Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə tədbirlər proqrami

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 26 noyabr tarixli 226 nömrəli qərarı ilə təstiq edilmişdir

 

 

1. Giriş
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada hər il 9 milyon insan vərəm xəstəliyinə tutulur və 1,8 milyon insan bu xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir vərəm xəstəsi 1 ildə 10-15 insanı yoluxdurur. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir.
 
Son illər vərəmin daha ağır, dərmanlara davamlı (rezistent) formalarının çoxalması epidemioloji vəziyyətin bir qədər ağırlaşmasına səbəb olmuşdur.
 
ÜST bu xəstəliyin sürətlə artmasını nəzərə alaraq, bu problemin qarşısının alınması məqsədi ilə bütün ölkələrin diqqətini vərəm xəstəliyi ilə mübarizənin yeni strategiyaya uyğun aparılmasına cəlb etmişdir.
 
Azərbaycan Respublikasında vərəm xəstəliyi ilə mübarizə məqsədi ilə vərəmin aşkarlanması, müalicəsi və profilaktikası sahəsində aktiv tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərin yerinə yetirilməsi üçün bir sıra normativ sənədlər hazırlanmış və ÜST tərəfindən tövsiyə edilən strategiyalar qəbul edilmişdir.
 
Hazırda respublikada vərəm xəstəliyi ilə mübarizə aparan vərəm əleyhinə tibb müəssisələri şəbəkəsi mövcuddur. Son illər ərzində bu müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Referens laboratoriyası tikilərək istifadəyə verilmişdir. Bütün respublika ərazisində ÜST-ün strategiyasına uyğun olaraq qısamüddətli müalicə proqramı (DOTS) tətbiq edilir. Xəstələrin ambulator müalicəsini təmin etmək məqsədi ilə nəzarət altında dərman preparatlarının qəbulu (DOT) kabinetlərinin şəbəkəsi yaradılmışdır. Son 2 ildə vərəmin dərmana davamlı formalarının müalicəsinə başlanılmışdır.
 
Lakin buna baxmayaraq, respublikada vərəmin epidemioloji vəziyyəti gərgin olaraq qalır. Respublikada 11 min nəfərə yaxın xəstə vardır və hər il 4-5 min yeni vərəmli xəstə aşkar olunur.
 
Bu xəstəliklə bağlı problemlərin köklü surətdə həlli məqsədi ilə vərəm əleyhinə tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, diaqnostik laboratoriyaların müasir avadanlıq və reaktivlərlə təchiz edilməsi, xəstələrin müalicəsi üçün onların spesifik dərman preparatları ilə təmin edilməsi, bu sahə üçün kadrların hazırlanması və əhali arasında geniş maarifləndirmə işlərinin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır.

 

2. Tədbirlər Proqramının məqsədi

  • vərəm xəstəliyinin yayılmasının qarşısının alınması;
  • vərəm xəstəliyinin diaqnostikası və müalicəsinin yaxşılaşdırılması;
  • vərəm xəstəliyi ilə bağlı əlilliyin və ölüm hallarının azaldılması;
  • vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının möhkəmlən-dirilməsi;
  • xəstələrin vərəm əleyhinə preparatlarla davamlı təminatı;
  • vərəm əleyhinə xidmətin kadr potensialının gücləndirilməsi;
  • əhalinin vərəmlə mübarizə sahəsində maarifləndirilməsi.

 

3. Tədbirlər Proqramının maliyyələşdirilməsi


Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

 

4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər

 

 

Sıra №-si Tədbirin adı İcraçılar İcra müddəti
1. Tədbirlər Proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlər
1.1 Vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin ÜST-ün vərəmlə mübarizə strategiyasına uyğun olaraq təkmilləşdirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011
1.2 Vərəm xəstələrinin vahid elektron registri və məlumat bazasının yaradılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2011
2. Vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi

2.1

Rayonlararası vərəm əleyhinə tibb müəssisələrinin və vərəm sanatoriyalarının təmiri, tikintisi və təchizatı:

 

- Bakı şəhər 1 nömrəli vərəm əleyhinə dispanser

- Gəncə,

- Salyan

- Yevlax

- İmişli

- Şəki xəstəxana və şöbələri

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
  Prof. Qindes adına Respublika uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstələri sanatoriyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2012
  2 nömrəli vərəm əleyhinə sanatoriya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2012
2.2

Vərəmin dərmana davamlı formalarının diaqnostikası məqsədi ilə mikrobioloji müayinələrin aparılması üçün

 

Naxçıvan MR, Gəncə, Quba, Zaqatala, Masallı şəhər və rayonlarında laboratoriyanın yaradılması və avadanlıqla təchiz edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
2.3

Vərəm əleyhinə müəssisələrin müasir rentgen-flüoroqrafiya aparatları ilə təchizatı rəqəmli rentgen qurğuları ilə:

 

-Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

- Sumqayıt

- Gəncə

- Yevlax

- Şəki şöbələri

 

səyyar flüoroqraflar ilə:

- Naxçıvan MR, Gəncə şəhəri

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015

3. Vərəmin profilaktikası, diaqnostikası və müalicəsi

3.1

Uşaq və yeniyetmələr arasında vərəm xəstəliyinin profilaktikası məqsədi ilə tibb müəssisələrinin tuberkulinlə təminatı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

mütəmadi

3.2 Mikrobioloji laboratoriyaların zəruri reaktiv və ləvazimatlarla təchizatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi mütəmadi
3.3 Vərəm əleyhinə tibb müəssisələrinin dərman preparatları ilə davamlı təminatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi mütəmadi
3.4 Vərəmin diaqnostikası və müalicəsi üzrə klinik protokol-ların hazırlanması və tətbiqi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
3.5 Referens laboratoriyasında və Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsinin laboratoriyasında dərmanlara davamlı vərəmin erkən diaqnostikasını təmin edən molekulyar-genetik metodların tətbiq edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2011-2015
4. Kadr hazırlığı
4.1 Vərəmin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması (o cümlədən xarici ölkələrdə) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
4.2 Vərəmlə mübarizə üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
4.3 İlkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün vərəmin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
4.4 Səhiyyə Nazirliyi sistemində və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində vərəm əleyhinə mübarizə sahəsində çalışan mütəxəssislər üçün təlim proqramlarının hazırlanması və tətbiqi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2011-2015
5. Vərəmlə mübarizəyə dair maarifləndirmə
5.1 Vərəmlə mübarizəyə dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
5.2 Kütləvi informasiya vasitələri ilə vərəmin profilaktikasına dair məlumatların verilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, kütləvi informasiya vasitələri 2011-2015

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013