Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Akademik Vəli Axundovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 15 yanvar tarixli Sərəncamına əsasən, dövlət xadimi, görkəmli alim, səhiyyə işinin təşkilatçısı və akademik Vəli Yusif oğlu Axundovun 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir. Növbəti tədbir görkəmli alimin adını daşıyan Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda keçirilib. Vəli Axundovun ailə üzvləri və İnstitutun kollektivi əvvəlcə II Fəxri xiyabanda onun məzarını ziyarət edib, xatirəsini anıblar.

 

Tədbirdə çıxış edən institutun direktor müavini Həqiqət Qədirova Ulu Öndərin Sərəncamı ilə hələ 20 il bundan əvvəl Vəli Axundovun 80 illik yubileyinin keçirilməsini xatırladıb.

 

İnstitutun elmi katibi Məşuqə Əlili Azərbaycan elminin inkişafında və Azərbaycanın ictimai-siyasi həyatında böyük xidmətləri olan Vəli Axundovun həyatı və elmi-ictimai fəaliyyəti haqqında məruzə ilə çıxış etdi. Qeyd olundu ki, Vəli Axundov 1916-cı il mayın 14-də Bakının Saray kəndində dünyaya gəlib, 1935-ci ildə Bakı Sənaye Texnikumunu, 1941-ci ildə isə Azərbaycan Tibb İnstitutunu bitirib. Hərbi həkim kimi Vəli Axundov 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, ordudan tərxis olunduqdan sonra Elmi-Tədqiqat Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunda işləmiş, instituta və Səhiyyə Nazirliyinə rəhbərlik etmişdir.

 

1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifələrində çalışmış Vəli Axundov eyni zamanda Sov.İKP MK-nın Zaqafqaziya bürosunun üzvü olmuşdur. 1969-cu ildə Elmlər Akademiyasının vitse-prezidenti seçilmiş, 1972-ci ildə Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutuna direktor təyin edilmişdir.

 

Tədbirdə çıxış edən Akademik Böyükkişi Ağayev alimlə bağlı xatirələrini bölüşüb, onun həm dövlət işində, həm də elmdə qazandığı uğurlardan danışıb.

 

Akademik Mamed Salmanov, institutun direktor müavini Svetlana Fərəcova və başqa çıxış edənlər Vəli Axundovu müxtəlif məsul vəzifələrdə çalışdığı uzun illər ərzində təqdirəlayiq fəaliyyət göstərən ictimai xadim, respublikada səhiyyə işinin təşkilinə töhfə verən alim kimi səciyyələndiriblər.

 

Tədbirin davamında Vəli Axundovun həyatı və ictimai-siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Alimin qızı Nigar Axundova atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

16/05/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013