Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

TİBB İŞÇİLƏRİNƏ İXTİSAS DƏRƏCƏSİNİN VERİLMƏSİ QAYDALARI

TİBB İŞÇİLƏRİNƏ İXTİSAS DƏRƏCƏSİNİN VERİLMƏSİ QAYDALARI

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

"06" iyun 2007-ci il tarixli 54 №-li əmri ilə

təsdiq edilmişdir

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında" 09.01.2004-cü il tarixli 2 nömrəli qərarına uyğun olaraq hazırlanmış, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarında tibbi xidmət sahəsində yüksək iş təcrübəsi ilə fərqlənən rəhbər (həkim, provizor və digər tibb ixtisası tələb olunan), həkim, provizor və orta tibb heyəti vəzifələrində çalışan səhiyyə işçilərinə (bundan sonra ismin müvafiq halında "tibb işçiləri" adlandırılacaq) ixtisas dərəcəsinin verilməsi qaydalarını müəyyən edir.

 

 

 

1.2. Tibbi xidmət sahəsində yüksək iş təcrübəsi, peşəkarlıq səviyyəsi ilə fərqlənən tibb işçilərinə ali, birinci və ikinci ixtisas dərəcəsi verilir. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi könüllük prinsipə əsasında keçirilir.

 

 

2. İXTİSAS DƏRƏCƏSİNİN VERİLMƏSİ ÜZRƏ İXTİSASLAŞDIRILMIŞ KOMİSSİYALARININ YARADILMASI

 

2.1. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi Azərbaycan Respublikasının səhiyyə nazirinin əmri ilə yaradılan, tərkibi vaxtaşırı dəyişdirilən müəyyən tibbi profilə aid edilən İxtisaslaşdırılmış Komissiyalar (bundan sonra ismin müvafiq halında "Komissiya" adlandırılacaq) tərəfindən həyata keçirilir. Komissiya beş nəfərdən az olmayan tək sayda (sədr, katib və üzvləri) yaradılır.

 

2.2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini, Səhiyyə Nazirliyinin müvafiq əmrlərini, sərəncamlarını və bu Qaydaları rəhbər tutur.

 

2.3. Komissiyanın tərkibinə respublikanın müəssisə, idarə və təşkilatlarında, elmi ocaqlarda tibb sahəsində yüksək nailiyyətlər qazanmış, iş təcrübəsi geniş yayılmış təcrübəli və yüksək peşəkarlıq qabiliyyətinə malik olan həkim-mütəxəssislər, tibb sahəsi üzrə elmi işçilər daxil edilirlər. Komissiyanın işində üzrlü səbəb olmadan ardıcıl iki dəfə iştirak etməyən Komissiya üzvləri Komissiyanın yaradıldığı qaydada digər şəxslərlə əvəz olunur. Komissiya ictimai əsaslarda fəaliyyət göstərir.

 

2.4. Komissiyanın iclasları bir qayda olaraq hər rübdə bir dəfə keçirilir.

 

2.5. Komissiya ixtisas dərəcəsini müəyyən edərkən tibb işçisinin fəaliyyət göstərdiyi sahə üzrə nəzəri, praktiki, peşə hazırlığını və test imtahanının nəticəsini hesaba almalıdır. Komissiyanın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Qərara etiraz edən Komissiya üzvünün yazılı rəyi protokola əlavə edilir.

 

 

2.6. Komissiyanın iclasları protokollaşdırılır və Komissiyanın sədri, katibi və üzvləri tərəfindən imzalanır.

 

 

3. İXTİSAS DƏRƏCƏSİNİ ALMAQ HÜQUQU

 

3.1. İxtisas üzrə əmək stajı beş ildən az olmayan ali təhsilli və ixtisas üzrə əmək stajı üç ildən az olmayan orta təhsilli tibb işçiləri ixtisas dərəcəsini almaq hüququna malikdirlər.

