Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri O. Şirəliyev Andorra Knyazlığında “Səhiyyə siyasəti üzrə Avropa Forumunun Birinci İclası”nda iştirak edib

Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə keçirilən bu tədbirdə qurumun Avropa Regionuna daxil olan 53 ölkəsinin nazir və digər yüksək rütbəli nümayəndələri də iştirak ediblər. Tədbirdə İsveçrə Konfederasiyasından olan nümayəndənin təklifi və digər nümayəndələrin yekdil səsi ilə həmsədrlik Azərbaycan Respublikasının səhiyyə naziri O.Şirəliyevə həvalə olundu.

 

12 panel iclasdan ibarət tədbirin gündəliyinə Avropa məkanında səhiyyənin strateji perspektivləri Sağlamlıq – 2020, sektorlar arası əlaqələr və səhiyyə proqramlarının həyata keçirilməsi,

Sağlamlıq - 2020 konsepsiyasının ayrı-ayrı ölkələrdə həyata keçirilməsi imkanları, XXI əsrdə səhiyyənin strateji idarə olunması, Sağlamlıq - 2020 konsepsiyasının hazırlanmasına üzv ölkələrin cəlb edilməsi, səhiyyə sektorunun maliyyələşdirilməsi və investisiyalar, səhiyyə proqramlarının idarə olunması, Tallin Xartiyasının müddəalarının həyata keçirilməsi, ictimai səhiyyənin inkişaf perspektivləri və əhaliyə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi, səhiyyə sisteminin fəaliyyətinin analizi - strateji idarəçilik aləti kimi, infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri üzrə Avropa Fəaliyyət planı, Qlobal iqtisadi maliyyə böhranı şəraitində səhiyyə sahəsində həmrəyliyin təmin olunması kimi məsələlər daxil edilmişdi.

 

9 mart 2011-ci il tarixdə Azərbaycan Respublikasının səhiyyə naziri həmsədrliyi qəbul edərək iclası açıq elan etdi və gündəlikdə olan məsələlər, habelə müzakirə panelləri haqqında xülasə məlumat verdi.

Forum ərəfəsində nazir O. Şirəliyev bir sıra rəsmi görüşlər də keçirmişdi. Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun direktoru Dr. Jujanna Yakab və Regional direktor müavini Hans Kluqe ilə keçirilən görüşdə müqabil tərəf Azərbaycanda səhiyyə sahəsində aparılan uğurlu islahatlardan, habelə bu islahatların aparılmasında Azərbaycan Respublikası rəhbərliyinin siyasi və maliyyə dəstəyi dəfələrlə vurğulandı. Bu tədbir ərəfəsində Bakıda rəsmi səfərdə olan Regional Direktor ÜST Avropa Regional Komitəsinin 61-ci sessiyasının keçirilməsində aparılan təşkilati məsələləri təqdir etdi və sessiyanın uğurla keçəcəyinə öz əminliyini bildirdi.

 

Bundan əlavə, nazir O.Şirəliyev Andorra Knyazlığının səhiyyə, sosial təminat və əmək naziri xanım Silviya Bonet Perot ilə görüş keçirildi. Görüşdə səhiyyə sistemlərinin təkmilləşdirilməsi, səhiyyə siyasəti sahəsində, eləcə də ölkələrimizin ÜST Avropa Regionu Daimi Komitəsində əməkdaşlığı müzakirə edildi.

 

Azərbaycan tərəfi ÜST Katibliyi, Polşa, İtaliya, Belarus, Ukrayna və Türkmənistan Səhiyyə rəsmiləri ilə işçi görüşlər keçirmişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

15/03/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013