifə isə əhalini sosial baxımdan təhlükəli və əhəmiyyətli xəstəliklərdən qorumaqdır». Bu fikirləri bizimlə söhbətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının sədri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, professor Oqtay Seyidbəyov bildirdi. O bu gün səhiyyə sahəsində həyata keçirilən islahatlarda tibb elminin rolu barədə mülahizələrini bizimlə bölüşdü:

 

- Hazırda elmi-nəzəri tədqiqatlar zəifləyib, iri elmi məktəblər isə, demək olar ki, yoxdur. Həmçinin elmi kollektivlərin yaradıcılıq potensialı yarıtmaz vəziyyətdədir və tibb elminin mövcud təşkilatlanma formaları səhiyyənin başlıca problemlərinin həllinə kömək etmir. Bütün bunlar və bir sıra digər amillər tibb elminin səhiyyə sahəsində həyata keçirilən islahatların təməl daşına çevrilməsinə imkan vermir. Ona görə də tibb elminin səmərəli inkişafına (Səmərənin əsas meyarı səhiyyə üçün minimum büdcə məsrəfləri ilə maksimum faydalı nəticənin əldə edilməsi olmalıdır) nail olmaq üçün mövcud təşkilatlanma formalarından imtina edilməli, tam əsaslandırılmış struktur islahatları aparılmalıdır.

 

- Tibb elmi sahəsində hazırda hansı problemlər mövcuddur?

 

- Əslində, müstəqillik dövründə tibb elmi sahəsində xeyli dəyişikliklər baş verib. Bu istiqamətdə müəyyən müsbət meyllər yaranıb. Ancaq ölkə elminə xas problemlər hələ də qalmaqdadır. Əsas problemlər maliyyə kasadlığı, müasir tələblərə cavab verməyən zəif maddi-texniki baza, elmin nüfuzdan düşməsi, elmi və pedaqoji işçilərin yaşlanması, ixtisaslı kadrların özəl qurumlara axını, innovasiya və sərmayə baxımından süstlük, elmi çalışmaların kommersiyalaşdırılması və s.-dir.

 

Bu gün Azərbaycanın səhiyyə sistemində 11 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Bu ixtisaslaşmış qurumlar elmi-tədqiqat, təşkilati-metodik, müayinə, müalicə, profilaktika, məsləhət fəaliyyətlərini əlaqələndirir. Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu da sanballı elmi potensiala malikdir və hazırda respublikanın əksər tibb alimləri bu elm ocaqlarında cəmləşib. Problem ondadır ki, yaxın 5-10 il ərzində həmin elmi və pedaqoji işçilərin ən təcrübəlilərinin və ixtisaslılarının yaşa görə uzaqlaşması gözlənilir. Əgər indi lazımi islahatlar aparılmasa, sabah institutlarda alim, ali məktəblərdə müəllim tapılmayacaq.

 

- Bəs bu problemləri aradan qaldırmaq, ümumiyyətlə, Azərbaycanda tibb elmini müasir səviyyəyə çatdırmaq üçün nə etmək lazımdır?

 

- Həqiqətən də, bu gün Azərbaycanda elmin, təhsilin rəqabətə davamlılığı qabaqcıl dövlətlərlə müqayisəyə gəlmir. Ona görə də tibb elmini müasirləşdirmək üçün dünyada qazanılan uğurları nəzərə almaqla lazımi tədbirlər görülməlidir.

 

Qeyd edim ki, dünya elminə inteqrasiyanı və elmi tədqiqatların rəqabətə davamlılığını təmin edəcək innovasiya menecmentinin tətbiqinə əsaslanan yenilənmə xüsusilə zəruridir. Bu kimi tədbirlər ayrı-ayrı elmi kollektivlərin və elmi-tədqiqat işlərinin səmərəsini, həmçinin praktik səhiyyənin konkret problemlərinin həllində tibb elminin rolunu artıra bilər. Bununla yanaşı, xaricdə mövcud olan müasir texnologiyaların ölkəmizdə tətbiqinə şərait yaradar.

