Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

TİBB MÜTƏXƏSSİSLƏRİNİN NƏZƏRİNƏ!

TİBB MÜTƏXƏSSİSLƏRİNİN NƏZƏRİNƏ!

 

 

Səhiyyə sistemində kadr işinin təkmilləşdirilməsi, kadrların seçilməsi və yerləşdirilməsi Səhiyyə Nazirliyinin 01 dekabr 2005-ci il tarixli 143 nömrəli və 15 dekabr 2009-ci il tarixli 170 nömrəli əmrləri ilə tənzimlənir.

 

Tibb müəssisələrində səhiyyə mütəxəssislərinin müsabiqə yolu ilə işə qəbulunu həyata keçirmək üçün İşə Qəbul Komissiyası yaradılıb. Vakant olan vəzifələr barədə elanlar Səhiyyə Nazirliyinin rəsmi internet saytında və “Tibb qəzeti”ndə verilir.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan verildiyi gündən etibarən 30 gün ərzində İşə Qəbul Komissiyasına müraciət edərək  aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:

 

-  müəssisə rəhbərinin adına yazılmış ərizə;

 

-  şəxsiyyət  vəsiqəsinin surəti;

 

-  təhsil və ixtisas haqqında sənədlərin surətləri;

 

-  əmək kitabçasının surəti (mövcud olduğu halda);

 

-  sağlamlıq haqqında arayış.

 

Eyni zamanda, Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşən ELEKTRON ƏRİZƏni doldurmaqla, vakant vəzifələrin tutulmasına dair aparılan müsabiqələrdə iştirak etmək mümkündür.

 

Vakant vəzifənin rəqabət əsasında tutulması üçün bir neçə namizədin iştirakına şərait yaratmaqla, iddiaçıların müraciətlərinə Komissiya tərəfindən baxılmazdan öncə namizədlərin sənədlərinin notarial qaydada təsdiq olunmuş surətləri Səhiyyə Nazirliyinin Kadrlar, Elm və Təhsil şöbəsinə təqdim edilir.

 

Nazirlik tərəfindən sənədlərə baxıldıqdan və rəy bildirildikdən sonra  müsabiqənin vaxtı İşə Qəbul Komissiyası tərəfindən müəyyən olunur və keçirilir.

 

Namizədin nəzəri və praktiki bilik səviyyəsini müəyyən etmək məqsədi ilə  komissiya üzvləri  tərəfindən  suallar verilir. Verilən suallar namizədin iddia etdiyi vəzifəyə uyğun olmalıdır.

 

Komissiyanın qərarı namizədin işə qəbul olunması üçün əsas sayılır. Komissiyanın iclasları protokollaşdırılır. Protokollardan çıxarışlar işə qəbul olunanların şəxsi işlərində saxlanılır.

 

İxtisasları üzrə beş ildən çox işləməmiş tibb mütəxəssisləri müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra vakant vəzifələrin tutulması üçün işə qəbulla bağlı müsabiqələrdə iştirak edə bilərlər.

 

İş elanları

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013