Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərdə müayinələr və araşdırmalar aparmışdır

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərdə müayinələr və araşdırmalar aparmışdır

Bakı şəhəri ərazisində yerləşən çimərliklərin yay mövsümünə hazırlıq vəziyyətinə və çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə nəzarət məqsədi ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən laboratoriya tədqiqat üsullarının tətbiqi ilə müayinələr və araşdırmalar aparılmışdır. Aparılmış araşdırmalar göstərmişdir ki, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir. Şıx çimərliyinin sanitariya-mühafizə zolağına Bibiheybət, Badamdar, 20-ci sahə yaşayış ərazilərindən və Lökbatan qəsəbəsi istiqamətində təsərrüfat-məişət çirkab suları, Sahil çimərliyinin mühafizə zolağına isə, Sahil təmizləyici qurğular stansiyasında təmir-yeni-dənqurma işləri başa çatdırılmadığından, tam təmizlənməmiş çirkab suları axıdılır.

 

Aparılmış laboratoriya müayinələrinin nəticələrinə görə göstərilən çimərliklərin ərazilərində dəniz suyunun bakterioloji çirkənmə göstəricilərinin də normadan yüksək olduğu aşkar edilmişdir.

 

Mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Baş dövlət sanitariya həkiminin müavini tərəfindən Səbail rayonunun Şıx çimərliyinin, Qaradağ rayonun Sahil çimərliyinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin qadağan edilməsi barədə qərar çıxarılmışdır.

 

Qəbul edilmiş qərarın icrasına köməklik göstərilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə, Fövqaladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı şəhəri Baş Polis İdarəsinə müvafiq məktublar göndərilmişdir.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

3/08/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013