Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ümumdünya Səhiyyə Təşkilatının yaranmasından tam 60 il keçir

30 iyun 2008

 

 «Ön söz»

 

Təşkilatın tarixi yalnız imzalanan sənədlərdən, qəbul olunan mühüm qətnamələrdən, keçirilmiş konfransların materiallarından və ya üzərində səmimi simalar əks olunmuş ağ-qara fotoşəkillərdən öyrənilmir.

 

Ümumdünya Səhiyyə Təşkilatının professor İhsan Doğramacı adlı yaşayan tarixi vardır.

 

Əsl türk zadəganı olan 93 yaşlı professor İhsan Doğramacı Ümumdünya Səhiyyə Təşkilatının Konstitusiyasını imzalayan, yaşayaraq bizləri öz müasiri edən, sözün tam mənasında, bütün həyatını səhiyyənin təşkilinə, təhsilə, tibb elminin inkişafına və insanların sağlamlığına həsr edən, beynəlxalq aləmdə müstəsna nüfuza malik olan alim və ictimai xadimdir.

 

Deyirlər ki, dahi insan dahiliyi ilə yanaşı həm də sadədirsə, o əvvəlki dahiliyindən də dahidir. Mən bilərəkdən professor Doğramacının bütün titullarını yazmıram. Onun yalnız adı hər şeyi deyir.

 

Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının yaranmasının 60 illiyi ilə əlaqədar professor İhsan Doğramacı təşkilatın katibliyinə müsahibə vermişdir. Müsahibə “BMT-nin xüsusi buraxılışı” kimi dərc olunmuşdur.

 

Bu dahi şəxsiyyət haqqında kimdən soruşuruqsa, hamı onun titulları barədə danışır. Professorun keçdiyi həyat yolu haqqında bu nadir məlumatları ingilis dilindən tərcümə edərək sizlərə çatdırmağı özümə borc bildim.

 

Samir Abdullayev,

Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsi

 

 

 

93 illik tarix

Ümumdünya Səhiyyə Təşkilatının yaradıcılarından biri İhsan Doğramacı ilə müsahibə

 

- Xahiş edirəm, uşaqlığınız haqqında danışasınız – harada və nə vaxt doğulmusunuz, məktəbə harada getmisiniz?

 

- Siz məndən həyatımın ilk illəri haqqında soruşursunuz. Mən 1915-ci ildə Şimali Mesopotamiyanın Türkmən şəhərində (indiki Şimali İraq) doğulmuşam. O zamanlar bu, Osmanlı imperiyasının ərazisi idi. Vilayətin adı Erbil idi və Mosul şəhərinin yaxınlığında yerləşirdi. Əhalinin 100 faizini etnik türklər təşkil edirdilər. İbtidai təhsil də türkcə idi. Təhsilimi davam etdirmək üçün ailəm məni Beyruta göndərdi. Mən Beyrutda Amerika Universitetinin nəzdində olan hazırlıq məktəbinə daxil oldum. Erbildə türkcə, Beyrutda isə ingiliscə təhsil aldım. Kiçik yaşlarımdan arzum pediatr olaraq uşaqların sağlamlığının keşiyində durmaq idi.

 

İndi sizə sırf ailəmlə əlaqədar bir hadisəni danışacağam. Valideynlərimin dediyinə görə, mən 5-6 yaşında olarkən bir dəfə evə paltosuz və ayaqyalın qayıtmışdım. Valideynlərim bunun səbəbini məndən soruşduqda demişdim: “Mən onları yoxsul bir uşağa verdim. Mənim daha bir cüt ayaqqabım var”.

 

Mən elə o vaxtlardan yoxsul və imkansızlar haqqında düşünürdüm və təhsilimi davam etdirərək uşaqlara yardım etmək məqsədini qarşıma qoydum.

 

Həyatımın ilk illəri haqqında bu qədər...

 

- Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk tanışlığınız necə baş verib?

