Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İSİM Gəncə şəhərində "Sağlamlıq həftəsi" kampaniyasını keçirdi

2016-cı ilin 17-20 may tarixlərində Gəncə şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) "Sağlamlıq həftəsi" adlı kampaniya təşkil etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Tədbirlər planına əsasən həyata keçirilən kampaniya çərçivəsində 4 gün ərzində Gəncənin təhsil və tibb ocaqlarında, Gənclər Mərkəzlərində səhiyyənin aktual problemlərinə çevrilmiş mövzular ətrafında maarifləndirmə tədbirləri aparıldı.

 

İSİM-in mütəxəssisləri bu günlər ərzində Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə Dövlət Universitetində, Azərbaycan Texnologiya Universitetində, Gəncə tibb Kollecində zərərli vərdişlərin profilaktikası, sağlam həyat tərzinin təbliği, piylənmə, tütün çəkmə, narkomaniya, fiziki aktivlik, məişət zorakılığı və digər aktual problemlər ətrafında gənclər arasında görüşlər təşkil edilərək mühazirələr oxudular. Gənclər üçün təhsil mərkəzlərində, Gənclər Evində əhali arasında məişət zorakılığın mənfi tibbi-psixoloji nəticələrini izah edən, məişət zorakılığın qarşısı alınmasına yönəlmış qabaqlayıcı maarifləndirici təqdimatlar etdilər.

 

Bundan başqa İSİM-in əməkdaşları Gəncə şəhər 2 nömrəli şəhər poliklinikasında, 1,2,3 saylı Gəncə şəhər Uşaq poliklinikalarında məişət zorakılığına məruz qalmış şəxslər üçün tibb müəssisələrinin həkim-mütəxəssislərinə xüsusiləşdirilmiş təlimat üzrə təlimlər keçirdilər.

"Sağlamlıq həftəsi"nin son günü Gəncə Qan Bankında əhali, xüsusilə də, gənclərin iştirakı ilə qan vermə aksiyası baş tutdu.

Hər bir tədbirin yekununda maarifləndirmə materialları paylanıldı, mövzular ətrafında video-çarxlar izlənildi.

23/05/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..