Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə nazirliyində Bakı şəhərində fəaliyyət göstərən ambulator tibb müəssisələrinin baş həkimlərinin və imtiyazlı apteklərin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib

Səhiyyə nazirliyində Bakı şəhərində fəaliyyət göstərən ambulator tibb müəssisələrinin baş həkimlərinin və imtiyazlı apteklərin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmişdir.

 

İclas şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yaxşılaşdırılmasına həsr olunmuşdur. Əsas müzakirə olunan məqam son illər dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması, xəstələrin qeydiyyata düşməsi məsələsinin stabil qaydada və vaxtında həyata keçirməsi, onlara pulsuz olaraq özünənəzarət vasitələri olan qlükometr və dərman preparatları ilə təmin olunması işinin təşkili idi. Vurğulandı ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin elektron kartları ilə təmin olunmasında müsbət işlər görülmüşdür ki, nəticədə təkcə Bakı şəhərində qeydiyyatda olan 40 minə yaxın şəkərli diabet xəstəsinin 25 mininə artıq bu kartlar təqdim olunmuşdur.

 

Müşavirədə görülən işin səmərəsini daha da artırmaq üçün əsas məqama da toxunuldu. Bu da verilən dərman preparatlarının həkimlər tərəfindən düzgün və lazımı qaydada müəyyən olunması, təyinatı və yönləndirilməsi işidir. Bu baxımdan tibb müəssisələrinin rəhbərlərinə xüsusi tapşırıq və tövsiyələr verilmişdir.

 

Səhiyyə nazirliyi mətbuat xidmətinin məlumatı

 

2/02/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013