Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa dair bələdçi

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.4-cü bəndinin icrası məqsədilə hazırlanmışdır

 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını, uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

 

Uşaqların icbari dispanserizasiyasının məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılması və uşaqların xəstəliklərdən qorunmasıdır.

 

İcbari dispanserizasiyadan keçiriləcək uşaqların və onların qanuni nümayəndələrinin bu Qanunla müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq, pozulmuş hüquqları barədə qanunla müəyyən edilmiş qaydada müvafiq orqanlara və ya məhkəməyə müraciət etmək hüquqları vardır. Uşaqların icbari dispanserizasiyası onların qanuni nümayəndələrinin razılığı ilə aparılır. İcbari dispanserizasiya tədbirləri təqvimə uyğun olaraq müşahidə ili ərzində Azərbaycan Respublikasının vətəndaşlarını, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri və əcnəbiləri əhatə edir. Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. İcbari dispanserizasiya tədbirləri bələdiyyə və icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə bilər.

 

Uşaqların icbari dispanserizasiyası tədbirləri uşaqların hər il tibbi baxışdan keçirilməsi (laborator, instrumental və skrininq müayinələr də daxil olmaqla), müasir diaqnostika metodlarından istifadə etməklə ehtiyacı olanların müayinəsinin davam etdirilməsi, uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və fərdi qaydada qiymətləndirilməsi, sağlam, xəstə və xəstələnmə riski olan uşaqların bir-birindən ayrı müşahidə edilməsi, xəstə və xəstələnmə riski olan uşaqlar arasında müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, tibbi və sosial tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi, habelə uşaqların sağlamlıq vəziyyətinin dinamik müşahidəsi və xəstəliklərin nozoloji formasından asılı olaraq uşaqların dispanser nəzarətinə götürülməsini əhatə edir.

 

10 aprel 2013-cü il tarixdə “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

 

Bu Fərmana əsasən 10 dekabr 2013-cü il tarixdə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.

 

Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən uşaqların icbari dispanserizasiyası zamanı müayinələrin və baxış keçirəcək ixtisaslı mütəxəssislərin siyahısı təsdiq və dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotu qaydası müəyyən edilmişdir.

 

Bundan əlavə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi qaydasının, dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcminin və keyfiyyət standartlarının, xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi qaydasının, dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi qaydasının qəbul olunması nəzərdə tutulmuşdur.

 

Dövlət Proqramında Proqramın məqsədləri, Proqramın maliyyələşdirilməsi, Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı və Proqramın həyata keçirilməsindən gözlənilən nəticələr öz əksini tapmışdır. Tədbirlər Planında “Təşkilati tədbirlər”, “Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi”, “Uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi”, “Kadr hazırlığı” və “İcbari dispanserizasiya sahəsində maarifləndirmə” kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013