Azərbaycanda bakterial meningitlər üzərində epidemioloji kəşfiyyat nəzarəti müvəffəqiyyətlə davam etdirilməkdədir
2010-cu ilin yanvar ayından başlayan, Səhiyyə Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional bürosunun dəstəyi ilə Azərbaycanda bakterial meningitlər üzərində epidemioloji kəşfiyyat nəzarəti müvəffəqiyyətlə davam etdirilməkdədir. Epidemioloji nəzarətin təşkili Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasının və Ə.Qarayev adına 2 saylı Klinik Uşaq xəstəxanasının bazalarında təşkil edilmişdir. Bu istiqamətdə fəaliyyətin müasir tələblər səviyyəsində təşkili üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasında və Qarayev adına 2 nömrəli uşaq xəstəxanasının müvafiq şöbəsində əsaslı təmir və yenidənqurma işləri aparılmış, müasir avadanlıqlar alınmışdır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bu sahədə fəaliyyət göstərən mütəxəssisləri Ümumdünya Səhiyyə Təşkilatının Regional referens laboratoriyasında əlavə təlim keçmişlər.
2010-cu il ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasında 50 nəfər 5 yaşa qədər uşaqdan götürülmüş onurğa beyni mayesi laboratoriya müayinəsindən keçirilmiş, 6 uşaqda bakterial meningitin törədiciləri aşkar edilmişdir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı
11/02/2011