 

3.2. Tibb işçilərinə ixtisas dərəcəsi bir qayda olaraq ardıcıllıqla (ikinci, birinci, ali) beş il müddətinə verilir. Bu müddət ərzində ixtisasartırma və ya təkmilləşdirmə kursu keçmiş tibb işçisi ixtisas dərəcəsi verilən vaxtdan 3 il sonra daha yüksək ixtisas dərəcəsi almaq üçün müəyyən edilmiş qaydada Komissiyaya müraciət edə bilər. Əvvəllər mövcud qanunvericilik əsasında müvafiq ixtisas dərəcəsi almış tibb işçisi bu ixtisas dərəcəsindən daha yüksək ixtisas dərəcəsi almaq hüququna malikdir.

 

3.3. İxtisas dərəcəsinin müddətinin sonuna üç ay qalmış tibb işçiləri yazılı sürətdə təkrar ixtisas dərəcəsini almaq üçün Komissiyaya müəyyən olunmuş qaydada müraciət edə bilərlər. İxtisas dərəcəsi olan tibb işçilərinə təkrar ixtisas dərəcəsi verilərkən onların mövcud ixtisas dərəcəsi təsdiq edilə, daha yüksək ixtisas dərəcəsi verilə bilər. Mülkiyyət formasından asılı olmayaraq səhiyyə müəssisələrinin mütəxəssisləri peşə seçdikdə, peşələrini dəyişdikdə və fəaliyyət göstərdiyi peşə üzrə beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar. Beş il müddətində ixtisasartırma kurslarında olmayan şəxslər ixtisas dərəcəsini almaq üçün test imtahanına buraxılmırlar.

 

3.4. Səhiyyə müəssisələrində həkim və ya provizor vəzifələrində çalışan tibb elmləri doktorlarına işlədikləri müəssisə rəhbərinin təqdimatı ilə Komissiya tərəfindən ali ixtisas dərəcəsi test imtahanı keçirilmədən verilə bilər.

 

 

4. SƏNƏDLƏRİN QƏBULU

 

4.1. Müvafiq ixtisas dərəcəsini almaq istəyən tibb işçisi ərizə ilə

Komissiyaya müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidir:

 

ixtisas təhsili barədə sənədlərin (ali və ya orta təhsil barədə diplom, internatura, ordinatura, ixtisaslaşma, təkmilləşmə kursları və s. keçmək barədə vəsiqələr, şəhadətnamələr) surətləri;

 

əvvəllər aldığı ixtisas dərəcəsi barədə sənədin surəti (mövcud olduğu halda);

 

işlədiyi tibb müəssisənin rəhbərliyinin təqdimatı;

 

şəxsiyyət vəsiqəsinin surəti.

 

 

Sənədlərin surətləri rəhbərlik tərəfindən təsdiq olunmalıdır.

 

 

4.2. Komissiyada sənədlər 25 il müddətində saxlanılır.

 

4.3. Komissiyanın fəaliyyəti üçün tələb olan kargüzarlıq işləri, keçirilən iclasların protokollaşdırılması, qərarların hazırlanması, test imtahanın keçirilməsi və s. təşkilatı işlər Azərbaycan Respublikası səhiyyə nazirinin əmri ilə yaradılan işçi qrupu tərəfindən həyata keçirilir.

 

 

5. İXTİSAS DƏRƏCƏSİNİN VERİLMƏSİ

 

5.1. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi iki mərhələ ilə

həyata keçirilir. Birinci mərhələ tibb işçisinin tibb elmi sahəsində ümumi bilik və bacarıqlarını müəyyən edən test imtahanından, ikinci mərhələ isə Komissiyada keçirilən söhbətdən ibarətdir.

 

5.2. Test imtahanı zamanı test suallarına 60 % -dən az olmayaraq düzgün cavab verənlər Komissiyada keçirilən söhbətə buraxılır. Tibb işçisinin test imtahanından keçməsinin nəticəsi barədə müvafiq formada protokol tərtib edilir (əlavə 1).