 

- Bu yaxşı sualdır. İstanbul Türk Universitetini bitirdikdən sonra mən professor Albert Ekşteynin assistenti vəzifəsində çalışmağa başladım. Professor Ekşteyn Almaniyadakı faşist rejimindən Türkiyəyə mühacirət edən, beynəlxalq aləmdə çox tanınmış tibb alimlərindən biri idi. Mən tibb diplomu aldım. Ailəmin bir hissəsi hələ də İraqda yaşayırdı. Zəngin neft yataqlarına malik Mosul vilayətinin taleyi I Dünya müharibəsindən sonra hələ də məlum deyildi.

 

Mən tibb təhsilimi başa vuraraq Bağdada qayıtdım və pediatr kimi çalışmağa başladım. Elə orada da ailə həyatı qurdum.

 

Ailəmiz iki yerə bölünmüşdü, belə ki, babam Türkiyə Cümhuriyyəti Məclisinin millət vəkili, atam isə İraq Senatının üzvü idi. Həyat yoldaşımın əmisi Osmanlı imperiyasının baş vəziri olmuş, qayınatam isə əvvəl İraq Senatının spikeri, sonra isə Baş nazir vəzifələrini tutmuşdu. Beləliklə, bütün ailə üzvləri ikili vətəndaşlıq daşıyırdılar.

 

Bağdadda çalışarkən ABŞ Dövlət Departamentindən diplomdan sonrakı hazırlıq üçün dəvət aldım – əvvəlcə, bir illiyə Bostonun Harvard Universitetinə və bunun davamı olaraq Sent-Luisin Vaşinqton Universitetinə. Orada təhsilimi davam etdirərkən mənə İraqdakı ABŞ səfiri cənab Ali Cevdet Eyyubi telefonla zəng edərək, yeni yaranmış Ümumdünya Səhiyyə Assambleyasında İraqı təmsil etməyimi xahiş etdi. Mən 3 həftəlik məzuniyyətlə işimdən izin aldım və Vaşinqtona yollandım.

 

Orada mən Dr. Şövkət Zahabi ilə görüşdüm və məlum oldu ki, İraqı o təmsil edəcək. Amma səfir qətiyyətlə bildirdi ki, bizim hər ikimiz İraqı təmsil edəcəyik. Şəxsiyyətimə bu qədər əhəmiyyət veriləcəyinə inana bilmirdim, çünki orada olan nümayəndələrin ən gənci mən idim.

 

Sonradan Ankaraya qayıdaraq orada çalışdım və Türkiyəni təmsil etmək üçün dəfələrlə Ümumdünya Səhiyyə Assambleyasının sessiyalarında iştirak etdim.

 

Oradakı fəaliyyətimi görərək məni bir sıra komitələrə üzv seçdilər. Mən kadrlar və insan resursları departamentindən tutmuş, sanitariya və epidemiologiya, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə komitəsinə qədər bir çox qurumlarda çalışmışam.

 

Sonralar təşkilatda mənə bir çox ölkələrdə səhiyyə mərkəzlərinin təşkili həvalə olundu. Amerika, Afrika qitələrində çalışdım. Afrikada Kamerunda və Nigeriyada, Cənubi Amerikada Braziliyada, Şimali Amerikada isə Kanadada səhiyyə mərkəzlərinin təşkilində iştirak etdim.

 

Mənim Ümumdünya Səhiyyə Təşkilatı ilə tanışlığım və onun işində aktiv iştirakım belə başlayıb.

 

- Bugünkü dünyada Ümumdünya Səhiyyə Təşkilatının rolunu nədə görürsünüz?

 

- Gəlin 60 il geriyə baxaq. Kim inana bilərdi ki, təbii çiçək - variola virusu yer üzündən silinəcək? Bu böyük bir möcüzə idi. Yaxın zamanlarda poliomieliti də eyni aqibət gözləyir.

 

İndi sadəcə olaraq immunizasiya ilə bir çox yoluxucu xəstəliklərin qarşısı alına və bu xəstəliklər ləğv edilə bilər. Təəssüf ki, inkişaf etməkdə olan ölkələrin bir çoxunda bir sıra yoluxucu xəstəliklər hələ də qalmaqdadır.