 

Eyni zamanda, praktik səhiyyənin tərəqqisi üçün tibb elminin potensialını qoruyub saxlamaq da mühüm şərtdir. Həmçinin səhiyyənin elmi və praktiki problemlərini həll etmək üçün tədqiqat institutlarının və ali məktəblərin bütün elmi və texniki potensialını tibb elminin əsas istiqamətlərinə yönəltmək lazımdır. Sahələrarası proqramları maliyyələşdirmək və hazırlamaq üçün yeni mənbə və imkanlar tapılmalı, səhiyyənin əsas problemlərinə dair elmi siyasəti hazırlayacaq qabaqcıl elmi-tədqiqat qurumları müəyyənləşdirilməlidir. Bununla da mövzusu oxşar olan işlərin birləşdirilməsi və təkrarçılığın aradan qaldırılması hesabına tədqiqatları ixtisar etmək, elmi idarələri kompleks araşdırmalara yönəltmək, institut və ali məktəblərin kafedra və bölmələrini elmi fəaliyyətə cəlb etmək mümkün olacaq.

Onu da qeyd edim ki, elmi-tədqiqat qurumlarının fəaliyyətinin əsas səmərəlilik meyarı yekun elmi məhsul və bu məhsulun tətbiqidir. Elmi tədqiqatların nəticələrinin tətbiqi isə bizdə hələ də əsas problemlərdəndir. Bu sahədə mövcud vəziyyətin yaranmasına səbəb həmin işi tənzimləyəcək normativ sənədlərin yoxluğu, tədqiqatçıların elmi məhsulun tətbiqinin nəticələri barədə məlumatlandırılması sisteminin olmaması və sairdir.

 

- Sizcə, elmi tədqiqatların tətbiqi sahəsində mövcud çətinlikləri necə aradan qaldırmaq olar?

 

- Elmi uğurların geniş tətbiqi yeni üsulların əvvəlkilərlə müqayisədə daha təkmil olması ilə şərtlənir.

Elmi tədqiqatlara praktik yön vermək, əldə edilən nəticələri daha tez qiymətləndirmək və həyata tətbiq etmək üçün isə elmi və praktik səhiyyə müəssisələri arasında kooperasiya əsasında sıx əməkdaşlıq yaradılmalıdır. Həmçinin maddi-texniki və kadr təchizatı lazımi səviyyəyə çatdırılmalı, tədqiqat metodologiyası eyniləşdirilməli və nəticələrin qiymətləndirilməsi standart meyarlar əsasında həyata keçirilməlidir.

 

Büdcə ehtiyatları az olan kiçik dövlətdə əsas elmi istiqamətləri müəyyənləşdirərkən mühüm ictimai və sosial problemləri nisbətən qısa müddət ərzində (5 ilədək) həll etmək nəzərdə tutulmalıdır. Şübhəsiz ki, tibb elminin əsas istiqamətləri ölkə əhalisinin önəmli sağlamlıq göstəricilərinə, yəni ölüm, xəstəlik və əlillik hallarının strukturuna, ekspert dəyərləndirmələrinə, mövcud elmi məktəblərin hazırladığı kadrlara və maddi-texniki bazaya görə müəyyənləşdirilməlidir.

 

- Azərbaycanda tibb elmini bütün bunları nəzərə almaqla yenidən qurmaq mümkündürmü?

