Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İlk sertifikatlar 161 həkimə təqdim olundu

Səhiyyə Nazirliyində praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesindən keçmiş 161 mütəxəssisin ilk sertifikatlarının təqdimetmə mərasimi təşkil olundu.

 

Mərasimi giriş sözü ilə acan səhiyyə naziri Oqtay Şirəliyev öncə bütün həkimləri bu məsuliyyətli və eyni zamanda şərəfli bir işin öhdəsindən uğurla gəldiklərinə görə təbrik etdi. Ölkə başçısının qərarından irəli gələn sertifikasiya prosesinə başlanma çətin və məsuliyyətli proses olsa da, bu prosesin şəffaflığı heç kimdə şübhə doğurmur. İmtahanların şəffaf keçirilməsi üçün əlimizdən gələni əsirgəmədik və həkimlər də şükürlər olsun ki, bu etimadı doğruldurlar-deyə O. Şirəliyev mərasim iştirakçılarına bildirdi. Nazir bu prosesin gələcəkdə də uğurla həyata keçiriləcəyinə əmin olduğunu qeyd etdi və nəzərə çatdırdı ki, bu işin ən sevindirici tərəfi odur ki, əhali həkim savadsızlığının qurbanı olmayacaq.

 

Sözlərinə ölkə başçısı cənab İlham Əliyevin səhiyyə sistemindəki Azərbaycan səhiyyə standartları ifadəsi ilə davam edən O.Şirəliyev bu etimadın doğruldulması üçün hər bir kəs əlindən gələni etməli, oxumalı, təkmilləşməli və öz sahəsinin əsil mütəxəssisi olmalıdır deyə qeyd etdi. Bu gün səhiyyəyə ayrılan diqqətdən, ölkə həkimlərinə son illər etimad və inamın artmasından danışan nazir eyni zamanda arada olan bəzi boşluqlar və nöqsanlara da toxundu. Nöqsanların aradan qaldırılması məqsədi ilə ölkə başçısının korrupsiyaya qarşı mübarizəyə dair tapşırıqlarını tədbir iştirakçılarına bir daha xatırladan O. Şirəliyev, bütün bunların aradan qaldırılması naminə hazırda görülən və gələcəkdə görüləcək işlərə dair də qısaca məlumat verdi.

 

Çıxışının sonunda nazir bir daha sertifikatları alan həkimləri təbrik etdi, onların üzərinə bundan sonra daha da böyük məsuliyyət düşdüyünü, və işlərinə bundan sonra da tam məsuliyyət ilə yanaşmağı tövsiyə etdi. Sonda simvolik olaraq ən yüksək bal (100%)toplamış həkim-mütəxəssisə ilk sertifikat şəxsən Oqtay Şirəliyev tərəfindən təqdim olundu.

161 həkimə sertifikatların təqdim olunması prosesi iştirakçılar tərəfindən çox böyük maraq və sevinclə qarşılandı.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

21/02/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013