 

Digər təhlükə isə quş qripi və AİDS kimi yeni yaranan xəstəliklərdir ki, əvvəllər bunlara rast gəlinmirdi. Onların aradan qaldırılmasında ən əsas alət Ümumdünya Səhiyyə Təşkilatıdır. Və ümid edirəm ki, təşkilat bu xəstəliklərin də aradan qaldırılmasında bütün gücünü səfərbər edəcəkdir. Amma bizim çox da optimist olmağımız üçün heç bir əsas yoxdur. Çünki yeni infeksion xəstəliklər yarana bilər və onların qarşısının qətiyyətlə alınması üçün bütün imkanlardan istifadə etməliyik.

 

- Ümumdünya Səhiyyə Təşkilatı üzvlərinə deməyə nə sözünüz var?

 

- ÜST bu gün kifayət qədər aktivdir. Amma illərin təcrübəsi göstərir ki, səhiyyə problemlərini həll etmək üçün təkcə bu sektorda fəaliyyət bəs etmir. Məsələn, yaxşı səhiyyə üçün bizə təmiz su lazımdır, ətraf mühit problemlərini həll etmək çox vacibdir.

 

Bundan əlavə, bir ölkə daxilində və ya beynəlxalq miqyasda aparılan müharibələr minlərlə insanın həyatına son qoyur. Bu dəhşətlərə son qoyulmalıdır.

 

Məncə, dünyada ən əsas prioritet sülhün bərqərar olmasıdır. Sülh və əmin-amanlıq milyonlarla dollarlıq tibbi ləvazimatdan daha vacibdir.

 

İkinci əhəmiyyətli məsələ, əlbəttə ki, təhsildir. Savadlı analar daha sağlam uşaqlar dünyaya gətirirlər. Bundan əlavə, səhiyyənin digər sektorlarla əlaqələri - ətraf mühitin qorunması, aqrar sektor və digərləri böyük əhəmiyyət kəsb edir və bunlar sonradan öz bəhrəsini verəcəkdir. Mən keçən 60 ilə baxarkən görülən işlərin və qazanılan nailiyyətlərin şahidi oluram. Bu səbəbdən çox nikbinəm və inanıram ki, qarşıdan gələn 20 il ərzində bizi daha gözəl bir dünya gözləyir.

 

Xidmətlərimə görə mənə təqdim edilmiş və əziz tutduğum bəzi yadigarlar vardır. Bunlar “Leon Bernard Fondu mükafatı” və “Səhiyyə hamı üçün” qızıl medalıdır. Bütün bunlarla yanaşı, mənim ən böyük yadigarım 60 il əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Konstitusiyasına qoyduğum imzadır. O sənədi imzalayanlardan həyatda qalan tək mənəm və bu şərəfi ömrümün sonuna qədər daşıyacağam.

 

- Gələcəyi necə görürsünüz, nələrə ümid edirsiniz?

 

- Əgər müharibələrə son qoyulsa, ölkələr iqtisadi cəhətdən daha da inkişaf etsə, bütün yer üzündə həyat daha da gözəlləşər. Mən buna inanmışam və inanmaqda da davam edəcəyəm.

 

- Səhiyyəyə gələcəkdə nə arzulayırsınız?

 

- Beynəlxalq sülh... Bir düşünün ki, biz bir uşağı xəstəlikdən xilas etmək üçün nə qədər zəhmət çəkirik. Və kimsə günahsız insanları və uşaqları bombalarla qətlə yetirir. Nüvə müharibəsi isə daha dəhşətlidir.

 

Amma mən ümidlərimi kəsmirəm. Əgər müharibələr dayandırılsa və gələcək 30 ildə keçən 60 ilin nailiyyətlərinin yarısı qədər uğurlar qazanılsa, biz daha gözəl dünyada yaşayacağıq.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013