Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində növbəti Təşkilatlararası iclas keçirilib

16 fevral 2011-ci il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirilib. İclasda YUNİSEF və ÜST-ün Azərbaycan nümayəndəliyi, Azərbaycana Birgə Yardım Təşkilatı, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, “Sağlam həyat tərzi” və Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, İSİM, “Save the children”, AbtAssociates kimi yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 

Tədbirdə son zamanlar həyata keçirilmiş fəaliyyətdən, ictimai səhiyyənin inkişafı istiqamətində görülən davamlı işlərdən habelə İSİM-lə YUNİSEF-in birgə layihələri olan “Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi” üzrə tədqiqat, eləcə də “Tibbi xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması və dəstəkləyici nəzarət” mövzusundakı təlimlər haqqında məlumat verilib.

 

İclas iştirakçılarına eyni zamanda Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində İSİM və ÜST-ün həyata keçirdiyi, hazırda davam edən “Qeyri-infeksion xəstəliklərin risk faktorlarının araşdırılması” intervüyerləri üçün təlimlə bağlı fikirlər qeyd olunub və klinik protokolların tərtibat işlərinin davam etdirildiyi diqqətə çatdırılıb. Belə ki, yeni Neonatal prosedurlar üzrə klinik protokol Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunub. Bununla da təsdiq olunmuş klinik protokolların sayının 45-ə çatdığı vurğulanıb.

 

Yerli və beynəlxalq təşkilatların nümayəndələrinin təqdimatından sonra iştirakçılar təmsil etdikləri qurumların hazırkı fəaliyyəti barədə qısa məlumat veriblər. Sonda növbəti ay üçün planlaşdırılmış işlərdən söhbət açılıb.

Növbəti Təşkilatlararası iclas martın 16-a nəzərdə tutulub.

 

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məlumatı

18/02/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013