Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Tibbi xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması və dəstəkləyici nəzarət" mövzusunda təlim keçirilib

10.02.2011-ci il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Tibbi xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması və dəstəkləyici nəzarət" mövzusunda təlim keçirilib.

 

İSİM-in təşkilatçılığı və YUNİSEF-in texniki dəstəyilə “Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin mövcud monitorinq sisteminə dəstəkləyici nəzarət prinsiplərini inteqrasiya etməklə neonatal qayğı və doğum xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təşkil olunmuş təlimdə Bakı üzrə 10 doğuşayardım tibb müəssisəsinin neonatoloqları, baş həkim müavinləri, şöbə müdirləri iştirak etdilər. Görüşün keçirilməsində məqsəd iştirakçıları layihənin əsas məqamları ilə tanış etmək idi.

 

Belə ki, 2011-ci ilin yanvarından etibarən İSİM-lə YUNİSEF birgə layihəyə başlayıb. Layihənin məqsədi neonatal və doğum xidmətləri sahəsində tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün dəstəkləyici monitorinq təşəbbüsünün pilot qaydada sınaqdan keçirilməsidir. Layihə çərçivəsində həmçinin Bakının ayrı-ayrı tibb müəssisələrinin nümayəndələrinə təlim keçirilməsi nəzərdə tutulub. Təlimin keçirilməsində əsas məqsəd müəssisələrdə dəstəkverici nəzarətin tətbiqinə nail olmaqdır.

 

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məlumatı

11/02/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013