Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Unutmayaq və AİDS-ə qarşı birləşək!

21 may 2008

Ü.BƏYLƏRLİ

 

AİDS-dən dünyasını dəyişən insanların Ümumdünya xatirə günü bu şüar altında qeyd edildi

 

UNAİDS və ÜST ekspertlərinin 2007-ci ilin sonuna təqdim etdikləri məlumata görə, dünyada HİV/AİDS-lə yaşayan insanların sayı 33,2 milyon nəfərdir. Təkcə ötən il 2,5 milyon insan HİV infeksiyasına yoluxub, 2,1 milyon insan isə AİDS səbəbindən vəfat edib. Bu haqda AİDS-dən dünyasını dəyişən insanların Ümumdünya xatirə günü ilə əlaqədar «Unutmayaq və AİDS-ə qarşı birləşək!» şüarı altında keçirilən tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova məlumat verdi.

 

H.Qədirova hər il may ayının üçüncü bazar günündə bütün dünyada AİDS-dən dünyasını dəyişən insanların Ümumdünya xatirə gününün keçirildiyini dedi. Xatirə gününün ilk dəfə 1983-cü ildə San-Fransisko şəhərində AİDS problemini şəxsən yaşayan insanlar tərəfindən təsis edildiyini, həmin dövrdə bu infeksiya səbəbindən ölənlərin sayının bir neçə min nəfər olduğunu bildirdi: «Ümumdünya xatirə gününün artıq 25-ci dəfədir keçirildiyi 2008-ci ildə isə AİDS-dən dünyasını dəyişənlərin sayı milyonlarla ölçülür. Bu gün məhz onların xatirəsinin yad olunması, bütün insanların AİDS haqqında düşünməsi, irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, heç kəsin AİDS-dən sığortalanmadığını dərk etməsi üçün qeyd edilir. Xatirə günü eyni zamanda cəmiyyətin diqqətini bu problemə cəlb etmək, HİV/AİDS-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək, geniş ictimaiyyətə bu haqda düzgün informasiya çatdırmaq məqsədi daşıyır».

 

210 Azərbaycan vətəndaşı AİDS-dən vəfat edib

 

Mərkəzin direktoru bütün dünyada olduğu kimi, Azərbaycanda da AİDS-dən dünyasını dəyişən insanların xatirəsinin ənənəvi olaraq anıldığını vurğuladı. O, Respublikamızda HİV/AİDS probleminin ən aktual məsələlərdən biri olduğunu və Səhiyyə Nazirliyinin bu problemi daim nəzarətdə saxladığını qeyd etdi: «Ölkədə HİV/AİDS-lə mübarizə xidməti sistemi və onun baş idarəsi olan Respublika QİÇS-lə Mübarizə Mərkəzi fəaliyyət göstərir. Mərkəz və 12 regional diaqnostik laboratoriya HİV infeksiyasının və AİDS-in keyfiyyətli diaqnostikasını təmin etmək məqsədi ilə müasir tələblərə cavab verən zəruri cihazlar və test-sistemlərlə təchiz olunub».

 

HİV-ə yoluxmuş şəxsin Respublika QİÇS-lə Mübarizə Mərkəzində ilk dəfə 1987-ci ildə qeydiyyata alındığını deyən H.Qədirova 2008-ci il mayın 1-ə olan məlumata görə, həmin rəqəmin 1510 nəfərə çatdığını bildirdi. Virus daşıyıcılarının 70%-nin həyatlarının ən məhsuldar dövründə HİV-ə yoluxduğunu vurğuladı. 60% HİV/AİDS daşıyıcısının isə inyeksion narkotik istifadəçiləri olduğunu bildirdi. Mərkəzin direktoru burada qeydiyyatdan keçənlərdən 1446 nəfərinin Azərbaycan vətəndaşı, 64-nün isə əcnəbi olduğunu söylədi. Keçən dövr ərzində 210 Azərbaycan vətəndaşının AİDS səbəbindən vəfat etdiyini (189 kişi və 21 qadın) iştirakçıların nəzərinə çatdırdı. Yaş mənsubiyyətinə görə AİDS-dən dünyasını dəyişənlərdən 4 nəfərinin 0-8, 26 nəfərinin 23-29, 89 nəfərinin 30-39, 61 nəfərinin 40-49, 9 nəfərinin 50-56, 1 nəfərinin isə 67 yaşında olduğunu vurğuladı. O qeyd etdi ki, ölən vətəndaşlardan 20-nin yaşı naməlumdur. AİDS-dən vəfat edənlər Azərbaycanın 36 inzibati ərazi vahidinin sakinləri olub. Bu xəstəlikdən dünyasını dəyişənlər daha çox Bakı və Abşeronda (72 nəfər), Lənkəranda (28 nəfər) və Sumqayıtda (20 nəfər) qeydə alınıb. Onların ailələrində 136 uşaq yetim qalıb. 10 uşaq ata və anasını, 13 uşaq anasını, 113 uşaq isə atasını itirib.

