Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Azərbaycandadır

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

 

Nümayəndə heyətinin üzvləri bu gün səhər saatlarında Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etmişlər, məzarları önünə əklil qoymuşlar.

 

Daha sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət etmiş, “Əbədi məşəl” kompleksinin önünə əklil qoymuşlar.

 

Daha sonra qonaqlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə gəlmişlər.

 

Səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Qonaqları səmimi salamlayan nazir ÜST-lə Azərbaycanın əlaqələrinin tarixindən danışdı. Bildirdi ki, bu münasibətlər 1992-ci ildən etibarən başlanıb və daha da inkişafı və genişləndirilməsi üçün Səhiyyə Nazirliyi kifayət qədər səy göstərmiş və buna nail olmuşdur. Nazir bildirdi ki, ölkə səhiyyəsində görülən bir çox işlər, atılan addımlar və yeniliklər daim ÜST-ün dəstəyi ilə həyata keçirilir. Nazir həmçinin Azərbaycan dövlətinin ÜST-ün bütün təşəbbüslərini dəstəklədiyini və onların həyata keçirilməsində yaxından iştirak etdiyini qeyd etdi.

 

Jujanna Yakob da öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirdi və ÜST-lə Azərbaycanın uğurlu münasibətlərindən danışaraq bu münasibətlərin gələcəkdə də genişləndirilməsi üçün bütün səylərdən istifadə edəcəklərini vurğuladı.

 

Sonda səhiyyə naziri Oqtay Şirəliyev və ÜST Avropa Regional Bürosunun direktoru Jujanna Yakab 12-15 sentyabr 2011-ci il tarixləri arasında Bakıda keçiriləcək ÜST-nin Avropa Regional Komitəsinin illik sessiyası ilə bağlı öhdəliklərin icrası və hazırlıq işlərinin görülməsi üçün əməkdaşlığa dair saziş imzaladılar.

 

Məlumat üçün qeyd edək ki, Regional Komitə çərçivəsində Azərbaycana ÜST-nın Avropa Regionu üzrə 53 Üzv Dövlətdən 300-dən artıq yüksək vəzifəli məsul səhiyyə işçiləri Azərbaycana səfər edəcəklər.

 

Onlar ümumavropa səviyyəsində yeni səhiyyə siyasətinin inkişaf etdirilməsi də daxil olmaqla, Regionda ictimai səhiyyə qarşısında duran problemlərin həlli yollarının gücləndirilməsi üçün ümumi planları müzakirə edəcəklər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

1/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013