Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Daşqından zərər çəkmiş rayonlarda Səhiyyə Nazirliyi tərəfindən bir sıra işlər görülmüşdür

Daşqından zərər çəkmiş rayonlarda Səhiyyə Nazirliyi tərəfindən bir sıra işlər görülmüşdür

Azərbaycan Respublikasında 2010-cu ilin may ayının əvvəllərində Kür çayının daşması nəticəsində Şirvan şəhərində, Zərdab, Sabirabad və digər rayonlarda təbii fəlakət baş vermişdir ki, bu da əhalinin sağlamlığı üçün potensial təhlükə və sanitariya-epidemioloji gərginlik yaratmışdır.

 

Bu gərginliyin aradan qaldırılması, eləcə daşqından zərər çəkmiş əhaliyə tibbi xidmətin təşkili məqsədilə Səhiyyə Nazirliyinin struktur bölmələrinin və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirilmiş və aparılacaq təxirəsalınmaz tədbirlər müzakirə edilmişdir.

 

İlk növbədə Kür çayının səviyyəsinin qalxması ilə əlaqədar zərər çəkmiş rayonlarda əhali arasında yarana biləcək yoluxucu xəstəliklərin qarşısının alınması, fəlakət zonasında əhaliyə ixtisaslaşmış tibbi xidmətin göstərilməsi, eləcə də fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə Səhiyyə Nazirliyində Qərargah yaradılmışdır.

 

Elə həmin gündən etibarən əsas profillər üzrə yüksək ixtisaslı həkimlərdən ibarət tibb briqadaları seldən zərərçəkmiş rayonlara ezam olunmuşlar.

Bütün briqadalar tərəfindən daşqınlarla əlaqədar yaranmış sanitariya-gigiyenik vəziyyət öyrənilmiş, su basmış ərazilərdə gərgin epidemioloji vəziyyətin aradan qaldırılması üçün kompleks tədbirlər planı hazırlanmış və həyata keçirilməsinə başlanmışdır.

 

Daşqın ərazilərində zəruri tibbi ləvazimatları, dərman preparatları, dezinfeksiyaedici maddələrin və s. miqdarı dəqiqləşdirilərək rayonlara göndərilmişdir.

 

Belə ki, daşqının ilk günü Sabirabad, Zərdab rayonlarının və Şirvan şəhərinin hər birinə dezinfeksiya və dezinseksiya işlərinin aparılması üçün kifayət qədər xlorlu əhəng, xloramin, didifos, deltametrin, eləcə də xüsusi geyim komplektləri, çiləyicilər, birdəfəlik respirator və s ləvazimatlar göndərilmişdir.

 

Zərər çəkmiş rayonlarda epidemioloji vəziyyətin qiymətləndirilməsi və nəzarətdə saxlanılması üçün operativ məlumatın Qərargaha təqdim olunması məqsədilə xəbərdarlıq sxemi hazırlanmış və növbətçi telefonlar müəyyənləşdirilmişdir.

 

İlk gündən başlayaraq fövqəladə hallar zamanı fəaliyyətlərin əlaqələndirilməsi və qarşılıqlı fəaliyyətin səmərəsinin artırılması məqsədilə hələ aprel ayında hazırlanmış birgə tədbirlər planına əsasən Səhiyyə Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

 

Zərər çəkmiş ərazilərdə əlavə əksepidemik tədbirlərin aparılması məqsədilə tələbat öyrənilərək dezinfeksiya, dezinseksiya preparatlarının, malyariyaya qarşı dərman preparatlarının, eləcə də laborator xidmətinin gücləndirilməsi üçün lazımi qidalı mühitlər, reaktivlər, diaqnostikumlar və digər immunobioloji preparatların kifayət miqdarda ehtiyatı yaradılmışdır.

Daşqınların təsir ərazilərində yaşayan əhali arasında yoluxucu xəstəliklərin fəal aşkar edilməsi və əhali arasında sanitariya-maarifi işlərinin aparılması üçün zərərçəkmiş rayonların tibb müəssisələrinin mütəxəssislərindən ibarət tibbi briqadalar yaradılaraq evbəev gəzintilərə başlamışlar.

 

Yoluxucu xəstələrin qəbulunun təşkili üçün infeksiya şöbələrində müvafiq şərait yaradılmışdır.

Qeyd etmək lazımdır ki, su basmış ərazilərdən köçürülmüş ailələrin kütləvi şəkildə müvəqqəti məskunlaşdığı bütün yerlərdə tibbi xidmət təşkil edilmişdir. Yaradılmış 17 tibb məntəqəsi və 20-dən artıq səyyar tibb briqadaları kifayət qədər dərman preparatları, sarğı materialları və tibbi ləvazimatlarla təmin edilmişdir.

