Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Türkiyəli həkimlərin xeyriyyə aksiyası

15 may 2007

 

Türkiyəli həkimlərin xeyriyyə aksiyası

 

Qardaş ölkənin tibb işçiləri Azərbaycanın regionlarında qaçqın və məcburi köçkünləri tibbi baxışdan keçirib

 

Türkiyənin qabaqcıl xəstəxanalarında çalışan həkimlərdən və türk KİV nümayəndələrindən ibarət heyət Azərbaycana səfər edib. Səfərin məqsədi ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə və 15 May - Beynəlxalq ailə gününə həsr olunmuş xeyriyyə tədbirlərinin həyata keçirilməsidir.

 

Azərbaycan və Türkiyə İş adamları Birliyindən (ATİB) verilən məlumata görə, həkimlər tibbi xidmətə ehtiyacı olan qaçqınları və məcburi köçkünləri tibbi baxışdan keçirib, onlara lazım olan dərman preparatları verilib.

 

Aksiyada maarifləndirmə proqramları da nəzərdə tutulub. Belə ki, məktəblilər gigiyenanın əsasları, ekoloji problemlər və ətraf mühitin mühafizəsi məsələləri ilə tanış ediliblər.

Xeyriyyə aksiyası bir həftə ərzində Qazax, Şəmkir, Gədəbəy, Tovuz və Şamaxı rayonlarını əhatə edib.

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən səfərin təşkilatçıları ATİB və qardaş ölkədə fəaliyyət göstərən "Tibb və təbiət könüllüləri" (SYMBYOSİS) təşkilatıdır. Aksiyanın sponsorları isə "AB Standard Holding", "AtaHolding", "Acıbadem ve Koç Amerikan Hastanesi", "Elite Şirkətlər Qrupu", "Nobel Farma" MMC və "NJT 2000" şirkətləridir.

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013