 

5.3. Tibb işçisinə söhbət zamanı əsas fəaliyyətinə aid olan

suallar verilir. Müvafiq ixtisas dərəcəsi test imtahanının nəticələri və suallara cavablar nəzərə alınmaqla Komissiyanın qərarı ilə verilir. Komissiyanın qəbul etdiyi qərar işçi qrupu tərəfindən müvafiq formada hazırlanır və Komissiyanın sədri, katibi və üzvləri tərəfindən imzalanır. Komissiyada keçirilən söhbət barədə protokol (əlavə 2) və Komissiyanın qərarı (əlavə 3) Səhiyyə Nazirliyinə təqdim olunur. Bu sənədlərə əsasən Azərbaycan Respublikası səhiyyə nazirinin əmri ilə bir həftə ərzində tibb işçisinə müvafiq formada ixtisas dərəcəsi barədə Şəhadətnamə (əlavə 4) verilir.

 

5.4. İxtisas dərəcəsi olan, lakin daha yüksək dərəcəsi almaq üçün müraciət edən tibb işçisinə Komissiya tərəfindən yüksək ixtisas dərəcəsi verilmədikdə əvvəlki ixtisas dərəcəsi həmin vaxtdan 5 il müddətinə uzadılır.

 

5.5. Test imtahanından və ya Komissiya ilə söhbətdən keçməyənlər ixtisas dərəcəsi almaq üçün 6 aydan sonra bu Qaydaların 4.1 -ci bəndində müəyyən edilmiş sənədləri yenidən təqdim etməklə Komissiyaya müraciət edə bilərlər.

 

 

6. TEST NÜMUNƏLƏRİNİN HAZIRLANMASI

 

6.1. Test nümunələrinin hazırlanması işçi qrupu tərəfindən

təşkil edilir. Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən təsdiq edilmiş test nümunələri (düzgün cavab və mənbəyi göstərilməklə) məxfi qaydada saxlanılmaq üçün işçi qrupuna verilir və test bankına daxil edilir. Test nümunələrinin hazırlanması və təsdiq edilməsi ilə əlaqədar məxfilik rejimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təmin edilir. Test bankına daxil edilmiş və düzgün cavabları göstərilmiş test nümunələrinin nəşr, çap və s. formalarda aşkarlanması qadağandır.

 

6.2. Hazırlanan hər bir test nümunəsi aşağıdakı tələblərə cavab verməlidir:

 

hər bir suala beş cavab hazırlanmalıdır və onlardan biri düzgün, qalanları isə yanlış cavab olmalıdır;

 

nümunələrin xüsusi pasportu olmalı və bu pasportda test nümunəsində qeyd edilən düzgün cavab və onun mənbəyi (qanun, təlimat, nəşr olunmuş dərslik və s.) göstərilməlidir;

 

test bankına təqdim edilən nümunələrin sayı test imtahanında istifadə olunanlardan ən azı 20 dəfə çox olmalıdır.

 

 

Test imtahanı 3 saat ərzində 100 sualın cavablandırılması şərti ilə keçirilir.

 

 

7. İXTİSAS DƏRƏCƏSİNƏ GÖRƏ ƏLAVƏ HAQQ

 

7.1. İxtisas dərəcəsi olan tibb işçisinə hər ay aşağıdakı miqdarda əlavə haqq ödənilir:

 

ali ixtisas dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında;

 

birinci ixtisas dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında;

 

ikinci ixtisas dərəcəsinə görə vəzifə maaşının 10 faizi miqdarında.

 

 

 

7.2. İxtisas dərəcəsinə görə əlavə haqq ixtisas dərəcəsinin hansı ixtisasa görə verilməsindən asılı olmayaraq ixtisas dərəcəsinin qüvvədə olduğu müddətdə (sonuncu ay tam nəzərə alınmaqla) ixtisas dərəcəsinin alındığı növbəti aydan başlayaraq ödənilir.

 

7.3. İş yerini dəyişən tibb işçisinin ixtisas dərəcəsi saxlanılır. İxtisas dərəcəsinə görə əlavə haqq tibbi ixtisas üzrə çalışan tibb işçilərinə ödənilir.

 

 

8. YEKUN MÜDDƏALAR

 

İxtisas dərəcəsinin verilməsi ilə əlaqədar mübahisəli məsələlərə qanunvericiliyə müvafiq qaydada məhkəmədə baxılır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..