Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb tarixi təhrif edilibmi?

Tarixi keçmişinə sahib durmaq milli kimliyini qoruyaraq gələcək qurmaq istəyən xalq üçün ən mükəmməl vasitədir. Həmçinin, tarix gələcək nəsillərə mirasdır.

Əlbəttə, mən tarixçi deyiləm və kimin bizə miras qalan tarixi daha düzgün dəyərləndirdiyini və layiqli mirasçı olduğunu yaza bilmərəm. Ancaq buna haqqı çatdığını düşünənlər və yazanlar az deyil.

 

Redaksiyamıza Azərbaycan Təbabəti Muzeyinin direktoru Məmməd Süleymanoğlunun təqdim etdiyi «Tarixsiz «Tibb tarixi» başlıqlı yazı da bunu bir daha təsdiqləyir. M.Süleymanoğlunu bu məqaləni yazmağa məcbur edən isə 2004-cü ildə çapdan çıxmış «Tibb tarixi» kitabıdır. Kitabın müəllifləri Azərbaycan Beynəlxalq Universitetinin (ABU) müəllimləri B.Kiçibəyov və H.İbrahimlidir. Həqiqəti aşkarlamaq, kimin düz, kimin səhv dediyini ayırd etmək üçün müxtəlif tərəflərin mövqeyini dinləmək qərarına gəldik.

 

Tarixsiz Tibb tarixi

 

M.Süleymanoğlu ilk olaraq, dərsliyin elmi-pedaqoji cəhətdən əsaslı surətdə sığortalandığını yazır «Tibb tarixi» kitabına Təhsil Nazirliyi və ABU-nun Elmi-Metodik şuralarının protokollarından çıxarışlar, həmçinin universitetin «Profilaktik təbabət» kafedrasının iclas protokolundan çıxarış ilə xeyir-dua verilib. Azərbaycan dilində yazılan tədris vəsaiti ali və orta tibb məktəbləri üçün nəzərdə tutulub. Dərsliyə Azərbaycan Tibb Universitetinin tanınmış alimləri Ə.Zeynalov və N.Mikayılzadə rəy (yəqin ki, müsbət) verib».

 

Deyilənlərdən belə görünür ki, hər şey öz qaydasındadır. M.Süleymanoğlu isə kitabın nöqsanları içərisində bu «sığortalamaların» qiymətdən düşməsi qənaətindədir. O, kitabın adının dəyişdirilərək «Xarici ölkələrin tibb tarixi» qoyulmasını təklif edir. Ancaq kitabda xarici ölkələrin tibb tarixinin də natamam yazıldığını deyir.

 

200 səhifəlik dərslikdən (əgər belə demək mümkünsə) yalnız 15-20 səhifəsi Azərbaycanın tarixinə ayrılıb. «Qədim Azərbaycanda tibbin inkişafı» isə cəmi... iki səhifədən ibarətdir.

Manna, Albaniya, Midiya, Atropatena dövlətlərinin adı çəkilməklə, mövzunun şərhi və təhlili yekunlaşır. Əslində, bunların hər birinə ayrıca fəsil həsr etmək olardı. Kitabda gənclərimizə Azərbaycan təbabəti tarixindən deyiləsi əsaslı heç nə yoxdur. «Moskva dövrünün təbabəti» haqqında geniş yazan müəlliflər «əsərlər»ində nəinki «Bakı dövrünün təbabəti» haqqında yazmağı, heç Bakının adını çəkməyi də rəva bilməyiblər. Ancaq qədimdə Bakı heç də Moskvadan geri qalmırdı. Onları bu dönüklüyə vadar edən isə Moskva dövrü təbabəti haqqında dəfələrlə yazılmasıdır. Müəlliflər «hazıra nazirliyə» öyrənmiş alimlərdir». M.Süleymanoğlu dərslikdə elmi məntiqə sığmayan, açıq-aşkar saymazlığa dəlalət edən, alim-müəllim mənəviyyatı ilə daban-dabana zidd olan daha bir anlaşılmazlıqla da üzləşdiyini vurğulayır: «Demək olar ki, haqlarında yarımbaşlıqlarda yazılan bir sıra mövzuların ölkəmizin ali tibb universitetlərindəki nəzəri-kliniki kafedralar ilə əlaqəsi yoxdur. Həmin nəzəri mülahizələr nə Tibb Universitetinə, nə də Həkimləri Təkmilləşdirmə İnstitutuna aid deyil. Dərslik Azərbaycanda ali və orta tibb məktəblərində təhsil alan tələbələr üçün nəzərdə tutulubsa, nə üçün onların nəzəri və təcrübi elmi-tədris bazaları tədrisdən «gizlədilsin»?!»

