Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Vətəndaşların Elektron Sağlamlıq Kartı sistemi

Vətəndaşların Elektron Sağlamlıq Kartı sistemi

Sistem haqqında

 

“Elektron sağlamlıq kartı” sistemi (ESKS) Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan elektron informasiya sistemidir.

VESKS-nin tətbiqi müvafiq elektron registrlərin hazırlanması vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir. Bu günə qədər hər bir şəxs haqqında tibbi məlumatlar tibb müəssisələrində kağız üzərində və pərakəndə şəkildə idi. Amma Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta məlumatlarını özündə cəmləşdirən elektron informasiya sisteminin mövcud olmasına imkan verir. Sağlamlıq Kartı sisteminə daxil edilən məlumatlar Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, müayinə, müalicə, cari istifadə edilən dərman preparatları, peyvəndlər, gələcəkdə tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Bu, müasir standartlara uyğun informasiya sistemidir.

Kartda olan informasiya xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda, yaxın gələcəkdə təcili tibbi yardım maşınlarında, apteklərdə və s. kompüterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxuna və dəyişdirilə bilər.

Elektron informasiya sistemi ilkin mərhələdə uşaq kontingentinə xidmət edən tibb müəssisələrini əhatə edir. Bura Respublikada fəaliyyət göstərən bütün doğum evləri və şöbələri, uşaq poliklinikaları və xəstəxanaları aiddir.

 

Sistemin yaradılmasının əsasları

 

Səhiyyənin müxtəlif sahələrini əhatə edən ayrı-ayrı Dövlət Proqramlarından biri “Vətəndaşların Elektron Sağlamlıq Kartı sisteminin” yaradılması və tətbiqidir.

Vətəndaşların “Elektron Sağlamlıq Kartı” sisteminin (VESKS) tətbiqi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.3.11 bəndinə əsasən həyata keçirilir.

Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli 143 nömrəli qərarı ilə “Elektron Sağlamlıq Kartı” sisteminin tətbiqi Qaydaları” təsdiq edilib.

Bundan əlavə sistemin fəaliyyəti Səhiyyə Nazirliyi tərəfindən 5 sentyabr 2007-ci il tarixli 82 nömrəli əmri ilə təsdiq edilən “Elektron Sağlamlıq Kartı” sistemindən istifadə Qaydaları” ilə də tənzimlənir.

 

Sistemin yaradılması

 

“Elektron sağlamlıq kartı” sisteminin həyata keçirilməsi üçün zəruri olan xüsusi proqram təminatlarının hazırlanması, Məlumatların idarəetmə və kart personalizasiya mərkəzlərinin xüsusi avadanlıqlar və proqram təminatları ilə təchiz edilərək istifadəyə verilməsi məqsədilə Səhiyyə Nazirliyi və “Bestcomp Group” firması arasında 2007-ci ildə müqavilə imzalanıb və nəzərdə tutulan işlər uğurla yerinə yetirilib.

Tibb müəssisələrinin Mərkəzlə məlumat mübadiləsini təmin etmək məqsədilə genişzolaqlı internet şəbəkəsi yaradılıb. Kompüter avadanlıqları alınaraq Respublikanın doğum və uşaq tibb müəssisələrində 268 işçi yeri quraşdırılıb.

Sistemin ölkə miqyaslı olmasını nəzərə alaraq 2007-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) xüsusi Rabitə və İnformasiya Texnologiyaları şöbəsi yaradılıb və lazımi resurslarla təchiz edilib. Şöbənin mütəxəssisləri mütəmadi olaraq Respublikada və xarici ölkələrdə biliklərini artırmaq məqsədilə təlimlərə qatılır.

İctimai Səhiyyə və İslahatlar Mərkəzində və Bakı Baş Səhiyyə idarəsində şəhər və rayon müəssisələrinin heyətinə proqram təminatının istifadəsi barədə genişmiqyaslı təlimlər keçirilib.

“Elektron sağlamlıq kartı” sisteminin tətbiqi üçün görülən tədbirlərin nəticəsi olaraq 2007-ci ilin dekabr ayında sistem fəaliyyətə başlayıb. İlk Sağlamlıq Kartlarının yenidoğulmuş uşaqlara verilməsi mərasimində Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyeva iştirak etmişdir.

 

Sistemin iş prosesi

 

Sistemin iştirakçısı olan doğum evlərində və ya xəstəxanaların doğum şöbələrində yeni doğulmuşların ilkin qeydiyyatı aparılaraq, məlumatlar sistemə daxil edilir. Həmin məlumatlar yeni doğulmuşun qeydiyyatda olması nəzərdə tutulan uşaq poliklinikasına göndərilir. Əgər doğuş hər hansı səbəbdən doğum evindən kənarda baş veribsə, körpənin qeydiyyatı müvafiq uşaq poliklinikası tərəfindən həyata keçirilir. Poliklinika həm doğum evləri, həm də özü tərəfindən qeydiyyata alınmış hər bir yeni doğulmuş uşaq üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə elektron sifariş göndərir. Kart personalizasiya mərkəzində hazırlanan kartlar poliklinikalar vasitəsilə uşaqların qanuni nümayəndələrinə təhvil verilir. Mikroprosessorlu çiplə təchiz edilmiş plastik elektron kartlarının üzərində və çipdə yerləşdirilən məlumatlar kart sahibinə daha keyfiyyətli, effektiv və sürətli müayinə və müalicə olunmaq imkanı verir.

Yeni doğulmuşlarla yanaşı uşaq poliklinikalarında qeydiyyatda olan digər uşaq kontingenti də informasiya sisteminə daxil edilir. Sadəcə bu mərhələdə onlara kart verilməsə də, onların bütün məlumatları sistemə daxil edilir. Və bu da həkimlərə həmin uşaqların tam dolğun tibb məlumatlarını operativ əldə etməkdə kömək edir.

Məlumatların sistemdə və kartda tam və dolğun olması məqsədilə vətəndaşlar uşaq tibb müəssisələrinə hər bir müraciət zamanı kartlarını təqdim etməlidir.

 

Təhlükəsizlik tədbirləri

 

Sistemdə təhlükəsizlik və məxfilik tam təmin edilib. Bu məqsədlə Sağlamlıq kartının sahibi haqqında informasiyanın əldə edilməsi və dəyişikliklərin aparılması məqsədi ilə sistemə yalnız tibb müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq icazəsi olan şəxslər daxil ola bilərlər. Bütün əlavə və dəyişikliklər barədə sistemin təhlükəsizlik jurnallarında avtomatik qeydlər aparılır. Məlumatların ehtiyat surətləri mütəmadi olaraq disk və lentlərə yazılaraq qorunur.

 

Layihənin gedişatı

 

2009 il iyul ayının 1-nə qədər 130 mindən artıq yenidoğulmuş uşağa Elektron Sağlamlıq Kartı hazırlanaraq verilmişdir.

Artıq istifadəyə hazır “Elektron Səhiyyə” internet portalı vasitəsilə Elektron Sağlamlıq Kartı sistemində qeydiyyata alınan və unikal kodu mövcud olan vətəndaşlar (kod kartın üzərində qeyd olunub) özü barədə sistemdə yer alan bütün məlumatları internet üzərindən əldə edə bilər.

Hazırda Respublikanın şəhər və rayonlarında ilkin mərhələdə nəzərdə tutulan bütün tibb müəssisələrinin sistemə qoşulması yekunlaşıb.

Sistemin inkişafı və digər qurumlarda (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi) fəaliyyət göstərən informasiya sistemləri ilə inteqrasiyası yönündə işlər davam etdirilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013