Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Hamilə qadınlar arasında HepB və HİV-in diaqnostikası və yenidoğulmuş uşaqların HepB virusuna qarşı profilaktikası” proqramına dair görülən işlər davam etdirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2011-ci il 08 fevral tarixli 19 saylı əmri ilə proqram cari ilin 01 mart tarixindən Lənkəran rayonunda tətbiq olunmağa başlayacaqdır.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 mart 2009-cu il tarixli 30 saylı əmrinə əsasən 2009-cu il aprel ayının 1-i tarixindən Rostropoviç-Vişnevskaya Fondu ilə əməkdaşlıq çərçivəsində “Hamilə qadınlar arasında HepB və HİV-in diaqnostikası və yenidoğulmuş uşaqlar arasında HepB virusuna qarşı profilaktika proqramı”nın Bakı şəhərində tətbiqinə başlanılmışdır.

 

Bakı şəhərində proqramın uğurlu tətbiqinin ardınca Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2010-cu il 05 avqust tarixli 60 saylı əmri ilə Rostropoviç-Vişnevskaya Fondu və Heydər Əliyev Fondunun dəstəyi ilə proqramın Gəncə şəhərinə genişləndirilməsinin tətbiqi davam etdirilmişdir.

Proqram çərçivəsində Fondun dəstəyi ilə Səhiyyə Nazirliyi tərəfindən hamilə qadınların qeydiyyatı aparılan tibb müəssisələri, doğum evlərinin tibb personalı üçün təlim məşğələləri keçirilmiş, əhalinin maarifləndirilməsi üçün plakat və lifletlər tibb müəssisələrinə paylanmışdır.

 

Proqram çərçivəsində bütün hamilə qadınlar Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol”a uyğun olaraq hepatit B və HİV-ə müayinə olunurlar. Hepatit B daşıyıcısı təsdiq olunmuş hamilə qadınların yenidoğulmuş uşaqları arasında hepatit B-nin profilaktikası məqsədilə hepatit B peyvəndi və hepatit B immunoqlobulinin vurulması həyata keçirilir.

 

Proqramın tətbiqi müddətində Bakı və Gəncə şəhərlərində hamilə qadınlar arasında hepatit B-ə qarşı 94.000 müayinə, HİV-ə qarşı 50.000 müayinə aparılmışdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

10/02/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013