 

M.Süleymanoğlu kitabın «ən yeni dövr»ə həsr olunan hissəsində də müasir Azərbaycan təbabəti tarixinin səthi yazıldığını bildirir: «Ən yeni dövr XX əsrin birinci rübünü (1900-1925) əhatə edir. Bəs 1925-2000-ci illəri əhatə edən digər üç rüb hansı dövrə aiddir? Əslində, təbabətimiz XX əsrin son rübündə (1975-2000-ci illər) daha vüsətlə inkişaf edib. Başlıqda ilk portreti verilən (buna portret demək olarsa) və haqlarında yazılan möhtərəm alimlərimiz M.Topçubaşov və M.Mirqasımovdur. Onlar akademiyaya 1945-ci ildə üzv seçilib və ən yeni dövr təbabətimizə daxil ediliblər. Bəs 2001-ci ildə milli akademiyaya üzv seçilən 7 nəfər professor hansı dövrə aid edilir?!

 

Hörmətli Bilal müəllimin hansısa istəyinin baş tutmaması hesabına beynəlxalq miqyasda tanınan Azərbaycan Tibb Universitetinin çoxşaxəli və məhsuldar fəaliyyəti haqqında yazarkən beş-üç alimin adını çəkməklə «kifayətlənməsi» heç bir «alim-pedaqoq» ölçüsünə sığan deyil. Tarixi oçerkləri, o cümlədən dərslikləri şəxsi münasibətlər zəminində yazdığımız üçün «keçmişin cəngəlliklərindən» qurtara bilmirik. Tarixi şəxsi münasibətlər hədəfinə çevirmək əsl cinayətdir». M.Süleymanoğlu müəlliflərin tibb tarixinin qədimliyinə varmamasını, hətta son dövrlər yazılan İ.K.Əfəndiyevin « История медицины в Азербайджане с древнейших времен до ХIХ века» (Bakı, 1964); M.A.İbrahimovun « Здравоохранение советского Азербайджана» («Медицина» - Moskva, 1967); Ə.M.Həmidovun «Loğmanlar yurdu» (Bakı, 1991) monoqrafiyalarını və digər əsərləri vərəqləməkdən belə yan keçməsini məsuliyyətsizlik və mənəm-mənəmlik kimi dəyərləndirir. «Dərsliyin» ədəbiyyat göstəricisinin olmamasını da bununla əlaqələndirir: «Hər hansı monoqrafiya şəxsi təcrübə əsasında yazılsa belə, tarixi mənbələrdən mütləq qaynaqlanmalıdır». Bu kitabın tənqidi qeydlərə də layiq olmadığını yazan M.Süleymanoğlu dərsliyə Tibb Universitetinin Sosial gigiyena və səhiyyənin təşkili kafedrasının münasibət bildirməməsinin təəccüb doğurduğunu qeyd edir: «Çünki «dərslik nöqsanlıdır, yararsızdır» desələr, «buyurun, yaxşısını yazın» cavabını alarlar. Bu yerdə susmaq «qızıldır».

 

M.Süleymanoğlunun bu kitabla bağlı iradları ilə tanış olduqdan sonra həm Tibb Universitetinin Sosial gigiyena və səhiyyənin təşkili kafedrasının tibb tarixi fənnini tədris edən müəllimləri, həm də «Tibb tarixi» kitabının müəlliflərindən biri olan Bilal Kiçibəyovla söhbət etdik.

 

Tələbələrimiz bu kitabdan çox faydalanıblar»

 

Sosial gigiyena və səhiyyənin təşkili kafedrasının müəllimi, tibb elmləri namizədi Həqiqət Xudaverdiyeva bu kafedrada hər zaman tibb tarixi fənninə xüsusi diqqət göstərildiyini, ancaq keçmiş SSRİ dövründə, çox təşəbbüs göstərilsə də, onlara bu sahədə kitab nəşr etdirmək üçün şərait yaradılmadığını dedi: «Hazırda kafedra müdiri Rafiq Çobanovun səyi ilə tibb tarixi kitabı yazılıb. Kafedranın tibb tarixi fənnini tədris edən müəllimlərinin birgə yazdığı kitab yaxın aylarda nəşr ediləcək. Yeni nəşr olunacaq kitab mühazirə və seminar dərslərinin bütün proqramını əhatə edir».

 

H.Xudaverdiyeva qeyd etdi ki, B.Kiçibəyovun «Tibb tarixi» kitabını, nöqsanların olmasına baxmayaraq, tamamilə tənqid etmək olmaz: «Bu il bizim tələbələrimiz ondan çox faydalanıblar. Çünki Azərbaycan dilində tibb tarixinə dair başqa kitab yox idi. Ancaq bu dərslik bizim universitetin tələbələri üçün nisbətən zəifdir. Proqrama daxil olan mövzuları əhatə etmir. Azərbaycan tibb tarixi çox az əhatə olunub. Digər ölkələrin tibb tarixinə aid bəzi mövzular da lazımi səviyyədə əhatə olunmayıb. Kitabın ən böyük qüsuru isə istifadə olunmuş ədəbiyyat siyahısının göstərilməməsidir».

