Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na dəyişikliklər və əlavələr edilməsi barədə

Azərbaycan Respublikasinin Nazirlər Kabineti

 

Qərar № 134 / 14.07.2010-cu il

 

 

«Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 992-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 264 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 627; 2005-ci il, № 7, maddə 678; 2006-cı il, № 2, maddə 185, № 4, maddə 378, № 5, maddə 470, № 9, maddə 819, № 10, maddə 902; 2007-ci il, № 5, maddə 546, № 10, maddə 1026; 2008-ci il, № 2, maddə 114) ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

 

1.1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

 

«2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.

 

Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir.

 

Doğum haqqında məlumat (bir qayda olaraq, uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür.

 

Doğum haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri, həmin məlumatın informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar.»;

 

1.2. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

 

«2.2-1. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrlü hesab edilməsini təqdim olunmuş sənədlər (valideynlərin xəstə olması barədə müalicə müəssisəsinin sənədi, həmin müddətdə uzunmüddətli ezamiyyətdə və ya ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sənəd, valideynlərdən birinin ölümü haqqında şəhadətnamə və sair) əsasında qeydiyyat şöbəsinin vəzifəli şəxsi müəyyən edir.

 

Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrsüz hesab edilməsi inzibati tənbehin tətbiq edilməsinə əsas verir.

 

Qeydiyyatın aparılması üçün müəyyən olunmuş müddət keçdikdən sonra vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan icra hakimiyyətinin nümayəndəliyinə müraciət olunduqda, qeydiyyatın aparılması üçün gecikmənin səbəbi göstərilməklə, ərizə və səbəbin üzrlü hesab edilməsini müəyyən etmək üçün sənəd təqdim olunmalıdır. Müvafiq qeydiyyat aparıldıqdan sonr a ərizə və gecikmənin səbəbini təsdiq edən sənəd (olduğu halda) dərhal qeydiyyat şöbəsinə təqdim edilir.»;

 

1.3. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

 

«2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir.»;

 

1.4. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

 

«2.3-1. Tibb müəssisəsində anaya doğum haqqında tibbi şəhadətnamə ilə birlikdə doğumun qeydə alınmasının zəruriliyi barədə bildiriş də təqdim oluna bilər. Bildirişdə doğumun qeydə alınmasının məcburiliyi, bunun üçün tələb olunan sənədlər, qeydiyyatın qanunvericiliklə müəyyən olunmuş müddəti və bu müddətin pozulmasına görə inzibati məsuliyyət barədə məlumatlar əks olunur.

 

Tibb müəssisəsində anaya bildiriş təqdim edilmədikdə, qeydiyyat şöbəsi tərəfindən ananın yaşadığı ünvana göndərilir.

 

Ana kənd və ya qəsəbə tipli məntəqədə yaşadıqda, müvafiq bildiriş ananın yaşadığı ünvana qeydiyyat şöbəsinin məlumatı əsasında icra hakimiyyətinin nümayəndəliyi tərəfindən göndərilir.

 

Bildiriş avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə də ötürülə bilər.»;

 

1.5. 2.19-cu bəndin birinci abzasının birinci cümləsində «məlumatına» sözü «müraciətinə» sözü ilə, ikinci abzasının üçüncü cümləsində «məlumatı vermiş» sözləri «müraciət etmiş» sözləri ilə əvəz edilsin;

 

1.6. 2.23-cü bəndin birinci abzasının birinci cümləsində «haqqında ərizə doğum haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra və o, 16 yaşına çatanadək verildikdə doğumun dövlət qeydiyyatı» sözləri «üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat» sözləri ilə əvəz edilsin.

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013