 

Hacıqabul, Şirvan və Lənkəranda HİV-ə yoluxma halları daha çoxdur

 

Mərkəz rəhbəri HİV-ə yoluxma hallarının regionlar üzrə bölgüsünün əvvəlki illərdən fərqləndiyini də bildirdi: «Əvvəllər birinci yerdə Lənkəran və Masallı idisə, hazırda bu virusun aşkarlandığı bölgələrin siyahısında ilk yerləri Hacıqabul, Şirvan və Lənkəran rayonları tutur. Bu ərazilərdə əsas yoluxma səbəbi isə inyeksiya yolu ilə narkotiklərdən istifadə olunmasıdır. Yoluxma faizinin yüksək göstəriciləri üzrə sonrakı yerləri Sumqayıt, Astara, Yevlax, Bakı, Kürdəmir və Masallı tutur».

 

H.Qədirovanın sözlərinə görə, yoluxma ehtimalı yüksək olan əhali qruplarının müayinələrlə əhatə olunması genişləndirilib, ümumiyyətlə, HİV-ə qarşı aparılan müayinələrin sayı artıb. O, Azərbaycanda yalnız qan və toxuma donorlarının məcburi qaydada müayinə edildiyini dedi. Qalan bütün kontingentlərin könüllülük prinsipi ilə anonim şəkildə müayinəyə cəlb olunduğunu vurğuladı.

 

Xəstələrin müalicəsindən də söz açan Həqiqət xanım AİDS-in artıq müalicə olunaraq xroniki xəstəliklər sırasına daxil olduğunu vurğuladı: «2006-cı ilin 8 noyabrından etibarən Respublika QİÇS-lə Mübarizə Mərkəzində antiretrovirus preparatları ilə müalicə işinə başlanılıb. HİV-ə yoluxmuş insanların ARV müalicəsi Azərbaycanda ilk dəfə olaraq Səhiyyə Nazirliyi tərəfindən AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə pulsuz qaydada həyata keçirilir və buraya 81 nəfər cəlb edilib. Onların 61-i ölkənin 23 inzibati ərazi vahidinin sakinləri, 20-si isə penitensiar müəssisələrdə olan məhkumlardır. Təəssüf ki, müalicəyə gec başlanıldığına görə, bu xəstələrdən 9-u artıq dünyasını dəyişib. Amma digərlərinin vəziyyətində getdikcə yaxşılaşma qeydə alınır, qanda virusun miqdarının kəskin azalması müşahidə olunur. Bu müalicəni gələcəkdə də genişləndirmək fikrindəyik».

 

Problemə qarşı tədbirlərin gücləndirilməsindən də danışan H.Qədirova bildirdi ki, hazırda bütün dünyada AİDS-lə mübarizədə əsas iş kimi profilaktik tədbirlərə üstünlük verilir. «Bu baxımdan, Azərbaycanda da HİV-ə yoluxma yolları və ondan qorunma üsulları ilə bağlı, HİV infeksiyasının diaqnostika və müalicəsinə dair əhali arasında təbliğat işləri aparılır. Hamilə qadınlar HİV müayinəsinə cəlb edilir, sağlam həyat tərzi təbliğ edilir, gün ərzində fəaliyyət göstərən «Qaynar xətt» yaradılıb. Bundan başqa, zərərin azaldılması istiqamətində proqramlar həyata keçirilir, məktəblilər üçün xüsusi kurslar təşkil edilir. Bununla belə, bütün bu istiqamətlərdə işlərin daha da genişləndirilməsinə və intensivləşdirilməsinə ehtiyac var. Eləcə də cəmiyyətin belə xəstələrə münasibəti dəyişməli, stiqma və diskriminasiya aradan qaldırılmalıdır».

 

Qeyd edək ki, AİDS-dən dünyasını dəyişən insanların Ümumdünya xatirə günü ilə bağlı «Unutmayaq və AİDS-ə qarşı birləşək!» şuarı altında keçirilən tədbirdə dövlət qurumlarının, beynəlxalq, qeyri-hökumət və dini təşkilatların təmsilçiləri, eləcə də KİV nümayəndələri iştirak edirdi.

 

Tədbirin sonunda oğlu AİDS səbəbindən vəfat edən Adilə ana öz hisslərini tədbir iştirakçıları ilə bölüşdü. Bu gün yaşının çoxluğuna baxmayaraq, Mərkəzdə müalicə olunan xəstələrə xüsusi səylə qulluq edən Adilə xanım onların hər birinin simasında oğlunu gördüyünü dedi. Adilə ananın oğlunun timsalında bütün AİDS-dən dünyasını dəyişənlərin xatirəsi yad edildi.

 

Qeyd edək ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Ümumdünya xatirə gününə həsr olunmuş bir sıra digər tədbirlər də həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə orta məktəb şagirdləri arasında «Gənclər AİDS-siz gələcəyə doğru» şuarı altında inşa müsabiqəsi, «AİDS-siz dünya gənclərin təşəbbüsüdür» şuarı altında rəsm müsabiqəsi və HİV/AİDS probleminə həsr olunmuş açıq dərslər keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013