 

Tibb elmləri namizədi Suqra Mehdiyeva isə B.Kiçibəyovun tibb tarixi üzrə mütəxəssis olmadığını, bu səbəbdən də kitabda tibb tarixi ilə müqayisədə ümumi tarixi nüanslara, informasiyalara daha çox yer verildiyini bildirdi. Burada Azərbaycanın tibb tarixi ilə bağlı hissələrin zəif yazıldığını dedi: «Müstəqillik dövründə bir çox alimlər ölkəmizin tibb tarixini araşdırıb. Əlyazmalar İnstitutunda çalışan Fərid Ələkbərovun elmi araşdırmaları da çox dəyərlidir. Hesab edirəm ki, ölkəmizin tibb tarixi kifayət qədər genişdir və bu sahədə yazılan kitab məlumatlarla zəngin olmalıdır».

 

Kitabda çox böyük qüsurlar var

 

Tibb elmləri namizədi Musa Ələkbərov bütün dünyada tibb tarixinin çox vacib fənn kimi tədris olunduğunu dedi. B.Kiçibəyovun kitabının isə universitetin tədris proqramı ilə uyğun gəlmədiyini vurğuladı: «Uyğun gələn bəzi mövzular həddindən çox qısa verilib. Digərlərində mövzu ilə bağlı olan alimlər haqqında müəyyən fikirlər olsa da, o dövr üçün bu alimlərin rolu haqqında heç bir məlumat yoxdur.

Dünyanın elə ölkələri olub ki, müəyyən dövrlərdə tibbin inkişafı üçün böyük əhəmiyyət kəsb edib. Belə ölkələrdən biri də Azərbaycandır. Çünki Azərbaycanda təbabətin inkişafı bir sıra ölkələrdə də tibbin inkişafına kömək edib. Məsələn, orta əsrlərdə Şamaxıda yaşayan Ömər Osmanoğlunun yanına uzaq Hindistandan, Çindən və digər ölkələrdən müalicə olunmaq üçün gəlirdilər. B.Kiçibəyovun kitabında isə ölkəmizdə təbabətin inkişafı, dünya səviyyəsində mövqeyi, rolu göstərilməyib. Kitabda çox böyük elmi terminoloji qüsurlar var.

 

Çünki kitab rusdilli mənbələrdən tərcümə olunub və cümlələr Azərbaycan dilində düzgün qurulmayıb. Populyar tibbi-tarixi terminlər də təhrif olunub. Ali təhsil müəssisələrində tələbələrin belə kitabdan istifadə etməsi yolverilməzdir. Ölkəmiz Şərqdə qurulan ilk demokratik respublikadır. Həmin dövrün və ondan sonrakı dövrün Azərbaycan təbabəti ilə bağlı «Tibb tarixi» kitabında heç bir məlumat yoxdur. Yazılan bütün kitablarda qüsurlar var. Bu kitabın digərlərindən fərqi isə qüsurlarla daha zəngin olmasıdır. İlk təşəbbüs kimi «Tibb tarixi»nin yazılması sevinc, qüsurlarla zəngin olması isə təəssüf doğurur».

 

Bütün təklif və tənqidləri qəbul edirəm

 

Müəllif B.Kiçibəyov bu günə qədər Azərbaycan dilində «Tibb tarixi» dərsliyinin yazılmadığını və ilk addımın onun tərəfindən atıldığını dedi. Belə bir kitabın olmamasının tələbələr üçün də böyük çətinliklər yaratdığını bildirən müəllif hazırda bu problemin qismən də olsa həll edildiyini vurğuladı.

 

B.Kiçibəyov bütün təklif və tənqidləri qəbul etməsini kitabın giriş hissəsində yazdığını da vurğuladı: «Azərbaycan tibb tarixinin burada geniş əhatə edilməməsinə səbəb bu haqda vəsaitin olmamasıdır. Həm də bu həcmdə nəşr olunmuş kitabda bütün mövzuları tam əhatə etmək mümkün deyil. Geniş həcmli kitab nəşr etdirmək üçün isə daha çox vəsait lazımdır». Müəllif istifadə olunmuş ədəbiyyatın siyahısını göstərməməsinin səbəbini də izah etdi: «Azərbaycan dilində ədəbiyyat olmadığından, rus alim və mütəxəssislərinin əsərlərindən istifadə edildiyi üçün bunu göstərməyi lazım bilməmişəm». «Tibb tarixi»nin müəllifi son olaraq təəssüfünü gizlətmədi: «Biz iradları digər mütəxəssislərlə birlikdə müzakirə edib, növbəti dəfə daha mükəmməl bir dərslik nəşr edə bilərik. Amma hesab edirəm ki, bu addım ilk cəhd kimi alqışlanmalı idi».

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013