 

Əhalinin kütləvi məskunlaşdığı yerlərdə yaradılmış tibb məntəqələrinə bu müddət ərzində 50 mindən artıq müraciət olunmuş və onlara müvafiq tibbi yardım göstərilmişdir. Fəlakətdən zərər çəkmiş əhalidən 200 nəfərdən artıq vətəndaş stasionar müalicəyə cəlb olunmuş, 4 nəfər cərrahi əməliyyat olunmuş, 56 doğuş qəbul edilmişdir. Hazırda bu əhalidən 39 nəfəri stasionar müalicədədir. Yeni doğulmuşlar üçün Səhiyyə Nazirliyi tərəfindən uşaq arabaları, uşaq bezləri, yataq, bələk dəstləri, uşaq qidaları, gigiyenik vasitələr və s. alınaraq yerlərə çatdırılmışdır.

 

Hadisələrdə əhali arasında ən çox psixoemosional gərginliyin keçirilməsini nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən göndərilmiş mütəxəssislər yerlərdə əhali arasında psixoloji yardımın göstərilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirirlər.

 

Əhalinin kütləvi məskunlaşdığı bütün yerlərdə su təchizatı, tullantıların kənarlaşdırılması və qidalanmasının təşkili üzərində sanitariya-epidemioloji nəzarət təmin edilmiş və mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

 

Ətraf mühitdə müvafiq laborator müayinələrin aparılması ilə xüsusi təhlükəli infeksiyalara görə epidemioloji tədqiqatların həyata keçirilməsi və rayonların bakterioloji laboratoriyaların işi gücləndirilmişdir.

Kür çayının daşması nəticəsində Sabirabad rayonunun su basmış kəndlərindəki zərərçəkmiş 1935 nəfər əhali Şirvan şəhərində Fövqəladə Hallar nazirliyi tərəfindən yaradılmış “Çadır şəhərciyi”ndə və 2 məktəbdə məskunlaşmışlar. Müvəqqəti məskunlaşma yerlərində qalan əhaliyə tibbi xidmətin göstərilməsi məqsədilə 3 tibb məntəqəsi və 4 tibb briqadası fəaliyyət göstərir, təcili yardım briqadalarının və nəqliyyatının daimi növbətçiliyi təşkil edilmişdir.

 

Sabirabad rayonunda 31.05.2010-cu il tarixinə əlavə olaraq köçürülmüş 18255 nəfər əhali Sabirabad rayonunda 5 məktəb binasında və 1 çadır şəhərçiyində məskunlaşmışlar.

Saatlı rayonu üzrə su basmış məntəqələrdən köçürülmüş 4863 nəfər əhalidən 695 nəfəri məktəblərdə və s. inzibati binalarda yerləşdirilmişlər. 15 kütləvi məskunlaşma yerlərində 8 tibb məntəqəsi təşkil olunmuşdur.

 

Bu ərazilərdə yaşayan əhali arasında kütləvi qida zəhərlənmələrinin qarşısının alınması istiqamətində də müəyyən işlər görülmüşdür. Belə ki, qida sənayesi obyektləri, ictimai iaşə, ticarət, uşaq və yeniyetmə müəssisələri üzərində nəzarət artırılmış, küçə ticarətinin, nəzərdə tutulmayan yerlərdə ət kəsiminin qarşısının alınması üçün dövlət sanitariya nəzarəti gücləndirilmişdir. Əhalinin istifadə etdiyi su mənbələri üzərində laborator nəzarəti təmin edilmişdir.

 

Malyariya xəstəliyinin profilaktikası məqsədilə fəal malyariya ocaqlarında epidemioloji vəziyyətdən asılı olaraq lokal kimyəvi profilaktikanın və dezinseksiya tədbirlərinin aparılması su basmış ərazilərdə entomoloji tədqiqatların aparılması ilə su durğunluqlarında delarvasiya işinin aparılmasına başlanmışdır.

İndiyədək heç bir rayonda yoluxucu xəstəliklər, o cümlədən malyariya, eləcə də qida zəhərlənmələri qeydə alınmamışdır.

 

Səhiyyə Nazirliyi qarşısında duran əsas məsələlərdən biri də sel basmış ərazilər qurudulduqdan sonra yoluxucu xəstəliklərin profilaktikası məqsədilə dezinfeksiya və dezinseksiya işlərinin aparılmasıdır.

Qeyd edək ki, sel basmış və qrunt sularının qalxması nəticəsində su altında qalmış 2,8 milyon m2 ərazidə qurudulduqdan sonra dezinfeksiya, 5,4 milyon m2 ərazidə isə dezinseksiya tədbirlərinin aparılması tələb olunur.

 

Aparılacaq tədbirlər Səhiyyə Nazirliyinin daxili imkanları hesabına həyata keçiriləcəkdir.

 

Mətbuat Xidmətinin məlumatı

3/08/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013