Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakıda ikinci Azərbaycan-Alman Cərrahiyyə Günləri başlamışdır

Heydər Əliyev Fondunun dəstəyi ilə yanvarın 31-də Səhiyyə Nazirliyinin M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ikinci Azərbaycan-Alman Cərrahiyyə günləri başlamışdır.

 

Fevralın 4-dək davam edəcək tədbirdə Almaniyanın Heydelberq Universitetinin Mannheym Cərrahiyyə Klinikasının rəhbəri və Almaniya Cərrahlar Cəmiyyətinin sədri professor Stefan Postun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

 

Regionda ilk dəfə olaraq xüsusi müasir treninq modelləri əsasında aparılacaq tədbirdə respublikamızın müxtəlif klinikalarında çalışan 200-dək cərrah, endoskopist və əməliyyat tibb bacıları üçün məruzələr oxunacaq, eləcədə birbaşa translyasiya ilə nümunəvi əməliyyatların keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, 50-dək xəstənin alman professorları tərəfindən təmənnasız müayinə və məsləhəti, cərrahi və endoskopik müalicəsi də nəzərdə tutulmuşdur.

 

Tədbirin sonunda alman tərəfi ilə gələcəkdə Heydər Əliyev Fonduna müraciət edəcək xəstələrin davamlı olaraq, Almaniyanın aparıcı universitet klinikalarının mütəxəssisləri tərəfindən teletəbabət vasitəsilə təmənnasız konsultasiya edilməsi və bir sıra birgə layihələr müzakirə ediləcəkdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

31/01/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013