Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə nazirliyində geniş kollegiya iclası keçirilmişdir

Tibb müəssisələrinin baş həkimləri və Elmi Tədqiqat İnstitutlarının direktorlarının iştirakı ilə keçirilən iclas əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunmuşdur.

 

İclası giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə və tibb elmi sahəsində son illər ərzində görülən işlər, aparılan islahatlar haqda məlumat verdi. Nazir öz çıxışında görülən işlərin nəticəsi kimi bir sıra tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, əsaslı təmir yaxud yeni tikilib istifadəyə verilən və tam müasir tibbi avadanlıqlar habelə dərman və qida ilə təchizatını vurğuladı. O. Şirəliyev hazırda əhaliyə verilən dərman preparatlarının siyahısının genişləndirilməsinin nəzərdə tutulduğunu dedi.

 

Ölkə səhiyyəsində qan xidmətinin təkmilləşdirilməsi və bu sahədə görülən işlər haqda da nazir tərəfindən məlumat verildi. Bildirildi ki, bu gün qan problemi də həll olunur. Hazırda mərkəzləşdirilmiş qaydada stasionar tibb müəssisələri lazım olan qan və qan komponentləri ilə tam təmin olunur və bu proses daha da sadələşdirilmiş qaydada həyata keçirilir.

 

Görülən işlərin nəticəsi kimi, stasionarlarda çarpayıların işi də yaxşılaşdırılmışdır. Əvvəlki illərlə müqayisədə il ərzində çarpayı 80-85 gün işləyirdisə 2010-cu ilin hesabatına görə bu göstərici 203-ə çatıb ki, bu da çox böyük irəliləyişdir . Stasionarlara respublika üzrə 2010-cu ildə 560 minə yaxın xəstə müraciət etmişdir. Öz çıxışında kadr potensialının yaxşılaşdırılması məsələsinə də toxunan nazir görülən işlərin uğurlu nəticəsi kimi, sertifikasiya prosesini xüsusi vurğuladı və qeyd etdi bu proses artıq öz uğurlu nəticəsini göstərir. Bu da əsasən həkimlərin öz üzrlərində işləməyi ilə əlamətdardır.

Kollegiya iclasının əsas səbəblərindən biri də artıq yaradılmış mövcud şəraitdə arada olan bir sıra problemləri də müzakirə etmək idi.

 

Əldə olunan uğurlarla yanaşı problemlərdən də danışan nazir xəstələrlə davranış qaydalarına xüsusi diqqət və qayğı yetirilməli olduğunu, şikayətlərin aradan qaldırılması üçün bütün lazımı tədbirlərin vaxtında görülməsini, xəstələrin müalicə işinin protokollara əsasən aparılmalı olması məsələsini önə çəkdi.

 

O. Şirəliyev nöqsanların aradan qaldırılması işindən danışarkən son vaxtlar gələn şikayətlərin əsasını əvvəllər olduğu kimi müalicə və müayinə işləri deyil, əksinə həkimlik peşəsinə xələl gətirə biləcək diqqətsizlik, qayğısızlıq bəzi hallarda hətta səhlənkarlıqdır.

 

Qeyd olundu ki, xəstəxanaların kifayətləndirici həcmdə dərman preparatları və sarğı materialları ilə təmin olunmasına baxmayaraq, bəzi tibb işçiləri tərəfindən xəstələrə, onların yaxınlarına hələ də dərman aldırmaq hallarına rast gəlinir. Bu barədə nazirliyə müraciətlər hələ də daxil olmaqdadır. Xəstələrdən və onların qohumlarından, xüsusilə də doğum evlərində müxtəlif bəhanələrlə qeyri-rəsmi ödənişlərin tələb olunması halları da vardır. Belə hallara qarşı barışmaz mübarizə aparılmalıdır.

 

Eyni zamanda xəstəxanalarda sanitariya-epidemioloji rejimə nəzarətin gücləndirilməsi, səliqə sahmana, təmizliyə və nizam-intizam qaydalarına riayət olunmasının vacibliyini də vurğuladı.

Nazirliyin struktur bölmələrin rəhbərlərinə xəstəxanaların fəaliyyətinin ciddi nəzarətdə saxlanılması, mütəmadi reydlərin aparılması, aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün, konkret tədbirlərin görülməsi tapşırıldı.

 

Nazir çıxışının sonunda vurğuladı ki, sadalanan nöqsanların aradan qaldırılması üçün təkcə tibb müəssisəsinin rəhbərliyi deyil, vəzifəsindən asılı olmayaraq müəssisəsində çalışan hər bir kəs səy göstərməli, əlindən gələni əsirgəməməlidir. Yalnız bu zaman istənilən nəticələr əldə etmək mümkündür.

 

Analoji tədbir Səhiyyə Nazirinin müavini, Respublikanın Baş Dövlət Sanitariya həkimi tərəfindən dövlət sanitariya-epidemioloji nəzarəti zamanı Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli 790 nömrəli Fərmanının icra vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin və Bakı şəhərinin rayon gigiyena və epidemiologiya mərkəzinin rəhbərləri iştirak ediblər.

 

Tədbirdə qeyd olunmuşdur ki, 2010-cu ildə sanitariya-epide-mioloji xidmət qurumları tərəfindən ölkə əhalisinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərilmişdir. Lakin bununla yanaşı yerli sanitariya nəzarəti orqanları tərəfindən bir sıra hallarda Fərmanın icrasında pozuntulara yol verildiyi vurğulanmış, sahibkarlıq subyektlərinin fəaliyyətinə lüzumsuz müdaxilələrin edilməsi, qanunsuz yoxlamaların aparılması və s. qeyd edilmişdir.

 

İştirakçılara tapşırıldı ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya-epidemioloji şurasında bu məsələyə baxılsın və bu sahədə pozuntulara yol vermiş məsul şəxslərə qarşı müvafiq tədbirlər görülsün.

 

Bundan əlavə respublikanın rayonlarında, o cümlədən Bakı şəhərində dövlət sanitariya-epidemioloji nəzarət xidmətinin fəaliyyətinin araşdırılması məqsədilə monitorinqin aparılması və lazımi tədbirlərin həyata keçirilməsi tapşırılmışdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

2/02/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013