Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması barədə

Ə M R

№ 80 / 28.08.2007 / Bakı şəhəri

 

«Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin beşinci abzasına müvafiq olaraq Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 1999-cu il tarixli 5 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

 

Qeyd olunanlarla əlaqədar olaraq

 

ƏMR EDİRƏM:

 

1. Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üzrə Komissiya yaradılsın və tərkibi təsdiq edilsin (əlavə olunur).

 

2. “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üzrə Komissiya haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

 

3. «Tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə»nin nümunəsi təsdiq edilsin (əlavə olunur).

 

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün Şərtlərin təsdiq edilməsi haqqında” 07 noyabr 2001-ci il tarixli 176 nömrəli qərarına əsasən xarici ölkələrdə tibb təhsili almış əcnəbilər və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər bu əmrlə yaradılmış komissiya tərəfindən verilən şəhadətnamə əsasında özəl tibbi praktika ilə məşğul ola bilərlər.

 

5. Əmrin icrasına nəzarət Nazir müavinləri Sənan Kərimov və Elsevər Ağayevə həvalə edilsin.

 

Oqtay Şirəliyev

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013