Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikasında vərəmlə mübarizə barədə qanunvericilik aktlarına dair BƏLƏDÇİ QAYDALAR

Azərbaycan Respublikasında vərəmlə mübarizə barədə qanunvericilik aktlarına dair

BƏLƏDÇİ QAYDALAR

 

2 may 2000-ci il tarixdə “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.

Bu Qanun əhalinin vərəmdən mühafizəsinin təşkilati-hüquqi əsaslarını, vərəm xəstəliyinə tutulmuş şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə şamil edilir.

Vərəm xəstəliyinə tutulmuş şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər. Vərəm xəstəliyinə tutulmuş şəxslər onlara vərəm əleyhinə yardım göstərilərkən vərəm əleyhinə yardım sahəsində hüquqları, habelə xəstəliyin xarakteri, tətbiq edilən müalicə metodları haqqında ətraflı məlumat almaq, tibbi göstərişlər əsasında ambulator, stasionar və sanatoriya-kurort şəraitində tam həcmdə tibbi yardım almaq, vərəmlə ilk dəfə xəstələnmiş və ya vərəmin residivi olan şəxslərin əmək qabiliyyətinin itirildiyi gündən başlayaraq, tibbi-sosial və epidemioloji göstərişlər nəzərə alınmaqla, 12 ayadək müddətdə əmək qabiliyyətinin itirilməsi barədə vərəq almaq hüquqlarına malikdirlər.

15 iyul 2000-ci il tarixdə “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş “Vərəm xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Milli Proqram”ın qəbul edilməsinin təmin edilməsi, ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin siyahısının, vərəm xəstəliyinə tutulmuş işləməyən şəxslərə müavinətin verilmə qaydasının və şərtlərinin müəyyən edilməsi tapşırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 133 nömrəli 13 oktyabr 2003-cü il tarixli Qərarı ilə “Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu Qaydası”, 157 nömrəli 6 dekabr 2003-cü il tarixli Qərarı ilə “Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı”, 226 nömrəli 26 noyabr 2010-cu il tarixli Qərarı ilə “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” təsdiq edilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 nömrəli 12 yanvar 2010-cu il tarixli əmri ilə “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..