 

- Tibb elminin yenidən qurulması üçün elmi-tədqiqat müəssisələrinin sabit və səmərəli fəaliyyətinə şərait yaradılmalı, bu sahənin inkişafı üçün elmi və hüquqi baza təkmilləşdirilməlidir. Eyni zamanda, elmi proqramları tezliklə həyata keçirmək üçün müxtəlif mülkiyyət növlərindən yararlanmaq, büdcədənkənar maliyyələşmə mənbələrini daha çox cəlb etmək lazımdır. Bunun üçün isə qeyd edilənlərin hər birini özündə ehtiva edən dövlət proqramı hazırlanmalıdır. Beləliklə, tibb elminin daha mükəmməl olması üçün elmi tədqiqatlara dövlət maliyyəsini artırmaq, xarici alimlərin iştirak etdiyi proqramları və sahələrarası layihələri stimullaşdırmaq, elmi nəticələrin tətbiqi sistemini təkmilləşdirmək lazımdır. Həmçinin gənclərə lazımi şərait yaradılmalı, elmin nüfuzu artırılmalıdır. Qabaqcıl elmi məktəblər qorunmalı, elmi kadrlar, o cümlədən xarici ölkələrdə elmi-tədqiqat menecerləri hazırlanmalıdır.

 

- Sizin fikrinizcə, Azərbaycanda tibb elminin inkişafı və onun tibb təhsili ilə əlaqəsini möhkəmləndirmək üçün hansı addımlar atılmalıdır?

 

- Müasir dünya elminin tələblərini əks etdirən, qabaqcıl ölkələrin təhsil standartlarına uyğun tibb elmi və təhsilinin yeni modeli hazırlanmalıdır. Həmçinin elmi müəssisələrin ali tibb məktəbləri ilə birləşdirilməsi və ya ali məktəblərin bazasında elmi-tibbi mərkəzlərin yaradılması məsələsi də ciddi müzakirə olunmalıdır. Bunlar tibb elminin təhsillə həqiqətən birləşməsinə yardım edəcək.

 

Onu da qeyd edim ki, tibb sahəsində elmi-pedaqoji kadrlar yenilənməli, gənclərin elmi dərəcə almağa marağını artırmaq üçün magistratura və doktoranturada müxtəlif ixtisaslar üzrə kadrların hazırlanması işi təşkil edilməlidir. Bu gün bütün elmi klinik mərkəzlərin fəaliyyəti elmi-texniki proqramların yerinə yetirilməsinə və ixtisaslı tibbi xidmətə yönəldilir, alimlərimizin elmi işləri bilavasitə klinika şəraitində yoxlamadan keçirilir.

 

Ümumiyyətlə, tibb elmi ilə təhsilin əlaqəsini möhkəmləndirmək üçün elmi tədqiqatların proqram və informasiya təminatı artırılmalı, praktik həkimlər elmi tədqiqatlara həvəsləndirilməli, sübutlu təbabət prinsiplərinə əsaslanan texnologiya və metodlar geniş tətbiq olunmalı, diploma qədər və sonrakı təhsil prosesinə yüksək ixtisaslı elmi-tədqiqat işçiləri və klinikaçı mütəxəssislər cəlb edilməlidir.

 

- Hal-hazırda ölkəmizdə bu sahədə hər hansı iş gedirmi?

 

- Əlbəttə, son dövrlərdə tibb elminin müasir idarəetmə prinsipləri əsasında yenidən təşkili problemi gündəmdədir. Səhiyyə naziri Oqtay Şirəliyev Nazirliyin Tibbi-Elmi Şurası qarşısında bu sahədə olan problemləri araşdırmaq və onların mümkün olan həlli yollarını müəyyənləşdirmək vəzifəsini qoyub. Son illər ölkədə səhiyyənin bütün sahələrində gedən köklü islahatlar tibb elmindən də yan keçə bilməz. Odur ki, biz də cənab nazirin tapşırığını yerinə yetirərək, bu sahədə olan vəziyyəti araşdırmış və bəzi təkliflərlə çıxış etmişik. Ümid edirik ki, təkliflərimiz ölkə səhiyyə sistemində gedən yenidənqurma prosesinə öz kiçik töhfəsini verəcək və Azərbaycan tibb elminin inkişafına yardım edəcəkdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013